Tehran hakimiyyəti Qərbə işləyir?
26 fevral 2011 16:32 (UTC +04:00)

Tehran hakimiyyəti Qərbə işləyir?

Ötən həftə Tehranda və ölkənin başqa şəhərlərində keçirilən etiraz aksiyası zamanı saxlanılanlar «ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin İslam Respublikasında tapşırıqlarını yerinə yetirməkdə» suçlanır.

Lent.az-ın «İTAR-TAAS»-a istinadən məlumatına əsasən, bu haqda İran televiziyasında çıxışı zamanı ETTELAAT naziri Heydər Müslehi bildirib.

O, saxlanılanların adı açıqlamasa da onları «MKİ-nin dəstəklədiyini» söyləyib. Həmin «casuslar» fevralın 14-də keçirilmiş etiraz aksiyası zamanı tutulub.

Müslehinin sözlərinə görə, həmin gün «yoldan ötənlərə odlu silahdan atəş açan ekstremist» də saxlanılıb. «Bu şəxs xaricdə yerləşən terrorçu Xalq Mücahidləri Təşkilatının üzvüdür» - deyə, nazir bildirib.

ETTELAAT-ın başçısı əlavə edib: «Terror aksiyasını başa çatdırdıqdan sonra o, İranı tərk etmək istəyərkən xüsusi xidmət orqanları tərəfindən saxlanılıb. Dindirmə zamanı o, çox qiymətli məlumat verib».

Xatırladaq ki, nazirin bəhs etdiyi olaydan sonra hakimiyyət «yaşıllar hərəkatının» üzvlərinə və liderlərinə təzyiq etmək məqsədi ilə onların yaxınlarını həbs edib.

Təbrizdə «hakimiyyətə qarşı təbliğat» aparmaqda suçlandırılan iki nəfər tutulub. «Kaleme»-nin məlumatına əsasən, bunu həbs olunmuş Musa Sakit və Əta Əlizadənin vəkili deyib. Onun sözlərinə görə, İnqilab Məhkəməsinin Təbrizdəki 1 saylı şöbəsi M. Sakiti «hakimiyyət əleyhinə təbliğat»da, “Azadlıq” hərəkatının toplantılarına qatılmaqda, bu hərəkata üzv olmaqda ittiham edərək, barəsində 7 ay müddətinə azadlıqdan məhrumetmə qərarı verib. Ə. Əlizadə də “Mübariz Müsəlman” və “Azadlıq” hərəkatına üzv olmaqda təqsirli bilinərək, 91 gün müddətinə azadlıqdan məhrum edilib.

Məhəmməd Xatəminin prezidentliyi dövründə ETTELAAT naziri işləmiş Əli Yunisinin oğlu Həsən Yunisinin fevralın 20-də Tehranda keçirilən aksiyada tutulduğu məlum olub.

Xəbərlərə görə, Həsən Yunisini ETTELAAT-ın mülki geyimli əməkdaşları tutublar.

İran müxalifətinin Tunis və Misir xalqlarının inqilabına dəstək vermək məqsədilə fevralın 14-də Tehranda keçirdiyi yürüşdə keçmiş prezident Məhəmməd Xatəminin hökumətində daxili işlər naziri işləmiş Əbdülvahid Musəvi-Larinin oğlu Mürtəza Musəvi-Lari də həbs olunub.

İranın bəzi hökumət saytları aksiyada tutulanlar arasında ölkənin bir sıra keçmiş və hazırkı rəsmilərinin övladlarının olduğu barədə məlumat yayıb. Ancaq söhbətin konkret kimlərdən getdiyi bilinmir.

Mövcud hakimiyyəti tənqid edən ayətullah Əsədullah Bayat-Zəncaninin oğlu Məhəmməd Mustafa və qızı Süsəni Tehranın «Sadiqiyyə» meydanındakı metro stansiyasından çıxıb aksiyaya qatıldıqdan sonra tutub aparıblar.

Ölkənin dini rəhbərini seçən Dini Ekspertlər Şurasının (Məclisi Xübreqanın) sədri Əliəkbər Haşimi-Rəfsəncanini isə Mirhüseyn Musəvi və Mehdi Kərrubinin fəaliyyətini məhkum etməməkdə, İrandakı “yaşıl hərəkat” və onun liderləri haqda «açıq-aşkar mövqe bildirməməkdə» günahlandıraraq, ona və ailəsinə qarşı geniş əks-təbliğata başlayıblar.

Həftənin əvvəlində İranın Rey şəhərində Həzrət Əbdüləzimin hərəmini ziyarət edən Rəfsəncani ailəsinin bir neçə üzvü, o sıradan da iki övladı mülki geyimli şəxslərin hücumuna məruz qalıb. Hücumçular Rəfsəncaninin qızlarından birini və ailənin digər üzvünü elektrik şoku yaradan dəyənəklərlə döyüblər. Onlar “Haşimiyə ölüm!” şüarı söyləyiblər.

