Hidayət Heydərov kimdir?  – Məğlubiyyəti qəbul etməyən, ən çılğın cüdoçu
30 iyul 2024 14:06 (UTC +04:00)

Hidayət Heydərov kimdir? – Məğlubiyyəti qəbul etməyən, ən çılğın cüdoçu

Lent.az “Bioqrafiya” rubrikasında  "Paris-2024" XXXIII Yay Olimpiya Oyunlarında fransalı rəqibinə qalib gələrək qızıl medal qazanmış Azərbaycan cüdoçusu Hidayət Heydərov haqqında məlumat verir. Hidayət Heydərov bu il həm Avropa, həm dünya, həm də Olimpiya çempionu adını qazanmaqla Azərbaycan idmanının tarixinə düşüb.

-    Hidayət Heydərov harada və nə zaman anadan olub?

Hidayət Heydərov 27 iyul 1997-ci ildə Qazaxıstan Respublikasının Karaqanda şəhərində dünyaya gəlib. Onun ailəsi əslən Göyçayın Alxasava kəndindəndir. Hidayət 3 yaşında olarkən ailəsi Bakıya köçüb. 

-  Hidayət Heydərov nə zamandan idmanla məşğuldur?

Atası Hidayət 6 yaşında olarkən, dostlarının da məsləhətilə onu Neftçilər metrostansiyasının yaxınlığına yerləşən cüdo məktəbinə yazdırıb. Atası bu yolla oğlunun daha dayanıqlı olmasını, hücumlardan özünü qorumasını istəyirdi. Hidayətin ilk müəllimi Tərlan Həsənov olub. O, hələ də ilk məşqçisiylə çalışır. Millidə məşqçisi isə Mehman Əzizovdur.


-  Hidayət Heydərov ilk uğurunu nə zaman qazanıb?

2012-ci ildə kadetlər arasında Azərbaycan çempionatında bürünc medal qazanıb. 2013-cü ildə kadetlər arasında Avropa və böyüklər arasında Azərbaycan çempionu olub.
2015-ci ildə BƏƏ-nin Əbu-Dabi şəhərində gənc cüdoçular arasında keçirilən dünya çempionatında yalnız bir görüşdə məğlub olaraq bürünc medal qazanıb. 2015-ci ilin noyabr ayında Slovakiyanın Bratislava şəhərində keçirilən 23 yaşadək cüdoçular arasında Avropa birinciliyində bürünc medal qazanıb. 
Hidayət Heydərov 2016-cı ildə İspaniyanın Malaqa şəhərində gənclər arasında təşkil olunan cüdo üzrə Avropa birinciliyində Avropa çempionu tituluna yiyələnib. Hidayət eyni ilin noyabr ayında İsrailin paytaxtı Təl-Əviv şəhərində təşkil olunmuş 23 yaşadək cüdoçular arasında Avropa birinciliyində Avropa çempionu olub.
2017-ci ildə Polşanın paytaxtı Varşava şəhərində keçirilən Avropa çempionatında qızıl medala yiyələnib.
2018-ci ildə İsrailin paytaxtı Təl-Əvivdə baş tutan Avropa çempionatında 2-ci yeri tutan Heydərov, həmin il Azərbaycan paytaxtı Bakının tarixdə ilk dəfə ev sahibliyi dünya çempionatında bürünc medal qazanıb.
2019-cu ildə Minsk-2019 II Avropa Oyunlarında və Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında bürünc medal, İtaliyanın Napoli şəhərində keçirilən Yay Universiadasında isə gümüş medal qazanıb.
Sonradan 81 kiloqram çəki dərəcəsində mübarizə aparmağa başlayan Hidayət, bir sıra yarışlarda qüvvəsini sınayıb.
İki aradan sonra o, yenidən 73 kiloqram çəki dərəcəsinə qayıdıb. 2021-ci ilin iyun ayında Budapeştdə (Macarıstan) keçirilən dünya çempionatında 5-ci yeri tutur.
Həmin il 23 iyul-8 avqustda Tokioda təşkil olunan XXXII Yay Olimpiya Oyunlarına lisenziya qazansa da, federasiya rəhbərliyi reytinq siyahısında daha yuxarıda olan, 2017 və 2019-cu illərdə dünya çempionatının gümüş mükafatçısı olmuş Rüstəm Orucovun Olimpiadada iştirakını məqbul sayır. Nəticədə, Orucov Olimpiadanı 5-ci sırada tamamlayıb.

-  Hidayət Orucov Olimpia oyunlarında iştirakı necə qiymətləndirir?

