Vaxtlı və Şanslı xanımın şagird prezidentlikdən Baş nazirliyə yolu – HEKAYƏT  - FOTOLENT
26 fevral 2011 19:24 (UTC +04:00)

Vaxtlı və Şanslı xanımın şagird prezidentlikdən Baş nazirliyə yolu – HEKAYƏT - FOTOLENT

O, Kanadanın ilk və bu günə kimi yeganə qadın baş naziridir! (o cümlədən Britaniya Kolumbiyasında dünyaya gəlmiş yeganə Kanada baş naziri)

O, Kanadanın 19-cu hökumətinə başçılıq etmişdir (1993-cü il iyunun 25-dən noyabrın 4-dək). Bundan öncələr isə üç fərqli nazirliyə rəhbərlik etmiş, o cümlədən Kanadanın ilk qadın Ədliyyə naziri və Baş prokuroru olmuşdur!

Bu qadın Kanadalı siyasətçi, hüquqşünas, universitet professoru, diplomat və yazıçı Kim Kempbelldir (Avril Phædra Douglas "Kim" Campbell).

Onun 1996-cı ildə işıq üzü görmüş və bioqrafiyasını əks etdirən “Vaxt və Şans” kitabını böyük maraqla oxumusdum. Ən çox satılan kitablardan biri olan “Vaxt və Şans”da Kim Kempbellin keçdiyi həyat yolu geniş şəkildə özü əksini tapıb. İnsana çox səmimi təsir bağışlayan kitaba bir lider, bir ictimai-siyasi xadim olan qadın baş nazirin siyasət meydanında məhz qadın olduğu üçün üzləşdiyi çətinlikləri, haqsızlıq və ədalətsizlikləri görmək və hiss etmək o qədər də çətin deyil. Amma bütün bunlara baxmayaraq heç vaxt sınmamaq, yolundan dönməmək, ümidlə irəliyə doğru addımlamaq, yorulmadan çalışmaq və uğurlar əldə etmək onun həyat yolu kimi kitabda da öz əksini tapır…

Hər kəsə xüsusilə siyasətdə olan və ya siyasətə gəlmək niyyətində olan qadınlara və qızlara oxumağı böyük məmnuniyyətlə məsləhət görərdim…

Ömür yolu

Kim Kempbell 10 mart 1947-ci ildə doğulub. O, Britaniya Kolumbiyasında, Port Albernidə Corc Tomas Kempbell (George Thomas Campbell) və Filis Liza Kukun (Phyllis Lisa Cook) ailəsində dünyaya gəlmişdir. Kempbell 12 yaşında olarkən anası ailəni tərk etmiş və onunla bacısı Aliksin qayğısına ataları qalmışdır. Gənc yaşlarında Kempbell özünə, aktrisa Kim Novakın şərəfinə “Kim” ləqəbini götürmüşdür.

Erkən yaşlarında Kim Kempbell CBS kanalının Uşaq televiziya klubunda aparıcı və müxbir kimi çalışmışdır. Kempbell və ailəsi daha sonralar Vankuvere köçmüş və burada o, Uels şahzadəsinin adını daşıyan orta məktəbdə təhsil almışdır. O, məktəbin ilk qadın şagird prezidenti olmuş və buranı 1964-cü ildə bitirmişdir.

Universitet illəri

O, Britaniya Kolumbiyası Universitetinin Siyasi elmlər fakültəsini 1969-cu ildə fərqlənmə ilə bitirmişdir. O, tələbə təşkilatlarında fəal iştirak etmiş və birinci kursların ilk qadın prezidenti olmuşdu. O, daha sonra universitedə bir illik magistr kursunu bitirmiş və doktorluq səviyyəsində elmi fəaliyyətinə başlamışdır. Kim Kempbell 1970-ci ildə London İqtisadiyyat Məktəbinə daxil olmuş və burada Sovet İttifaqı sahəsində doktorluq işinə başlamışdır. Bu vaxt ərzində o, 1972-ci ilin aprel–iyun aylarını keçmiş SSRİ-də keçirmişdir. O, bir neçə il ərzində rus dilini mükəmməl səviyyədə öyrənmişdir.

Xanım Kim Kempbell 1972-ci ildə Natan Divinski (Nathan Divinsky) ilə ailə qurduqdan sonra doktorluq təhsilini yarımçıq qoyaraq Vankuverə qayıdır. Bir neçə il sonra o, yenidən Britaniya Kolumbiyası Universitetinə üz tutur və 1983-cü ildə universitetin Hüquq fakültəsindən bakalavr dərəcəsi alır. Bir il sonra – 1984-cü ildə Britaniya Kolumbiyası Hüquqşünaslar Assosiasiyasına dəvət olunan Kim Kempbell, 1986-cı ilə kimi Vankuverdə hüquqşünas kimi çalışır.

Ailəsi və ilkin siyasi karyerası

Natan Divinskiylə evli olduğu illərdə Kim Kempbell Britaniya Kolumbiyası Universitetində və Vankuver İctimai Kollecində siyasi elmlərdən dərs deyirdi. Kempbell və Divinski 1983-cü ildə boşandılar, bundan üç il sonra o, Houard Eddi (Howard Eddy) ilə ailə həyatı qurdu. (Bu nikah onun Baş nazirliyinə az qalmış sona çatdı. Bununla da xanım Kempbell, Pyer Trudodan(Pierre Trudeau) sonra, Kanadanın ikinci boşanmış baş naziri oldu).

Kim Kempbell hazırda aktyor, yazıçı, bəstəkar və konsert pianoçusu Hörşi Felderlə (Hershey Felder) vətəndaş nikahındadır. Uşağı olmasa da o, keçmiş həyat yoldaşı Natan Divinskinin qızı Pamela ilə yaxın (ana-bala misali) münasibətdədir.)

***

1978-ci il Britaniya Kolumbiyasının qanunvericilik Assambleyasına keçirilən seçkilərdə Kim Kempbell Sosial Kredit Partiyasının Vankuver üzrə uğursuz namizədinə çevrildi. 1986-cı ildə həmin partiyanın rəhbərliyini keçmək üçün apardığı mübarizədə də uğursuzluğa düçar oldu. Ancaq, həmin ilin oktyabrında Qanunvericilik Assambleyasına Vankuver Point-Qreydən üzv seçildi.

Nazirlikdən nazirliyə...

İki ildən az müddət sonra Kim Campbell Britaniya Kolumbiyası Qanunvericilik Assambleyasından istefa verdi və Vankuverdən Proqressiv Mühafizəkarların nümayəndəsi kimi 1988-ci il federal seçkilərinə qatıldı. O, qalib gəldi və tezliklə Nazirlər Kabinetinin tərkibinə qoşuldu. O, Hindularla iş və Quzeyin inkişafı üzrə nazir (1989 – 1990) oldu. O, daha sonra Kanadanın ilk qadın Ədliyyə naziri və Baş prokuroru (1990 – 1993) oldu! 1993-cü ildə o, Milli Müdafiə naziri təyin edildi!

Nazirlikdən Baş nazirliyə...

Xanım Kempbell Proqressiv Mühafizəkarlar(Progressive Conservative) partiyasının rəhbərliyinə qayıtmazdan əvvəl çox önəmli 4 fərqli sahəyə başçılıq etmişdi. Buna görə də onun partiya rəhbərliyinə gəlməsi üzvlər tərəfindən müsbət qarşılandı. Partiya rəhbəri və baş nazir olduqdan sonra, Kim kempbell kabineti dəyişməyə başladı və islahatlar həyata keçirdi. O, nazirliklərin sayını 35-dən 23- ə endirdi. O, bəzi nazirlikləri birləşdirərək Səhiyyə, Kanada irsi və İctimai Təhlükəsizlik adlı 3 yeni nazirlik yaratdı. Daha sonra o, uluslararası səviyyədə fəaliyyətə başladı və 1993-cü ildə Tokioda keçirilmiş Böyük Yeddiliyin samitində Kanadanı təmsil etdi. Kempbell yay ərzində ölkəni qarış-qarış gəzərək növbəti seçkilərə yönəlik kampaniyasını davam etdirirdi. 1993-cü ilin avqustunda Gallupun keçirdiyi sorğularda Kembl 51% səs topladı, bu nəticə son 30 ildə onu Kanadanın ən ünlü Baş naziri səviyyəsinə qaldırdı. Yayın sonlarına qədər onun şəxsi populyarlığı daha da artdı. Onun təmsil etdiyi Proqressiv Mühafizəkar Partiyasının da populyarlığı Liberallardan öndə gəlirdi.

1993-cü il seçkiləri

1993-cü ilin payız seçkiləri elan olunduqda partiya hakimiyyətdə qalmağa və ya ən azından Liberalların ən güclü rəqibi olacaqlarına ümid edirdi. Hökumət mandatının 5 illik müddətinin bitdiyinə görə Kempbellin seçkilərin vaxtını təyin etməyə səlahiyyəti çatmırdı.