Hakimiyyət tərəfdarı olan 30-a yaxın adam ötən həftənin sonunda, gecə Mehdi Kərrubinin evi qarşısında toplaşaraq, onun əleyhinə, İranın dini rəhbəri ayətullah Əli Xamneyinin lehinə şüarlar səsləndiriblər. Kərrubinin mənzili gecə-gündüz ETTELAAT-ın mülki geyimli əməkdaşlarının nəzarətində saxlansa da, hücum edənlər sərbəst şəkildə şüşələri qırıb, sonra da evə bir neçə səsli bomba atıblar.

Mehdi Kərrubinin hazırda xaricdə yaşayan sözçüsü Müctəba Vahidi internetdə yerləşdirdiyi xəbərdə bildirib ki, Kərrubinin evinə basqın zamanı hücumçular onu və xanımını təhqir ediblər, onları ayrı-ayrı otaqlarda dustaq etdikdən sonra evdə axtarış aparıblar.

Hücum edənlər daha sonra Kərrubiyə məxsus kitabları, əlyazmaları və sənədləri götürərək, oğlu Əli Kərrubini, xanımı Nəfisə Pənahini tutub aparıblar.

Mirhüseyn Musəvinin qızları “Kalame” saytında yerləşdirdikləri yazıda iki həftədir ev dustaqlığında saxlanılan valideynlərinin durumundan, onların sağ olub-olmamasından xəbər tuta bilmədiklərini bildiriblər.

Onların yazdığına görə, bir neçə dəfə öz evlərinə getmək cəhdləri boşa çıxıb, qapıda keşik çəkən maskalı və silahlılar onları təhdid edərək, geri qaytarıblar: “Hökumət qüvvələri evimizə gedən döngədə köşk qoyub, gəlib-gedənləri yoxlayır. Biz axırıncı dəfə valideynlərimizlə fevralın 14-də telefonla danışmışıq. O gündən onlardan xəbərimiz yoxdur”.

Hakimiyyətə bir vaxtlar canı-dillə qulluq etmişlərlə bağlı bu sayaq olayların siyahısını uzatmaq da olar. Müslehi və onun təmsil etdiyi hakimiyyətin məntiqindən belə çıxır ki, əvvəllər rejimə qulluq etmiş, onun yolunda öz vətəndaşlarına başçılıq etdiyi güc strukturlarında olmazın işgəncələr vermiş nazirlərin övladları və özləri ABŞ MKİ-nin «tapşırıqlarını yerinə yetirir».

Öz vətəndaşlarına zülmlər etmiş bir rejimin başçıları onların hakimiyyətinə qarşı çıxanlarını «casus» adlandırmaqdan başqa bir çarə tapa bilmirlər. Bəs, onda «casus» olmayan kimdir? Bax, əslində onları axtarmaq lazımdır. Çünki hakimiyyətin məntiqi ilə ölkədə öz milli, insani təbii və qanuni haqqını tələb edən hər kəs xarici dövlətə «işləyir». Belələri isə az deyil.

Hakimiyyətdəki müslehilər hələ də başa düşmək istəmir ki, 1979-u il inqilabından sonra doğulanlar artıq bu rejimin çürük və iddialı siyasətini bəyənmir. Onlar dünyaya sərbəst şəkildə qaynayıb-qarışmaq istəyir, bununla yanaşı gənclik geyiminə, yeməyinə, ailə məsələsinə müdaxiləni qəbul etmir. O, dövlətin sərvətindən haqqını istəyir.

Bu günlərdə İslam Respublikası silahlı qüvvələri baş qərargahının rəisi, diviziya generalı Seyid Həsən Firuzabadi müsəlman ölkələrinin ordu hissələri başçılarına müraciət edərək deyib: «Şübhə yoxdur ki, heç bir ordu, sionist rejim istisna olmaqla, öz xalqı ilə mübarizə aparmaz. Hazırda müsəlman xalqları azadlıq, müstəqillik və İslam hakimiyyəti tələb edir. Müsəlman orduları öz vətəndaşlarının tələblərini dinləməlidir».

Tehran hakimiyyəti etiraz aksiyaçılarını «İsrail və ABŞ-ın casusu» adlandırır. Onda Firuzabadinin dediyindən belə çıxır ki, ordu istənilən etirazçıya atəş aça bilər.

Yaxud, ölkəni bu vəziyyət salmaq və insanlara zülm etməklə İranın və bölgənin daxili işlərinə Qərbin müdaxiləsi üçün mövcud İslam Respublikasının başçıları qəsddən şərait yaradır. Elə Tehran hakimiyyətinin yürütdüyü siyasət ucbatından Əfqanıstana və İraqa müttəfiq qoşunları daxil oldu. Fələstin məsələsinin həllinə müdaxiləsinə görə, Qərb körfəzdə güclənir. Tehran hakimiyyətinin nüvə proqramı ucbatından ölkə əhalisi zülm çəkir və s. Odur ki, insanları küçə və meydanlara çıxmağa məcbur edən, onların yabançı dövlətlərə mühacirət etməyə vadar edən elə İran hakimiyyətidir...

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 561

Oxşar yazılar