Qəddafi son sözünü dedi
16 mart 2011 11:08 (UTC +04:00)

Qəddafi son sözünü dedi

Qiyamçıların son qalası olan Benqaziyə hücumların başladığı bir vaxtda Liviya prezidenti Müəmmər Qəddafi Qərb dövlətlərini açıq hədələyib. Lent.az-ın verdiyi məlumata görə, Müəmmər Qəddafi İtaliyanın “İl Giornale” qəzetinə açıqlamasında deyib ki, Liviyaya hava hücumu təklifi ilə çıxış edən Fransa prezidenti Nikola Sarkozinin psixikasında pozğunluq var.


Liviya prezidenti Nikola Sarkozinin söylədiklərini yalnız bir dəlinin söyləyə biləcəyini vurğulayıb. O, İtaliyanın baş naziri Silvio Berluskonin davranışı qarşısında da şoka düşdüyünü dilə gətirib: “Özümü xəyanətə uğramış hiss etdim. Artıq heç bir şəkildə İtaliya və Silvio Berluskoni ilə əlaqəm yoxdur. İtaliyada hökumət dəyişəndən sonra bu ölkə ilə yenidən dialoqa başlaya bilərəm”.


Benqaziyə hücumun başladığını nəzərə çatdıran Müəmmər Qəddafi bu şəhərdəki silahlıların əl-Qaidə terror təşkilatının lideri Üsamə bin Ladenin tərəfdarı olduğunu vurğulayıb: “Onlar sadəcə hücum etməyi və öldürməyi düşünürlər. Xalq onlardan qorxur və mənim xilas etməyimi istəyir. Üsyançıların heç bir ümidi yoxdur. Ya qaçacaq, ya da təslim olacaqlar. Qiyamçıların qurduğu Şuranın heç bir əhəmiyyəti yoxdur, “əl-Qaidə” onlardan istifadə edir. Bəzi hərbçilər də onlarla birgə idilər və bizə heç bir alternativləri olmadıqlarını açıqladılar. O hərbçilər ya qaçacaq, ya da boğazları kəsiləcəkdi. Ona görə də qiyamçıların yanında yer almaq məcburiyyətində qalıblar. Silahlarını endirərlərsə, onlar əvf ediləcəklər”.


Liviya lideri onu da deyib ki, əgər Qərb dövlətləri onlara qarşı İraqdakı kimi davranarlarsa, bu gün savaşdıqları “əl-Qaidə” ilə ittifaqa daxil olar və cihad elan edər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 648

Oxşar yazılar