Seçki kampaniyasında səhvlər

Baxmayaraq ki, yayda ölkəni qarış-qarış gəzmiş, populyarlığını xeyli artırmışdı, bununla belə, ictimaiyyətlə əlaqələr sahəsində buraxılan müəyyən səhvlər də mövcud idi və bu da xanım Kempbell populyarlığını aşağı saldı. O, özü, uğursuzluğunun səbəbini gender diskriminasiyasında görürdü! Xanım Baş nazirin fikrinə qüvvət, Yeni Brunsvik Universitetinin professoru Coanna Everit (Joanna Everitt) yazırdı ki, əgər KİV, Kempbellin kişi rəqiblərinin apardığı kampaniyaları sadəcə xalqa çatdırırdısa, onun fəaliyyətində həmişə “niyə, nə üçün” deyə səbəb axtarmağa çalışırdı… Yəni onun fəaliyyəti bir çox hallarda insanlara lazımi səviyyədə, olduğu kimi çatdırılmırdı və kişi rəqiblərindən fərqli olaraq onun addımlarında həmişə çatışmazlıqlar, nüfuzunu zəiflədən məsələlər axtarılır və təqdim edilirdi. Bu da təbii ki, təsirsiz ötüşə bilməzdi…

Beləliklə, kampaniyanın gedişində Mühafizəkarların populyarlığı getdickə aşağı düşməyə başladı. Artıq oktyabr ayında məlum idi ki, Kim Kempbellin rəhbərlik etdiyi partiya seçkilərdə qalib gələ biməyəcək və seçkiləri Liberallar Partiyası udacaq. Buna baxmayaraq, sorğuların nəticələrinə görə Kim Kempbellin şəxsi populyarlığı hələ də digər namizədlərdən yüksək idi. Bu amildən yararlanmağa çalışan Mühafizəkarlar Liberalların nümayəndəsi Jan Çretiyenin (Jean Chrétien) ünvanına xoşagəlməz video-çarxlar hazırladı. Sonrakı çıxışlarında Kim Kempbell bu işdə birbaşa məsuliyyət daşımadığını iddia etsə də, bu hərəkət seçicilər arasında nəinki mühafizəkarların dəstəyini artırdı əksinə ona çox böyük zərbə vurdu. Bundan sonra Mühafizəkarlara seçici dəstəyi kəskin azalmağa başladı və bu seçkilərin nəticələrində özünü göstərdi.

25 oktyabr – seçki günündə Liberallar Mühafizəkarlara böyük fərqlə qalib gəldilər. Məğlubiyyətdən sonra Kim Kempbell partiya rəhbərliyindən də istefa verdi və onu Con Çerest (Jean Charest) əvəz etdi.

Siyasətdən sonrakı karyerası

Seçkilərdə məğlubiyyətinə baxmayaraq Kim Kempbell, Kanada qadın dərgisi “Chatelaine” tərəfindən 1993-cü ilin qadını adını aldı.

Xanım Kempbell Harvard Universitetində Siyasi elmlər üzrə bir neçə il dərs deməyə başladı. Şayiələr gəzirdi ki, onu Rusiyaya səfir göndərəcəklər. Ancaq, bu baş vermədi. 1996-cı ildə Kempbell məğlub edən Liberal hökumət onu Los Ancelesə konsul təyin etdi və o, bu vəzifəsində 2000-ci ilə qədər qaldı.

Kempbell “özkeçmiş”ini 1996-cı ildə “Vaxt və Şans” adı altında kitablaşdırdı. “Vaxt və Şans” işıq üzü gördükdən qısa müddət sonra Kanadada ən çox satılan kitablar siyahısına daxil oldu!
1997-ci ildə Kembl, həyat yoldaşı Hörşi Felderlə (Hershey Felder) birlikdə Los Ancelesdə muziklin hazırlanmasında iştirak etdi.

2001 – 2004-cü illərdə, o, Harvardın Kennedi Məktəbində mühazirələr oxuyurdu. O, indiyədək, Kennedi məktəbinn fəxri üzvüdür. O, eyni zamanda texnologiya və biotexnologiya sahəsində bir neçə ictimai təşkilatın direktorudur!

