Bakıda hündürmərtəbəli binada yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a bildirilib ki, hadisə Nərimanov rayonu, Əliyar Əliyev küçəsində baş verib.
“112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının şaxtasında elektrik naqillərində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.
Yanğın nəticəsində binanın şaxtasında elektrik naqilləri və zirzəmi hissəsində elektrik lövhəsi yanıb.

