Uşaqlarda  xərçəngi   necə aşkar etmək olar? - Gizli əlamətləri
04 noyabr 2026 13:32 (UTC +04:00)

Uşaqlarda xərçəngi necə aşkar etmək olar? - Gizli əlamətləri

0

Valideynlərin uşaqlarının səhhətində baş verən ümumi dəyişikliklərə diqqət yetirməsi vacibdir. Çünki bəzi ciddi xəstəliklərin ilkin əlamətləri adi yorğunluq və ya mövsümi narahatlıqlarla qarışdırıla bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, uşaqlarda onkoloji xəstəliklərin ilk əlamətləri çox vaxt adi yorğunluq, aktiv oyunların nəticələri və ya zərərsiz mövsümi xəstəliklər kimi özünü göstərir. Əlamətlərin bir-birinə bənzəməsi səbəbindən valideynlər bəzən təhlükəni vaxtında müəyyən etməkdə çətinlik çəkirlər. Uşaqlarda bədxassəli şişlər nisbətən nadir hallarda aşkar edilsə də, onların vaxtında müəyyənləşdirilməsi həkimlər üçün hələ də ciddi çətinlik yaradır.

Xəstəliyin ilkin əlamətləri çox vaxt spesifik olmur. Buna görə də mütəxəssislər ayrı-ayrı şikayətlərdən daha çox uşağın ümumi sağlamlıq vəziyyətində baş verən dəyişiklikləri qiymətləndirirlər.

Məktəbdən sonra yaranan adi yorğunluq və ya ayaqlarda təsadüfi göyərmələr valideynlərdə dərhal təşviş yaratmamalıdır. Lakin uşağın enerjisinin kəskin azalması və bununla yanaşı digər narahatedici əlamətlərin meydana çıxması pediatra müraciət etmək üçün ciddi səbəbdir. Buna nümunə olaraq 13 yaşlı britaniyalı Ameliya Kerrollun hekayəsi göstərilir. Həkimlər onda kəskin mieloid leykoz, yəni qan xərçənginin bir növünü aşkarlayıblar.

Əvvəlcə yeniyetmə nəfəs darlığından və tez yorulmaqdan şikayət edib. Yaxınları isə bunu məktəb dərslərinin yaratdığı yüklənmə ilə əlaqələndiriblər. Daha sonra qızın bədənində səbəbsiz göyərmələr yaranıb. Aparılan hərtərəfli müayinələr nəticəsində xəstəlik müəyyən edilib və müalicəyə başlanılıb.

Həkimlər vurğulayırlar ki, bədəndə tək-tük göyərmələrin olması leykoz demək deyil. Lakin göyərmələrin müntəzəm şəkildə yaranması və digər əlamətlərlə müşayiət olunması valideynləri diqqətli olmağa sövq etməlidir. Sümüklərdə, ətraflarda və bel nahiyəsində uzun müddət davam edən və ya təkrarlanan ağrılar da xüsusi diqqət tələb edir. Çünki bu cür ağrıları hər zaman uşağın böyüməsi ilə izah etmək düzgün deyil.

Xüsusilə ağrının getdikcə güclənməsi, hərəkətə mane olması və ya uşağı gecələr yuxudan oyatması narahatedici əlamətlər hesab edilir. Uşağın davranışında dəyişikliklərin yaranması, əvvəllər sevdiyi fiziki fəaliyyətlərdən uzaqlaşması da diqqətdən kənarda qalmamalıdır. Bundan əlavə, davamlı baş ağrıları, səhərlər qəfil qusma və ilk dəfə baş verən qıcolma tutmaları da ciddi xəstəliklərin xəbərçisi ola bilər. Xüsusilə qıcolma tutmaları təcili tibbi yardım tələb edir.

Uşaqlarda rast gəlinən nadir göz şişlərindən biri olan retinoblastoma da müəyyən əlamətlərlə özünü göstərə bilər. Bu xəstəlik zamanı göz bəbəyində ağ rəngli parıltı görünə bilər. Həmin əlamət zəif işıqlandırma şəraitində və ya fotoaparatın işığı ilə çəkilmiş şəkillərdə daha aydın nəzərə çarpa bilər. Bundan başqa, uşaqda çəpgözlük və ya göz qapaqlarında şişkinlik müşahidə oluna bilər.

Bu əlamətlər uşağın ümumi vəziyyəti normal göründüyü halda da ortaya çıxa bilər. Bədəndə səbəbi bilinməyən, uzun müddət keçməyən və ölçüsü getdikcə böyüyən şişkinliklər və sərt törəmələr də mütləq həkim tərəfindən yoxlanılmalıdır.

Məqalədə 13 yaşlı Ceyk Svinskonun faciəli hadisəsi də xatırladılır. Yeniyetmədə əvvəlcə adi burun tutulması kimi qiymətləndirilən şikayət sonradan irəliləmiş sarkoma ilə əlaqələndirilib. Bu hadisə yeni narahatedici əlamətlər yarandıqda vəziyyətin yenidən qiymətləndirilməsinin nə qədər vacib olduğunu göstərir.

Britaniyalı mütəxəssislər təhlükəli əlamətləri vaxtında müəyyən etmək üçün “üçlər qaydası” adlandırılan yanaşmaya diqqət çəkirlər. Bu yanaşmaya əsasən, üç davamlı əlamətin olması, eyni şikayətlə üç dəfə həkimə müraciət edilməsi və ya səbəbi aydın olmayan əlamətlərin üç həftə ərzində davam etməsi əlavə müayinə üçün xəbərdarlıq siqnalı hesab edilə bilər.

Lakin bu qayda rəsmi diaqnostik meyar deyil və təcili tibbi yardımın gecikdirilməsinə əsas vermir. Qıcolma və ya göz bəbəyində ağ parıltı kimi ciddi əlamətlər müşahidə edildikdə üç həftə gözləmək olmaz. Uşaqlarda onkoloji xəstəliklərin yaranmasının dəqiq səbəbləri hələ də tam öyrənilməyib. Bununla belə, müasir müalicə üsulları sayəsində bu xəstəliklərlə mübarizədə mühüm irəliləyişlər əldə olunub.

Məlumata görə, müasir müalicə imkanları uşaqlarda onkoloji xəstəliklər zamanı beşillik sağqalma göstəricisinin təxminən 84 faizə çatmasına şərait yaradır. Lakin bu göstərici xərçəngin növündən, mərhələsindən və müalicə imkanlarından asılı olaraq dəyişir.

Mütəxəssislər valideynlərə uşaqlarının səhhətində uzun müddət davam edən və səbəbi bilinməyən dəyişiklikləri diqqətdən kənarda qoymamağı tövsiyə edirlər. Erkən diaqnostika uğurlu müalicə şansını əhəmiyyətli dərəcədə artıra bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar