Yerevanda təlatümlü mitinq
Martın 17-də saat 17:20 radələrində Ermənistanın paytaxtı Yerevanda Ermənistan Ümummilli Konqresinin (EÜK) mitinqi başlayıb. Lent.az-ın Ermənistan KİV-nə istinadən məlumatına görə, aksiya Ermənistan Əlyazmalar İnstitutunun (“Matenadaran”) binasının qarşısında keçirilir.
Mitinqin tribunasında EÜK lideri, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan, Ermənistan Xalq Partiyasının sədri Stepan Dəmirçiyan, “Respublika” Partiyası Siyasi Şurasının sədri Аrаm Sarkisyan və müxalifət blokuna daxil olan başqa partiyaların sədrləri var.
Mitinqin aparıcısı – Ermənistan Ümummilli Hərəkatının sədri Aram Manukyan bəyan edib ki, hazırda bu meydanda tarix yazılır və o, bu prosesin iştirakçılarını təbrik edib.
Mitinqdə emosional əhval hökm sürür və iştirakçılar “İndi!” şüarı ilə liderləri yubanmadan fəal hərəkətlərə keçməyə çağırırlar. Liderlər isə “rejimin sonunun çatdığı” barədə bəyanatları ilə aksiyanın ümumi ruhunu saxlayırlar. Mitinqin əsas tələbləri ölkədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsidir.
659