1999–2003-cü illərdə xanım Kempbell Dünya Qadın Liderləri Şurasının katibi oldu. (Bəlli olduğu kimi, bu Şura prezident və ya baş nazir olmuş qadınların birliyidir. Onu Şuranın katibi vəzifəsində İrlandiyanın keçmiş prezidenti Meri Robinson əvəz etmişdir.)

2003–2005-ci illərdə o, baş qərargahı Vaşınqtonda yerləşən Beynəlxalq Qadınlar Forumuna başçılıq etdi!

Kim Kempbell Uluslararası Böhran Qrupunun və Federasiyalar Forumunun Direktorlar Şurasının üzvüdür, bundan başqa bir çox uluslararası təşkilatın məsləhət şurasında çalışır.

2004-cü ildə o, “National Geographic Society” nin tərtib etdiyi “Dünya Tarixi Almanaxı”nda Tarixdə 50 ən vacib siyasətçi siyahısına daxil edildi.

Kim Kempbell Madrid Klubunun əsasını qoyanlardan biridir. (Klubun əsas məqsədi dünyada demokratiyani gücləndirməkdir. Bu kluba üzvlük yalnız dəvətlə olur və üzvləri keçmiş dövlət və hökumət başçılarından ibarətdir.) O, 2004-cü ildə bu uluslararası qurumun baş katibi seçilib!

Kempbellin ümidi

2004-cü il, noyabrın 30-da, xanım Kempbellin portreti Kanada parlamentinin Baş nazirlər Qalereyasında vuruldu. Portret Britaniya Kolumbiyasından olan rəssam Deyvid Qotli tərəfindən hazırlanıb. Portretlər sırasına baxan xanım Kempbell, Baş nazirlər arasında yeganə qadın olduğundan qürurlandığını gizlətmirdi: “Ümid edirəm ki, gün gələcək burada daha çox qadının portreti asılacaq.”

İxtisarçı, islahatçı, seçən və sevilən ictimai-siyasi xadim

Xanım Kempbell Ədliyyə naziri olarkən cinsi zorakılığa qarşı yeni qanun layihəsi irəli sürmüşdü. O, ümumiyyətlə hökumətdəki fəaliyyəti dövründə, nazir olduğu zamanlar daim zorakılığa qarşı sərt mübarizlərdən biri kimi tanınmışdı. O, həmçinin şəxsin cinsi keçmişinin məhkəmə prosesində ortaya çıxmasına qadağa qoyan qanun layihəsi də hazırlamışdı. İnsan haqları, qadın haqları, zorakılığa qarşı mübarizə sahəsində daim fəal çalışan Kempbell bu istiqamətdə yüksək fəaliyyətini bu gün də davam etdirir.

O, Tarixə Baş nazirliyi dövründə Kanada hökumətində etdiyi radikal dəyişikliklər, islahatlarla da düşdü. Onun baş nazirlik fəaliyyəti qısa olsa da bu müdət ərzində o, federal kabinetin tərkibini 75-dən 23-ə, Kabinet komitələrinin sayını isə 11-dən 5-ə qədər azaltdı. O, Kanadalı Baş nazirlər arasında Senata nümayəndə təyin etməyən ilk şəxsdir.

Girişdə vurğuladığımız faktı bir daha xatırladaraq, deyək ki, xanım Kempbell dünyada Baş nazirlik vəzifəsini yerinə yetirən ən gənc qadınlardan biri olub.

Kanadalı tarixçilər J.L. Qranatstayn (J.L. Granatstein) və Norman Hillmerin (Norman Hillmer) müəllifliyi ilə çıxan “Baş nazirlər: Kanada liderlərinin sıralaması“ kitabında Kempbell Kanada tarixində ən məhşur 20 Baş naziri sırasında yer alır. O, çoxlu sayda orden və medalların sahibi, tanınmış universitetlər və mərkəzlərin fəxri üzvüdür.

O, CBS kanalının təşkil etdiyi, gənc və prespektivli liderləri seçən “Kanadanın sonrakı (növbəti) məhşur Baş naziri” (Canadas Next Great Prime Minister) televiziya proqramında münsif kimi çıxış edir. Yəni ölkəsinin gələcəyi olan gənc liderlərin axtarılması, tapılması və onlara dəstək göstərilməsi istiqamətində bu gün də həvəslə çalışmaqda davam edir.

Bizə də, ona can sağlığı, yeni-yeni uğurlar; Kanadanın sonrakı Baş nazirilərinə isə xanım Kempbell ən yaxşı gələnəklərini yaşatmağı, inkişaf etdirməyi arzulayırıq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 735

Oxşar yazılar