Dağ mənzərələri ilə tanınan Lesotoda yüksəklik təkcə gözəllik deyil, həm də gündəlik çətinliklər deməkdir. Sərt relyef insanların məktəblərə, xəstəxanalara, bazarlara və hətta suya çıxışını çətinləşdirir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Lesoto bütün ərazisi dəniz səviyyəsindən 1000 metrdən yüksəklikdə yerləşən dünyada yeganə müstəqil dövlətdir.
Hər tərəfdən Cənubi Afrika Respublikasının ərazisi ilə əhatələnən Lesotonun sahəsinin 80 faizindən çoxu 1800 metrdən yüksəklikdə yerləşir. Ölkənin ən yüksək zirvəsi olan Tabana-Ntlenyana dağının hündürlüyü isə 3482 metrə çatır.
Məktəbə və xəstəxanaya gedən çətin yollar
Lesotonun relyefi dərin dərələrdən, yaylalardan və dik yamaclardan ibarətdir. Buna görə dağlıq ərazilərdə məktəbə, tibb məntəqəsinə və ya bazara aparan qısa yol belə xeyli vaxt tələb edə bilər.
Qışda şaxta və qar, yayda isə güclü leysanlar insanların hərəkətini çətinləşdirir. Yağışlar bəzi əraziləri su altında qoyur, yolları dağıdır və kəndlər arasında əlaqəni kəsir.
Dağlarda insanlar nə ilə dolanırlar?
Dik yamaclar əkinə yararlı torpaqların sahəsini məhdudlaşdırır. Buna baxmayaraq, yerli sakinlər qarğıdalı, sorqo və buğda yetişdirir, qoyun və keçi saxlayırlar.
Keçiçilik ölkəyə dünya miqyasında tanınmaq imkanı verib. Belə ki, 2022-ci ildə dünyada istehsal olunan tiftikin təxminən 16 faizi Lesotonun payına düşüb. Ölkə bu göstəriciyə görə yalnız Cənubi Afrika Respublikasından geri qalıb.
Kənd təsərrüfatı çoxsaylı kənd ailələrinin dolanışığını təmin etsə də, ölkənin ümumi daxili məhsulunun cəmi təxminən 6 faizini təşkil edir. Məhsuldarlığın hava şəraitindən ciddi asılılığı isə ailələrin ərzaq təminatını qeyri-sabit edir.
Yağışdan sonra keçilməz olan yollar
Lesotonun dağlıq bölgələrində məsafənin qısa olması səfərin asan keçəcəyi demək deyil. Dik yamaclar, çaylar və zəif inkişaf etmiş yol şəbəkəsi mağazalara, məktəblərə və xəstəxanalara gediş-gəlişi çətinləşdirir.
Yağış mövsümündə bəzi yollar keçilməz olur, məcrasından çıxan çaylar kəndləri bir-birindən ayırır. Dünya Bankının Tsuinyane çayı yaxınlığındakı icmalarla bağlı məlumatlarında suyun səviyyəsinin yüksəlməsi səbəbindən sakinlərin hətta gündəlik işləri üçün hərəkət edə bilmədiyi qeyd olunub.
Su satan ölkədə evlər susuz qalır
Dağları regionun su ehtiyatlarının formalaşmasında mühüm rol oynadığı üçün Lesotonu bəzən “Cənubi Afrikanın su qülləsi” adlandırırlar. Ölkə Lesoto Yüksək Dağlıq Ərazilərin Su Layihəsi çərçivəsində Cənubi Afrika Respublikasına su sataraq gəlir əldə edir.
Lakin zəngin su ehtiyatları hər evin su ilə təmin olunması demək deyil. Mürəkkəb relyef və kəndlərin bir-birindən uzaqda yerləşməsi dağlıq ərazilərdə evlərə su xəttinin çəkilməsini olduqca bahalı edir. Quraqlıq və güclü leysanlar da əlavə problemlər yaradır.
Ucqar kəndlərdə yoxsulluq daha dərindir
Dağ kəndlərinin sakinləri üçün təkcə xidmətlərdən yararlanmaq deyil, yetişdirdikləri məhsulu satmaq da çətindir. Dünya Bankının qiymətləndirməsinə görə, şəhərlərlə zəif nəqliyyat əlaqəsi fermerlərin bazarlara çıxışını məhdudlaşdırır. Yüksək daşınma xərcləri isə ən çox ucqar ərazilərdə yaşayanlara təsir edir.
2016-cı il əhalinin siyahıyaalınmasına əsasən, ölkə sakinlərinin təxminən üçdə ikisi kəndlərdə yaşayırdı. 2017-ci ildə isə kənd tipli dağlıq ərazilərdə əhalinin 67,8 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayırdı.