Türk Hava Yollarından ermənilərə dostluq mesajı
09 mart 2011 18:15 (UTC +04:00)

Türk Hava Yollarından ermənilərə dostluq mesajı

Lent.az-ın məlumatına görə, bunu “Hürriyyət” qəzetinə müsahibəsində THY-nin İdarə Heyətinin sədri Hamdi Topçu bildirib.


THY-nin erməni diasporasını İstanbul üzərindən dünyaya daşımaq üçün hərəkətə keçdiyini söyləyən şirkət rəhbərinin sözlərinə görə, hazırda THY İrəvana reyslər təşkil etmir. Ancaq İrəvanda bir büro (nümayəndəlik) açıb. H. Topçu ABŞ-ın Los-Anseles şəhərindən həftənin 4 günü qarşılıqlı gerçəkləşdirilən uçuşların saatlarının İstanbul-İrəvan arasındakı çarter reyslərinə bağlanılması istiqamətində tədbirlər görüldüyünü də vurğulayıb.


“Əgər bunu gerçəkləşdirə bilsək, dostluğun qazanması üçün çox önəmli bir addım atmış olacağıq. Əminəm ki, THY-nin təyyarəsinə minən, İstanbul Atatürk Hava Limanının modern terminalından istifadə edən, İstanbulda bir gecə qalan erməninin Türkiyəyə, türk insanına qarşı baxışı tamamilə dəyişəcək” - deyə, şirkət rəhbəri əlavə edib.


H.Topçu müsahibəsində türk-erməni dostluğunun tarixinə də ekskursiya edib: “Biz 500 il qardaş kimi yaşamışıq. Ermənilərdən sədrəzəm, vəzir olub, dövlətin ən yüksək idarə heyətinə çıxmış insanlar var. Musiqimizə təsirləri müzakirə olunmaz. Amma baş nazir Ərdoğanın dediyi kimi, 1915-ci il hadisələrini müstəqil tarixçilər araşdırmalıdırlar”.


Dünyada ən çox erməninin yaşadığı şəhərlərdən biri olan Los-Ancelsə reyslərin açılışında bölgədəki erməni təşkilatlarının rəhbərləri ilə bir araya gəldiyini söyləyən THY rəhbəri onlarla bəzi məsələləri müzakirə etdiklərini və anlaşma əldə olunduğunu bildirib: “Buradakı erməni əhalinin önəmli hissəsi Ermənistandan ABŞ-a köçüb. Babalarının yaşadığı torpaqları görmək istəyirlər. Onların İstanbul üzərindən birbaşa Ermənistana uçuşlarını təşkil etmək istəyirik”.


ABŞ-dakı 1,2 milyon erməninin 500 mininin Los-Ancelsdə yaşadığını deyən H.Topçu əlavə edib ki, THY bu şəhərdəki ermənilər üçün onların çox ciddi tələb duyduqları ağ pendir daşıyacaq. Şirkət rəhbəri THY-yə ermənilərin də işçi olaraq işə alınmasına tərəfdar olduğunu vurğulayıb: “İstanbulda bir iranlını işə aldıq. Bir erməni vətəndaşımızı da THY-də görmək istəyirik. Bununla bağlı müvafiq çalışmalar həyata keçiririk”.


Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 535

Oxşar yazılar