Can verən nəhəngin son nəriltisi, yaxud tarixin təkəri altında qalanlar - ARAŞDIRMA
18 avqust 2011 17:16 (UTC +04:00)

Can verən nəhəngin son nəriltisi, yaxud tarixin təkəri altında qalanlar - ARAŞDIRMA

Sovet adamları hər şeydən xəbərdar idilər: Qorbaçovun dədə Buşla xosunlaşmasından, «nəhəng yeddiliyin» görüşlərindən tutmuş Kreml «stolova»larında parıldayan çəngəl-qaşıqların ucuz alüminium «alət»lərlə əvəz olunmasına qədər hər şeydən… Və hamı bilirdi ki, kəlləsinin ortasında Amerikanın xəritəsi olan bu adam 70 illik SSRİ-nin anasını ağlatmaq üzrədir, daha bir şey qalmayıb…

Son ümid – «QKÇP»

Prezident Qorbaçov Tiflisi və Bakını qana boyadıqdan sonra elə bil sakitləşmişdi. «Üsyankar» Yeltsinin əlində əsir-yesir qalan Mixail Sergeyeviçin ən mağmın müttəfiq respublikaların prezidentləri qədər səlahiyyətləri qalmamışdı. Və belə bir anda – Amerikanın xeyir-duası ilə 1991-ci il avqustun 20-si yeni İttifaq Müqaviləsinin imzalanmasına iki gün qalmış gözlənilməz bir hadisə baş verdi: Qorbaçovun ən yaxın adamları, SSRİ-nin ən yüksək mövqeli məmurları Fövqəladə Vəziyyət Üzrə Dövlət Komitəsi (FVDK – ruscası QKÇP) yaradaraq, xalqa müraciət elədilər. Hal-qəziyyədən daha ətraflı səhər – avqustun 19-u xəbər tutan bizim sadə camaat danışırdı ki, «QKÇP»nin adı gələn kimi Sumqayıtın bütün dükanlarında piştaxta altındakı mallar tez-tələsik üzə çıxarılıb, vitrinlərə qoyulub, bütün idarələrə, müəssisələrə göstəriş verilib ki, daha zırramalıq dövrü bitdi, «sağa-sola bir addım - güllələnmədir». Deyirəm, yəqin ki, təkcə Sumqayıtda deyil, bütün ölkədə bu cür hallar olub… Vallah, mənim SSRİ-nin saxlanması barədə referendumun nəticələrinə haram qatılmasıyla bağlı fikirlərlə işim yoxdu, ancaq etiraf olunmalıdı ki, sadə Sovet vətəndaşları Qorbaçovun boşboğazlığından, vaxtilə qılıncının dalı-qabağı ilə qabağına keçəni kəsib-doğrayan partiya aparatının kütlüyündən, nizamsızlıqdan, iğtişaşlardan, xaosdan boğaza yığılmışdılar. Ona görə də, mənə elə gəlir, siyasət meydanlarına üz tutmayan milyonlarla zəhmətkeş üçün «QKÇP» son ümid yeriydi. Bu baxımdan, «Fövqəladə Komitə»ni Azərbaycanın o vaxtkı siyasi hakimiyyəti özünün siyasi iddiaları, yaxud bizim bilmədiyimiz mətləblərə görə dəstəkləmişdisə, nəyə görə sadə kütlələr də «nəhayət, bu həngamələrin qarşısı alınacaq» istəyi ilə ən azından bu quruma ümidlə baxmayaydılar? Axı, komitə üzvlərinin imzalayıb yaydıqları bəyanatda «Qorbaçov yenidənqurması»nın ölkəyə gətirdiyi bəlaların hamısı birbəbir sadalanır, onların həll olunacağına dair vəd verilir, xüsusən millətlərarası münaqişələrin, qanunsuzluğun, intizamsızlığın qarşısının tezliklə alınacağı bildirilirdi…
Beləliklə, mövcudiyyəti üçün son çabalarda bulunan nəhəng Sovetlər Birliyində dövlətin saxlanması naminə yeni bir qurumun yarandığı elan edilir. Düzdü, uğursuzluqdan dərhal sonra, ən azından, məşhur «cinayətimiz - məğlubiyyətimizdir» kəlamının məntiqinə uyğun olaraq bu hadisələrə «Dövlət çevrilişi» adı verildi və verilməliydi də. Ancaq bir mühüm məqam unudulmamalıdır ki, «QKÇP»nin başında prezidentdən sonra SSRİ-nin ikinci, üçüncü, dördüncü rəhbərləri dururdular…
Onları bir daha xatırlayaq:
1. Yanayev Gennadiy İvanoviç – SSRİ-nin vitse-prezidenti;
2. Kryüçkov Vladimir Aleksandroviç – SSRİ DTK-sının sədri;
3. Puqo Boris Karloviç – SSRİ Daxili İşlər Naziri;
4. Yazov Dmitriy Timofeyeviç – SSRİ Müdafiə Naziri;
5. Pavlov Valentin Sergeyeviç – SSRİ-nin Baş Naziri;
6. Baklanov Oleq Dmitriyeviç - SSRİ Müdafiə Şurası sədrinin müavini;
7. Tizyakov Aleksandr İvanoviç - Dövlət Müəssisələrinin və Birləşmiş Sənaye Assosiasiyasının Prezidenti;
8. Starodubçev Vasiliy Aleksandroviç - Aqrar Sənayenin rəhbəri.