"Olimpiadanı ilk dəfə yaxından izləyəndə fərqli duyğular yaşamışdım. Hamı çox böyüdürdü ki, Olimpiya Oyunlarının ab-havası başqa olur. Gördüm ki, adi bir yarışdır. Sadəcə, həmin gün hamıdan güclü olmaq lazımdır. Bəli, düşündüm ki, Olimpiadada güləşsəydim, medalçılar arasında olacaqdım. Gümüş medal qazanan gürcüstanlı Laşa Şavdatuaşvilini sonuncu dəfə 1 dəqiqə ərzində udmuşdum. Bürünc medal qazanan monqolustanlı idmançını iki dəfə məğlub etmişəm. Olimpiya çempionu Şohey Ono ilə buna qədər yalnız bir dəfə qarşı-qarşıya gəlmişəm. Uduzsam da, qələbə ona asan başa gəlməyib". O bu müsahibəni bir öncəki Olimpiya yarışlarını kənardan izlədikdən sonra vermişdi.

-  Hidayət Heydərov dünya çempionu olub?

2017-ci ildən bu yana qatıldığı 6 dünya çempionatının hamısında mükafatlar uğrunda həlledici görüşə kimi irəliləyən, bunun üçündə bürünc mükafat qazanan Hidayət, yeddinci cəhdində çoxdan arzuladığı dünya çempionu tituluna sahib çıxıb.
İdmançının dramatik görüşdən sonra olduqca emosional halları — hayqırtı və gözyaşları da onun bu çempionluğu nə qədər çox istədiyini, uğrunda çəkdiyi əziyyətləri bütün gerçəkliyi ilə hamının gözləri önünə sərdi.
Beynəlxalq Cüdo Federasiyasına (IJF) müsahibə verən Heydərov çempionluğunu belə şərh edir:
"Hələ şokundan ayıla bilmirəm ki, mən dünya çempionuyam. Həm Avropa, həm dünya çempionuyam. Düzdür, çempionluğu gözləyirdim. Dünya çempionatlarında hər dəfə yarımfinal görüşlərində uduzurdum. Finala çıxanda gözlərim doldu, finalda isə artıq özümü saxlaya bilmədim. Dəhşətli hisslərdir, sözlə ifadə edə bilmirəm. Əbu-Dabiyə gələndə çempionluğu fikirləşirdim, düşünürdüm, nəyin bahasına olur-olsun çempion olmalıyam. Yıxılanda da elə hiss edirdim yıxılmamışam, durub atmalıyam. Elə də oldu. Belə final gözləyirdim. Finalda yaponiyalı idmançını məğlub etməklə dünya çempionu olmaq istəyirdim. O fəndi həmişə kritik anlarda istifadə edirəm. Bilirdim ki, o fəndi atacağam. Bu tarixi tək mən yazmadım. Mənim arxamda duran Elnur Məmmədli də sağ olsun ki, həmişə buna inandı. Həmişə mənə dedi ki, sən dünya çempionu olacaqsan. Mən Dohadakı dünya çempionatında uduzandan sonra ağlayanda o gəldi mənə dəstək oldu. Dedi ki, biz birlikdə dünya çempionu olacağıq. Finalı udandan sonra mən ağlaya-ağlaya ona yaxınlaşıb dedim ki, biz dünya çempionu olduq. O isə dedi ki, biz bunu bacardıq. Mən bu yola çıxanda demişəm ki, həm olimpiya, həm dünya, həm Avropa çempionu olub Azərbaycan cüdo tarixinə 1 nömrə kimi düşəcəyəm. Qaldı olimpiya çempionluğu".

- Hidayət Heydərov neçə dəfə tatamidən qalib kimi çıxıb?

Hidayət Heydərov beynəlxalq karyerası ərzində 38 finalın 36-da tatamini qalib tərk edib. Hidayət bu vaxta qədər Beynəlxalq Cüdo Federasiyasının Dünya Turu (Masters, Böyük Dəbilqə və Qran-Pri) seriyasından olan turnirlərdə ümumilikdə 16 mükafat qazanıb. Onlardan 9-u qızıl, 7-si bürüncdür. Başqa sözlə, o bu yarışların finalında heç vaxt rəqibinə məğlub olmayıb. 

- Hidayət Heydərov subaydır?

 Xeyr. 2019-cu ildə Leyla adlı xanımla ailə qurub.

- Hidayət Heydərovun bacı-qardaşları var?

Onun iki bacısı var.

- Hidayət Heydərov hansı xüsusiyyətləri ilə tanınır?

Çox çılğın olması, demək olar ki, hər qələbəsindən sonra ağlaması ilə yadda qalıb. Məşqçisi, dünya çempionu Elnur Məmmədli deyir ki, onda olan enerjinin, çılğınlığın yarısı məndə olsa 3 dəfə Olimpia çempionu olardım. Hər güləşçi 7-8 dəqiqədən sonra yorulduğu halda o dayanmadan 25 dəqiqə eyni templə mübarizə apara bilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8973
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar