İran Misirdə güclənmək istəyir
28 fevral 2011 13:45 (UTC +04:00)

İran Misirdə güclənmək istəyir

Müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi yaşadıqları evdən ev dustaqlığından azad edilərək, başqa yerə köçürülüblər. Hakimiyyət onlara qarşı ittihamı ciddi-cəhdlə gizli saxlamağa çalışır. M.Kərrubinin qonşuları hüquq müdafiəçilərinə evin boş olduğunu söyləyiblər. M.Musəvinin qızları və başqa müşahidəçilər də oxşar məlumat veriblər.

Bundan başqa, Tehran rəsmiləri ABŞ-ı da qınamaqda və ya tənqid etməkdədirlər.

«Fars» xəbər agentliyinin məlumatına əsasən, İranın xarici işlər naziri Əliəkbər Salehi deyib ki, bölgədə yaşanan son hadisələrdən istifadə edərək, həmin əraziyə «əsgər yeritmək niyyətindədir». Onun sözlərinə görə, ABŞ BMT Təhlükəsizlik Şurasının «arxasında gizlənməyə çalışır, ancaq bu qurum onların oyunlarına girmir».

Elə bu arada Qəzza zolağındakı qüvvələri İranın silahlandırdığına dair xəbərlər də yayılıb.

«MIGnews»-un məlumatına əsasən, Hüsnü Mübarək devrildikdən sonra Misirdəki qarışıqlıqdan yararlanan İslam Respublikası Sinay yarımadasında qaçaqmalçı dəstələri gücləndirməyə cəhd göstərir.

İsrail xüsusi qurumlarından alınmış xəbərlərə görə, İran Qəzza zolağına çoxlu sayda müasir silah-sursat göndərmək üçün bu yarımadada qaçaqmalçıların yeni quruluşlarını yaradır.

«Misirdəki mövcud anarxiyadan yararlanaraq, İran Qəzza zolağında mövqeyini
gücləndirmək istəyir. Onlar qaçaqmalçılığın formalarını modernləşdirir, bununla da Sinay və Qəzzada mövcudluqlarını möhkəmləndirməyə cəhd göstərirlər» - deyə, İsrail Müdafiə Nazirliyinin yüksək rütbəli təmsilçisi bildirib.

Mənbə qeyd edib ki, Hüsnü Mübarək devrilənədək də Qəzzaya qaçaq yolla, yeraltı tunel vasitəsi ilə silah daşınırdı. Onda misirli polislər və təhlükəsizlik qurumlarının məmurları bunun qarşısını alırdılar. İran silahlarının HƏMAS-a çatdıran qaçaqmalçı yollardan biri belədir – İrandan Sudana göndərilir, orada yük maşınlarına boşaldılaraq, Qəzza zolağının sərhədinədək daşınır. Həmin silah-sursat «Filadelfiya dəhlizi»nin yanındakı yüzlərlə tuneldən biri ilə Qəzzaya yola salınır.

Bundan başqa, İsrail hakimiyyəti Sinayın yəhudi dövlətinə hücum edilməsi üçün savaş meydanına çevriləcəyindən ehtiyatlanır.

Xatırladaq ki, bu yarımada İsrail və Fələstinlə Misirin sərhədindədir.

Bəzi mütəxəssislər hesab edir ki, 1979-cu ilin fevralında İrandakı inqilab zamanı siyasi səhnədəki bütün qüvvələr Məhəmmədrza şahın hakimiyyətdən getməsi üçün qüvvələrini birləşdirdi. Ancaq sonradan hakimiyyət «islamçıların» əlinə keçdi. Bu baxımdan, Misirdə də az qala 90 illik tarixə malik olan «Müsəlman qardaşları»nın Hüsnü Mübarək devrilənədək və devriləndən sonra verdiyi «biz siyasi hakimiyyət istəmirik» bəyanatının sadəcə, söz olacağından ehtiyat edənlər də var. Onların nəzərincə, «Müsəlman qardaşları» perspektivdə «İrandakı hakimiyyətə oxşaya bilər».

«MIGnews»-un məlumatına bildirilib ki, bu təşkilat Misirdə ən güclü siyasi qurumdur. O, yalnız cihadçılar və «əl-Qaidə» tərəfindən deyil, «İran ayətullahları» tərəfindən də dəstəklənir.

Bu, ABŞ-ın Qahirədəki səfirliyinin Vaşinqtona yolladığı gizli teleqramda da öz təsdiqini tapıb. Səfirlik amerikalı komandan, general Petreusla Misir kəşfiyyatının o vaxtkı şefi Ömər Süleyman arasında 2010-cu il iyunun 29-da keçirilmiş görüşdə buna toxunulduğunu vurğulayıb. Həmin görüşdə misirli general konkret olaraq, «İran təhlükəsindən danışıb».

İran, «HƏMAS» və «Hizbullah»ın peyklərindən yararlanmaqdan tutmuş, «Müsəlman qardaşlarını» dəstəkləməyə qədər Misirin daxili işlərinə qarışır. İranın «Müsəlman qardaşları»nı dəstəkləməyi dayandıracağına biz yalnız ümid edə bilərik» - deyə, general Süleyman bildirmişdi.

Keçmiş SSRİ liderləri sosializmin «tam və qəti qələbəsindən» danışardı. Tam qələbə dedikdə bir ölkə daxilində sovetləşmə (bu kolxozlaşmadan sonra Stalin tərəfindən elan edildi), qəti qələbə isə dünyada sosialist dövlətlərinin yaranması (ikinci dünya savaşı başa çatdıqdan sonra bunu bəyan etdilər) nəzərdə tutulurdu. Buna oxşar məsələni, ayətullah Xomeyninin «İslam inqilabı doktrinasına» əsasən, müsəlman dövlətlərində islam inqilablarının baş tutmasını Tehran hakimiyyəti də arzulayır. O, buna 32 ildir nail ola bilmir. Bu baxımdan «Müsəlman qardaşları»nın da Tehran hakimiyyəti kimi iqtidarı ələ keçirməsini çox istəyərdi. Ancaq onun buna çətin gücü çatsın, çünki ötən illər ərzində İran İslam Respublikası özünü daha çox pozucu və islam dövlətlərinin daxili işinə qarışan bir rejim olaraq göstərib. Lap elə keçmiş sovetlər təki…

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 543

Oxşar yazılar