Məğlub səkkizlik…
«Mən hesab edirəm, yoldaş Yanayev bacaracaq… Mən ona inanıram…». Hə, Mixail Sergeyeviç 1990-cı ilin sonunda yoldaş Yanayevi düz 3 cəhddən sonra ölkənin vitse-prezidenti postuna yamaya bilmişdi. İnanın, həmin səhnə indi də gözlərimin qabağındadı. Deputatlar rədd edirlər, prezident təzədən təkid eləyir, deputatlar yenə imtina edirlər, prezident az qala yalvaracaq qədər «o bacaracaq» deyir. Guya, bundan bacarıqlısı, bundan yaxşısı yoxuymuş. Mən indi də Qorbaçovun nəyə görə kreslonun bir küncündə bürüşüb yazıqcasına baş verənləri seyr eləyən Gennadiy Yanayevi bu qədər dəstəkləməsini anlamıram. Özü isə bunu belə izah edirdi ki, «rəhbərliyi cəmiyyətdə avtoritet sahibi olanlarla zənginləşdirmək istəyir». Ancaq həmin vaxta qədər Yanayevin hansı avtoritet sahibi olduğunu ali rəhbərlik bilsə də, ölkənin 99 faizi bilmirdi. Yalnız müzakirələrdən sonra deputatlardan birinin «sağlamlığınız bu vəzifənin öhdəsindən gəlməyə imkan verəcəkmi, ümumiyyətlə, sağlıq durumunuz necədir» sualına Gennadiy Yanayev «arvadım şikayət eləmir» kimi cavab verir və hamı bilir ki, gələcək vitse-prezidentin yumor hissi var, vəssalam…
Bu adamın siyasi karyerası elə də zəngin və necə deyərlər, keşməkeşli deyil. Hüquq üzrə qiyabi təhsil almışdı, tarix elmləri namizədiydi, çoxları kimi komsomol işindən partiyaya adlamışdı, əsasən də xarici əlaqələr sahəsində çalışmışdı. SSRİ xalq deputatlarının 4-cü qurultayında Yanayev kommunist fraksiyasının rəhbəriydi. Özü də həmişə kommunistliyi ilə fəxr edirdi. Məsələn, sonradan – 1991-ci ilin 18 avqustunda «QKÇP»ləylə bağlı mətbuat konfransında deyəcəkdi: «Mən Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsində olmağımla fəxr edirəm».
Ancaq Gennadiy İvanoviç həm məşhur mətbuat konfransında, həm də «QKÇP» sədri olduğu iki gün yarımda elə də bacarıqlı və qətiyyətli rəhbər olmadığını nümayiş etdirdi. Bütün Sovet adamlarının yadında martın 18-dəki mətbuat konfransında onun danışdıqlarından daha çox əsən əlləri qaldı... Yoldaş Yanayev təqaüdçü kimi həyatının sonuna yaxın bir sıra ictimai işlərlə başını qatdı, 2010-cu ilin sentyabr ayında ağciyər xərçəngindən dünyasını dəyişdi…
