İran, Livan, Suriya: bir gülləyə üç ov? - ŞƏRH
18 iyun 2011 17:59 (UTC +04:00)

İran, Livan, Suriya: bir gülləyə üç ov? - ŞƏRH

Ötən gün ölkənin Tripoli şəhərində Suriya prezidenti Bəşər Əsəd tərəfdarları ilə əleyhdarları arasında qarşıdurma baş verib. Nəticədə 6 nəfər həlak olub, 37 nəfər isə yaralanıb.

«MIGnews»-un məlumatına əsasən, olayın baş verməsinə səbəb şəhərin mərkəzinə Livan ordusunun yerləşdirilməsidir.

Məlumata görə, Livanın yeni hökumət başçısı Nəcib Mikati ölkədə sabitliyi və qayda-qanunu təmin etmək, «dəmir əllə vəziyyəti nəzarətdə saxlamaq» məqsədi ilə təhlükəsizlik qüvvələrinə bu yöndə əmr verib.

Cari ilin yanvarında «Hizbullah» və «Amal» kimi şiə qruplaşmaları Səəd Həriri hökumətinin istefaya getməsinə nail olmuşdu. Onda Livan prezidenti Mişel Süleyman «Məcd Hərəkatı»nın lideri Nəcib Mikatiyə yeni hökuməti formalaşdırmağı tapşırmışdı

O, ilk növbədə keçmiş baş nazir Səəd Həriri ilə görüşmüşdü.

S.Həriri «The New York Times» qəzetinə müsahibəsində deyib ki, kimliklərindən asılı olmayaraq, atasının (qətlə yetirilmiş baş nazir Rafiq Həriri) qatilləri onu Livan hökumətinin başında görmək istəmir. O, bildirmişdi ki, hazırda baş verənlər 2005-ci ildə baş verənlərlə Rafiq Həririnin ölmündən sonrakı hadisələrlə birbaşa əlaqədardır.

N.Mikati 5 aylıq fasilədən sonra yeni hökuməti formalaşdırıb. O, yeni hakimiyyətin «bütün livanlıların marağına xidmət edəcəyini» bildirib.

Ancaq N.Mikati yeni kabineti formalaşdırdıqdan sonra İran prezidentinin müavini Məhəmmədrza Rəhimi telefonla onu təbrik edib: «Biz dəfələrlə təkrar etmişik ki, İran Livanın tərəfindədir və əvvəlcədən əldə edilmiş müqavilələrə əsasən fəaliyyətə başlamağa hazırıq».

«Hizbullah» lideri Həsən Nəsrulla isə İrandan gələn nümayəndə heyətini qəbul edib. İranlılar bildirib ki, onlar «Hİzbullah»ın nailiyyətləri ilə fəxr edir, bundan sonra da fələstinlilərin müqavimət hərəkatını dəstəkləyəcəklərini bir daha bəyan edirlər».

N.Mikati isə hələ də kabinet üzvlərinin «Hizbullah» və «Amal» kimi islamçı qruplar tərəfindən bəyənilməsinə münasibət bildirməyib.

Yeni kabinet formalaşdıqdan sonra keçmiş baş nazir Səəd Həriri Beyrutdan Fransaya qaçıb. Fransada çıxan «Liberation» qəzetinin yazdığına görə, o, Fransadadır və Livana qayıtmağa hazırlaşmır. Mənbə bildirib ki, bununla da Livan bütünlüklə «Hizbullah»ın tam nəzarəti altına keçib.

R.Həririnin qətlini araşdıran BMT komissiyasının almaniyalı prokuroru Detlev Melis Ötən gün «Deutsche Welle»-ə müsahibəsində deyib ki, bu qətl Suriya prezidenti Bəşər Əsədin şəxsi əmiri əsasında gerçəkləşdirilib: «Qətlin əsas ideya müəllifini Dəməşqdə axtarmaq lazımdır». Onun qənaətinə görə, qətlin hazırlığında Suriyanın yüksək səlahiyyətli məmurları iştirak edib: «Bu ölkədəki siyasi iyerarxiya elə qurulub ki, belə cinayətlər Bəşər Əsədin birbaşa əmri olmadan baş tutmazdı».

Beləliklə, Səəd Həririnin ölkədən qaçması, «Hizbullah»ın Livanda hökuməti ələ keçirməsi, İran hakimiyyətinin bu iqtidarı dəstəkləməsi, habelə Rafiq Həririnin qətli ilə bağlı yeni faktların üzə çıxması və s. bu sayaq məsələlər Suriya ilə Livan arasında gərginliyin artmasına da təsir göstərəcək amillərdəndir. Ehtimal etmək olar ki, Bəşər Əsədlə Livan «Hizbullah»ının “işinə” eyni vaxtda baxılsın. Çünki İran hakimiyyəti, Hizbullah və Suriyadakı rejim birgə fəaliyyət göstərir. Bu isə daha ciddi mətləblərdən xəbər verir…

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 554

Oxşar yazılar