Arvadını küçədə güllələyib öldürmüşdü,  məhkəməsi başlayır
04 noyabr 2026 12:51 (UTC +04:00)

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

0

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş həyat yoldaşını küçədə güllələyərək, qətlə yetirməkdə təqsirləndirilən Zaur Qəhrəmanovun cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə tərkibi anket məlumatlarını dəqiqləşdirib, təqsirləndirilən şəxsə onun hüquq və vəzifələri izah edilib.

Qısa müşavirədən sonra məhkəmə baxış iclasının 18 noyabra təyin olunmasına qərar verilib.

Xatırladaq ki, hadisə bu il iyulun 9-da Nəsimi rayonu, Mircəlal küçəsi, 2a ünvanında baş verib.

Məlumata görə, Zaur Qəhrəmanov bir müddət əvvəl həyat yoldaşı Amalya Qəhrəmanovadan boşanıb və onların azyaşlı övladı qadında qalıb. Zaur Qəhrəmanov övladını özü ilə aparmaq istəyib. Lakin qadın buna etiraz edib. O, buna görə Amalya Qəhrəmanova ilə mübahisə edib.

Həmin gün Zaur Qəhrəmanov ov tüfəngini götürərək BMW markalı avtomobili ilə Amalyanın iş yerinin qarşısına gəlib və uşağı görmək istədiyini deyib. Həmin vaxt Amalya uşaqla birlikdə aptekdə olub. O, uşağı atasına göstərsə də, aparmasına icazə verməyib.

Zaur Amalyadan uşağı maşına gətirməyi xahiş edib. Bildirib ki, o, uşaqla avtomobildə görüşmək istəyir. Amalya da onunla razılaşıb və uşağı avtomobilə atasının yanına gətirib. Zaur uşağı avtomobilə əyləşdirəndən sonra oradan uzaqlaşmaq istəyib. Lakin Amalya uşağı ondan alıb işlədiyi aptekə qaçıb.

Zaur Qəhrəmanov isə avtomobilində olan ov tüfəngini götürərək aptekə tərəf gedib. Amalya uşağı aptekə qoyub, özü isə qaçmağa cəhd edib. Zaur onu yaxalayaraq ov tüfəngi ilə qətlə yetirib.

Faktla bağlı cinayət işi başlanılıb, Zaur Qəhrəmanov Cinayət Məcəlləsinin 120.2.2 (Qəsdən adam öldürmə - Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4 (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 133.2.4 (İki və ya daha çox şəxsə qarşı əzab vermə), 133.2.6 (Xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə işgəncələr verməklə əzab vermə), 221.3 (Xuliqanlıq, silahdan və ya silah kimi istifadə olunan əşyalardan istifadə edilməklə törədildikdə), 228.1 (Qanunsuz olaraq odlu silah saxlamaq) və 229.1-ci (Qanunsuz olaraq odlu silah hazırlama və ya təmir etmə) maddələri ilə məsuliyyətə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 178

Oxşar yazılar