...Adətən, ölkənin ali rəhbərliyinin qoşulduğu belə qlobal tədbirlər, yaxud verilmiş adıyla adlandırsaq, «çevrilişlər», dövlətin xüsusi xidmət orqanının xəbəri olmadan baş tutmur. Bu dəfə də istisna deyildi. SSRİ-ni bərpa eləmək istəyənlər arasında nəhəng DTK imperiyasının rəhbəri Vladimir Kryüçkov da vardı. DTK sədri postunu Qorbaçovdan alan Kryüçkov fəaliyyəti dövründə həmişə ölkədə nizam-intizamın, qanunçuluğun gücləndirilməsinin zəruriliyindən danışardı. Məsələn, 20 yanvarda Bakıya qoşun yeridilməsində onun da rolu olub. Məğlubiyyətdən sonra o da digər həmfikirləri kimi həbs edildi və əfvdən sonra fəaliyyətini əsasən mediada davam etdirdi. «Arqumentı və faktı» qəzetinin yazdığına görə, sonralar Moskva Hökumətinin hansısa strukturu ilə sıx əməkdaşlıq edirmiş. Sabiq DTK şefinin 1993-cü ilə «Şəxsi iş» adlı memuarı işıq üzü gördü. Vladimir Kryüçkov 2007-ci ildə uzun sürən xəstəlikdən sonra 84 yaşında vəfat elədi.
«QKÇP» əməliyyatı qurbansız da ötüşmədi. Avqust çevrilişinin daha bir iştirakçısı - SSRİ-nin Daxili İşlər Naziri Boris Puqo məğlubiyyətdən sonra iş kabinetində onu həbs eləməyə gələn dəstəyə aman vermədən özünü vurmağı üstün tutdu. Yoldaş Puqonun bu məsələdə səmimiliyi heç kimdə şübhə doğurmur. Hələ çevrilişə qədər SSRİ Ali Sovetinin demək olar ki, bütün sessiyalarında Daxili İşlər Naziri ölkə ərazisində fövqəladə vəziyyətin elan olunmasını tələb edirdi. Onun bu tələbinə sonradan «QKÇP»nin üzvü olacaq Müdafiə Naziri Yazov da həmişə dəstək verirdi ki, onun adı Azərbaycanda daha çox 1990-cı ilin 20 yanvar hadisələriylə bağlı yada salınır. Həqiqətən, Dmitri Yazov bu qanlı faciənin törədilməsində əlahiddə məsuliyyət daşıyır. Xatırladaq ki, sonralar məlum olaylarla bağlı danışan marşal öz poqonundan utanmadan demişdi ki, guya Bakıda orduya qarşı ciddi silahlı müqavimət olub, həmçinin Şəhidlər Xiyabanında vur-tut 49 adam basdırılıb... Bax, bu adam da «QKÇP»nin üzvüydü və çevrilişin məğlubiyyətlə başa çatdığını anlayanda yoldaşlarını Moskvada qoyub, guya «tonqalları görən kimi atlandıq» harayı ilə Forosa Qorbaçovun yanına getmişdi. Ancaq bu reverans ona kömək etmədi və vəzifəsindən azad edilib həbsxanaya göndərildi. Yaddan çıxmamış onu deyək ki, yoldaş Yazov həbs olunduqdan sonra «Matrosskaya tişina»dan prezidentə «məni – bu qoca axmağı əfv etməyinizi sizdən xahiş edirəm...» kimi şərəfsiz «zibilyedimlərlə» dolu məktub göndərmişdi. Yeltsin digər «QKÇP»çilər kimi onu da 1994-cü ildə əfv elədi…
Növbəti qəhrəmanımız bütün Sovetlər Birliyində 1990-cı ildə baş tutmuş pul dəyişilmələri ilə yəqin ki, milyonların söyüşünü qazanıb. Bəli, Valentin Sergeyeviç Pavlov SSRİ-nin baş naziri olan kimi efirə çıxıb söz verdi ki, pullar dəyişilməyəcək. Ancaq bu vəddən bir neçə gün keçmişdi ki, bütün SSRİ-də əlliliklərin və yüzlüklərin dəyişildiyi elan olundu. Onu da qeyd edək ki, yoldaş Pavlov da digər «QKÇP»çilər kimi müxtəlif vaxtlarda bir sıra iqtisadi islahatlar təklif etmiş, ancaq heç biri qəbul edilməmişdi.
Həbsdən çıxdıqdan sonra Valentin Sergeyeviç müxtəlif özəl banklarda və şirkətlərdə çalışdı, 2003-cü il martın 30-da uzun sürən xəstəlikdən sonra vəfat elədi.
Növbəti qiyamçı hələ 1991-ci ilin mayında SSRİ Ali Sovetinin sessiyasında heç kimdən və heç nədən çəkinmədən məsələ qaldırmışdı ki, yenidənqurmadan sonra səlahiyyətlər orduya keçməlidir. Bu adam SSRİ Müdafiə Şurası sədrinin müavini, birbaşa ölkənin müdafiə-sənayesinə kuratorluq eləyən Oleq Baklanov idi. Sosialist Əməyi Qəhrəmanı, Lenin mükafatçısı, altı ordeni, xeyli sayda medalları olan Oleq Dmitriyeviç «Matrosskaya tişina»dan çıxdıqdan sonra «Rusiya-Ukrayna xalqlarının dostluğu və əməkdaşlığı Cəmiyyəti»nin sədri, ardından müdafiə sənayesi şirkətlərinin məsləhətçisi kimi fəaliyyət göstərdi. Hazırda iqtisadi sahədə çalışır, bir sıra fondlarla əməkdaşlıq edir.
…Növbəti məmur Qorbaçova gələcəkdə ölkəni gözləyən fəlakətlərlə bağlı hesabat təqdim eləyəndə Prezident demişdi: «Məni qorxutmaq istəyirsiniz? Alınmaz!» Deyirlər, Dövlət Müəssisələrinin və Birləşmiş Sənaye Assosiasiyasının Prezidenti Aleksandr Tizyakov bu və digər təklifləri ölkə rəhbəri tərəfindən qulaqardına vurulduğu üçün qiyamçılar tərəfə keçibmiş. Zarafat deyildi, Tizyakov müasirləri tərəfindən «çox az sayda bolşeviklərdən biri» kimi xarakterizə olunur. İkinci Dünya Müharibəsinin veteranı, döyüşlərdə fərqləndiyinə görə bir sıra orden-medallarla təltif olunan Tizyakov idarəetmədə sərtliyin tərəfdarıydı və əgər çevriliş baş tutsaydı, SSRİ-nin Baş naziri postunu tutmalıydı. Ancaq bu, Saşaya qismət olmadı, yolu digər həmfikirləri kimi «Matrosskaya tişina»dan keçdi. Əfvdən sonra Yekaterinburqda məskunlaşdı, Kalinin adına maşınqayırma zavoduna rəhbərlik elədi. «Çox az sayda bolşeviklərdən biri» «Vətənpərvərlər Birliyi» milli blokunun liderlərindən biri olaraq siyasi fəaliyyətə də vaxt tapdı…
…Həyatını kənd təsərrüfatına həsr eləyən Aqrar Sənayenin rəhbəri Vasiliy Starodubçevin məşğul olduğu sahə üzrə Qorbaçovun yürütdüyü siyasətdən narazı kimi qiyamçılara qoşulması təbii idi. 1992-ci ildə – hamıdan tez yaşayış yerini tərk eləməmək şərtiylə azadlığa çıxan Vasiliy sonradan siyasətdə uğur qazana bilir və 1997-ci, 2001-ci illərdə Tula vilayətinin qubernatoru seçilir.

Axromeevin zabit şərəfi…

«QKÇP» yalnız qiyamçılara deyil, onlara dəstək verənlərə də baha başa oturdu. Müdafiə Naziri Yazovdan fərqli olaraq zabit şərəfini ölümdən üstün tutan, qiyamçılara yalnız mənəvi dəstək verən Baş Qərargah rəisi marşal Sergey Axromeev də Puqo kimi özünü kabinetində vurdu. Müdafiə Nazirinin müavini, Ordu generalı Valentin Varennikov isə qiyamçılarla işbirliyi ittihamı ilə həbs edilsə də, 1994-cü ildəki əfvlə razılaşmayaraq haqqını tələb elədi və məhkəmədən bəraət almağa nail oldu.
Maraqlıdır ki, «QKÇP»çilərlə döyüşənlərin taleləri bir-birlərindən xeyli fərqli oldu. Yeltsinin və məşhur general Lebedin məsələsi aydındır. O vaxtı Rusiya ilə birlikdə qiyamçılara qarşı çıxan Gennadiy Burbulis sonradan siyasətdə qaldı, Aleksandr Rutskoy isə bir neçə il sonra Yeltsinə qarşı müxalifətə keçdi, özü 1993-cü ildə qiyam qaldırdı, «Matrosskaya tişina»da «yatıb» qubernatorluğa qədər yüksəldi. Qiyamdan sonra canı-dildən Yeltsini dəstəkləyən hava desantlarının komandanı Pavel Qraçov Müdafiə Naziri vəzifəsinə qədər qalxa bilsə də, 1996-cı ildən xırda-para mövqelərdə başını girləyir…

Kül o dövlətin də başına ki…

18 avqust çevrilişi yəqin ki, SSRİ-nin 70 illik tarixində, həm qiyamçıların mövqelərinə, həm də məzmununa, mahiyyətinə görə yeganə olaydır. Bu gün «görəsən, «QKÇP» qalib gəlsəydi, nə baş verərdi» kimi ənənəvi suallar qoyub ona cavab axtarmaq bizi heç hara çıxarmaz. Çünki sirr deyil ki, SSRİ onsuz da dağılırdı və yuxarıda dediyimiz kimi, Qorbaçevin «Nüvə düyməsi»ndən savayı heç nəyi qalmamışdı. Ancaq indinin özündə də Rusiya mətbuatında bu çevrilişin birbaşa Qorbaçov tərəfindən planlaşdırıldığı barədə fikirlər səslənir. Həqiqətən, bir dövlətdə ölkənin ikinci adamının, baş nazirinin, müdafiə, təhlükəsizlik və hüquq-mühafizə strukturlarının rəhbərlərinin iştirakı, yerdə qalanlarının isə mənəvi dəstəyi ilə çevriliş baş verir, ancaq qarşısı alınırsa, deməli, üzr istəyirəm, kül o dövlətin də başına, o rəhbərliyin də, o strukturların da. Yəni, bu dövlətin artıq yalnız adı qalıb, sadəcə həmin sadə həqiqəti bütün dünyaya nümayiş etdirmək lazımdır. Bəlkə, «QKÇP»nin missiyası heç SSRİ-ni bərpa eləmək yox, elə bundan ibarətiymiş? Ən azından, razılaşaq ki, at ağızlı dövlət məmurlarının əl qoyduğu bir iş bu cür biabırçılıqla sonuclanmamalıydı…

Nəsə, ötdü-keçdi. Necə deyərlər, xeyirlisi… Bu ötən 20 il göstərdi ki, istəyir SSRİ kimi nəhəng bir ölkənin vətəndaşı ol, istəyir ərazisi o miqyasdan xeyli kiçik olan müstəqil respublikanın, bütün hallarda vətəndaşın olduğun dövlətin taleyini öz taleyinə çevirməyi bacarmalısan. Bunu bacaranda həm özünü, həm yaxınlarını, həm mənsub olduğun xalqı, həm də dövlətini qoruya bilirsən. Bu adamlar da bəyanatları ilə həmin missiyanın daşıyıcısı olduqlarını elan eləmişdilər. Bacardılar, ya bacarmadılar, bu artıq başqa söhbətin mövzusudur. Ən əsası cəhddir: öz taleyini dövlətin taleyi ilə birləşdirmək cəhdi…

İlham Tumas
ilham_tumas@mail.ru
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 721

Oxşar yazılar