Liviyanın “bədəvi Polkovniki” - PORTRET
23 fevral 2011 15:32 (UTC +04:00)

Liviyanın “bədəvi Polkovniki” - PORTRET

Bilməcə kimi

O, Liviyanın başçısı və general-mayor olmasına baxmayaraq, “Polkovnik” adlanmasından xoşlanır. 1986-cı ildə ABŞ təyyarələrinin Tripolidəki iqamətgahını bombardman etməsindən sonra bədəvi çadırında yaşayır. O bombardman ona 101 liviyalının, o cümlədən yaş yarımlıq qızının ölümü bahasına “başa gəlmişdi”. Elə həmin vaxtdan bədəvi çadırını xarici səfərlərində də yanından ayırmır, dövlət başçılarını belə “səyyar iqamətgahında” qəbul edir.

Romaya etdiyi səfərlərdə gah 500, gah da 700 modelyer xanımı başına yığıb, onlara İslam dininin mahiyyəti barədə uzun-uzadı mühazirələr oxuyur. “Quran”ı və özünün yazdığı “Yaşıl kitab”ı bağışlayır, hamını müsəlmanlığı qəbul etməyə çağırır.

BMT kürsüsündən Təhlükəsizlik Şurasını «Terror Şurası» adlandırır, Nizamnaməni sədarətin üstünə tullayır.

Canını yalnız qadınlara etibar edir, cangüdənlərini zərif cinsin güclü nümayəndələri arasından seçir. Onu bakirə qızlardan ibarət, yüksək hazırlıqlı bir dəstə qoruyur.

”Quran”ı Liviyanın Konstitusiyasına çevirsə də, içkini, qumarı qadağan etsə də, qadın azadlığının tərəfdarıdır, elə buna görə də ölkəsində əksər qadınlar çadraya bürünmür.

Afrikanı istismar etməsi iddiası ilə Avropadan təzminat tələb edir. Avropanı gec-tez müsəlman dünyasına çevriləcəyi və rənginin «qaralacağı» ilə hədələyir. Hər çıxışında ABŞ və İsrailə yağdırdığı lənətləri diplomatlar sayıb qurtara bilmir.

O, yüksəklikdən qorxur, liftdən istifadə etmir, 35 pilləkəndən artıq olan heç yerə qalxmır. Onunçün niyə 36-cı pilləkənin olmadığını da kimsə bilmir.

Dəniz üzərindən təyyarə ilə səyahətdən qorxur və 8 saatdan artıq uça bilmir...

Qocalmamaq üçün dəridən-qabıqdan çıxır. VVİkileaks səs-küyündən ona da pay düşdü - ABŞ-ın Tripolidəki səfirliyinin gizli məktubunda deyilirdi: «Sifətində etdirdiyi botoks səbəbindən üz əzələlərini tərpədə bilmir. Eyni zamanda saç da əkdirib, ancaq bədəni qəbul etmədiyi üçün implant geri götürülüb».

Ərəb milliyyətçisi kimi tanınır. Hətta bir dəfə 16-cı əsrdə yaşamış dramaturq Vilyam Şekspirin ərəb kökənli Şeyx Zübeyr olduğunu iddia edərək, ingilisləri çox qəzəbləndirmişdi.

Kimdən danışırıq? Özündən əvvəl ölkəsini tanıyaq qəhrəmanımızın...

Uzaq Liviya səhrasında

Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi. Paytaxtı Tripoli şəhəri. Ərazisi 1,8 milyon kv.km, əhalisi 6,5 milyon nəfər. Afrika qitəsinin şimalında, Aralıq dənizinin sahilində yerləşir: şərqdə Misir, qərbdə Əlcəzair və Tunis, cənubda Nigeriya və Çad, cənub-şərqində Sudanla həmsərhəddir.

647-ci ildə Xilafət Bizansı məğlub edib Liviyada hökmranlığını qurur, ölkə ərəb dilini və müsəlmanlığı qəbul edir, 13-cü əsrdə siciliyalıların işğalı istisna olmaqla 16-cı əsrə qədər hökmünü saxlayır.

1553-cü ildə xristianların qısa işğalından sonra Osmanlı imperiyası ölkəni himayəsinə alır.

19-cu əsrin əvvəlində ölkə müstəqil Dayılara (xanlıqlar) bölünür.
1835-1911-ci illərdə Osmanlı imperiyası Liviyada hakimiyyətini yenidən bərpa edir.

1911-ci ildə Osmanlı imperiyasının zəifləməsi ilə Tripoli İtaliyanın vassalına çevrilir.

1922-ci ildə Mussolininin hakimiyyətə gəlməsi ilə Liviyanın işğalı başlayır. Ömər Muxtarın başçılığı altında azadlıq hərəkatı başlasa da, məğlub olur.

Liviya 1949-cu ildən BMT-nin qərarı ilə müstəqil ölkə kimi tanınır. 1920-ci ildən italyan işğalına qarşı mübarizə aparan, daha sonra Misirə sığınan Şeyx İdris ölkənin kralı olur.

1969-cu il sentyabrın 1-də Kral I İdrisin Türkiyədə müalicədə olmasından istifadə edən yüzbaşı Qəddafi ölkədə hərbi çevriliş edir.

... Və Liviyanın “Qəddafi dövrü” başlayır.

Yarımçıq tərcümeyi-hal

Onun adını hələ də hərə bir cür yazır: Qəzzafi, Qəddafi, Gaddafi…
Elə doğum tarixi də adı kimi hər mənbədə bir cür göstərilir. 1940 da var, 1942 də, 1944 də...

Hansı ali məktəbi bitirməsi də mübahisəlidir: Misurat şəhərində hüquq, Tripoli Universitetində tarix, Benqazidə hərb təhsili aldığı yazılır. Gəl indi baş aç...

Onlarla mənbədə Qəddafi (biz belə yazaq-A.Y.) barədə ortaq və yarımçıq tərcümeyi-hal belədi: Müəmmər ibn Məhəmməd Əbu Menyar Əbdül Səlim ibn Həmid əl-Qəddafi 1942-ci ildə Sirt şəhərinin yaxınlığında, bədəvi ailəsində doğulub. Atası və əmisi müstəmləkəçiliyə qarşı mübarizə apardıqları üçün uzun müddət məhbus həyatı yaşayıblar. Amma anasının bədəvi, atasının isə Albert Preziosi adlı fransız (korsikalı) olmasıyla bağlı informasiyalar da var.

Doqquz yaşında orta məktəbə gedib, ailənin ilk təhsilli övladı olub. Kiçik yaşlarından «Quran»ı əzbər öyrənib.

Siyasi düşüncələri Əbdül Nasirin təsiri ilə formalaşıb, 1959-cu ildə «Müstəqil hərbçilər hərəkatı» adlı gizli hərbi birlik yaradıb. Məqsəd Liviyanı Krallıqdan qurtarmaq və misirli Əbdül Nasirin yoluyla getmək olub.

1966-cı ildə İngiltərədə hərbi təcrübə keçib. Orduda yüzbaşı vəzifəsini daşıyan Qəddafi 1969-cu il sentyabrın 1-də Kral I İdrisin Türkiyədə müalicədə olunmasından istifadə edərək, hərbi çevriliş eləyib. «Müstəqil Hərbçilər Hərəkatı» onu Silahlı Qüvvələr Komandanlığı Hərbi İnqilab Şurasının rəhbəri təyin etməklə faktiki olaraq hakimiyyəti Qəddafiyə verir. Amma ona təklif edilən general rütbəsini qəbul etməyib, polkovniklə kifayətlənir.
Əbdül Nasirin Misirdə etdiklərinə uyğun olaraq, «yaşıl sosializm» qurmağa başlayır, 1970-ci ilin 16 yanvarında baş nazir və müdafiə naziri vəzifələrinə sahiblənir. 1977-də Hərbi İnqilab Şurası fəaliyyətini dayandırır, Qəddafi Xalq Konqresi Baş katibi elan edilir. 1979-cu ildə tutduğu bütün vəzifələrdən əl çəkir. “İnqilab lideri” titulu ilə Liviyaya rəhbərlik edir.

Radikal islahatlar

Qəddafi hakimiyyətə gəldiyi andan İngiltərə və ABŞ hərbi hissələrini ölkədən çıxardı, İtaliya və İsrailə qarşı kəskin mövqe tutdu. İtalyan və yəhudi əsilli vətəndaşların var-dövlətlərini əlindən aldı, onları ölkədən getməyə məcbur etdi, xarici neft şirkətlərini «milliləşdirmək» adıyla hədələdi və onları çıxardıqları sərvətdən ölkə büdcəsinə daha çox gəlir verməyə məcbur etdi.

Bütün bu zorakı tədbirlər büdcənin birdən-birə artmasına və Liviya iqtisadiyyatının inkişafına səbəb oldu. Böyük layihələrlə evsizlərə ev tikildi, ən ucqar kəndlərdə belə yüksək səviyyəli məktəb, xəstəxana istifadəyə verildi, yol çəkildi, infrastruktur tamamilə yenidən quruldu. Ölkədə işsizliyin olmadığı da statistik məlumatlar sırasındadır. Hazırda Liviya Afrika qitəsinin ən inkişaf etmiş ölkəsi sayılır. Burada maaş minimum 6 min funt-sterlinqdən başlayır və 30 minə qədər artır. Ölkə adambaşına düşən gəlirə görə bəzi Avropa ölkələri ilə rəqabətə girir.

Nasir öldü, yaşasın Qəddafi!

Misir və ərəb dünyasının lideri Əbdül Nasirin ölümündən sonra Qəddafi Afrika qitəsində və ərəblər arasında onun görmək istədiyi işləri davam etdirməyə çalışdı, «Böyük Ərəbistan» uğrunda mübarizəyə başladı. 1972-ci ildə Misir və Suriya ilə birgə «Ərəb Respublikaları Federasiyası»nın yaradıcılarından biri oldu. Amma bu birliyin ömrü çox qısa oldu. 1974-cü ildə Tunislə yaradılan federasiyanın da bəhrəsiz olduğunu gördükdən sonra bir müddət gözləmə mövqeyi tutdu.

Afrikanın və Yaxın Şərqin birləşməsi, sovetləşməsi yönündə atılan addımlara görə, ABŞ və Qərblə açıq münaqişəsi yarandı. Buna görə də SSRİ ilə münasibətləri daha isti və açıq müstəviyə keçirdi. Misirin 1979-cu ildə İsraillə münasibətlərini normallaşdırmasından sonra təklənən Liviya SSRİ-nin hərbi dəstəyi ilə “Afrikanın Kubasına” çevrildi.

Dörd bəndlik Konstitusiya

1977-ci ildə qəbul olunan Liviya Konstitusiyasının cəmi 4 bəndi vardı:

1. Liviyanın rəsmi adı: Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi;

2. «Quran» cəmiyyətin qanunudur;

3. Liviyada sistemin təməli xalq hakimiyyətinə dayanır. İdarəçilik xalqındır. Xalq bu hakimiyyəti «Xalq Konqresləri», «Xalq Komitələri», birliklər, əqidə quruluşları və «Baş Xalq Konqresi» vasitəsilə həyata keçirir.

4. Ölkənin müdafiəsi qadın və kişiliyindən asılı olmayaraq, hər bir vətəndaşın borcudur. Bu da hərbi təhsil, xalqın maariflənməsi və silahlandırılması yoluyla aparılır.

«Yaşıl Qəddafi»

Qəddafi üçün yaşıl rəng xüsusi önəm daşıyır: 1969-cu il inqilabının adı «Yaşıl İnqilab», Tripolidəki meydanının adı «Yaşıl meydan»dır.

Ərəb dünyasında «yaşıl sosializm» yaymaq istəyən «Yaşıl lider» gənclikdə Əbdül Nasirin «İnqilab fəlsəfəsi»ni həyat kredosuna çevirib. Amma hakimiyyətə gəldikdən sonra sosial-siyasi və dini-əxlaqi baxışlarını əhatə edən üçcildlik manifest yazıb, adını da təbii ki, «Yaşıl kitab» qoyub. Kitabda xalq hakimiyyəti modeli də təsvir edilib və Qəddafinin «üçüncü dünya nəzəriyyəsi» adlandırdığı nəzəriyyə əsaslandırılıb.

Qəddafinin və Liviyanın «Yaşıl kitab»a qoyduğu dəyərin yanında rəhmətlik Türkmənbaşı Saparmurad Niyazovun «Ruhnamə»si toya getməlidir. Liviyada 30 ildir «Yaşıl kitab»ın fəlsəfi-siyasi əhəmiyyətini öyrənmək üçün simpoziumlar, konqreslər, dəyirmi masalar, telemüzakirələr keçirilir, monoqrafiyalar yazılır.
Qəddafi özü isə təvazökarlığı bir kənara qoyub bu kitabı «Müasir dövrün İncili» olaraq tanıdır, dünyaya hay salır ki, «Yaşıl kitab»ı dünyanı nizama salmaq üçün nazil edilmiş haqq kəlamı kimi oxumaq və qiymətləndirmək gərəkdir.

İtaliyalı modellərə «Quran»la bərabər «Yaşıl kitab»ın hədiyyə edilməsinin mahiyyətində də bu dayanır.

Türklərin qızğın dostu

Bütün məziyyətlərinə baxmayaraq, Qəddafi türkləri çox sevir. O, dəfələrlə əqidə, sədaqət və döyüşkənliyə görə, xalqına türk millətini örnək göstərib. Liviyalıların da böyük əksəriyyətini «türk kökənli ərəb» hesab edir.

Onun türk sevgisi bir dəfə fanatikcəsinə özünü göstərib. 1974-cü ildə Türkiyə Quzey Kıprısa qoşun çıxaranda Qərbin və ABŞ-ın iqtisadi-siyasi sanksiyaları ilə üzləşib. Həmin vaxt 32 yaşlı Qəddafi 3 bəndlik qərarla Türkiyəyə dəstək verən yeganə ölkə kimi Liviyanın adını tarixə yazıb:

1. Liviya ordusu Türkiyə Baş Qərargahının (Genel Kurmay) əmrindədir

2. Xam neft Türkiyənin istədiyi limanlarına daşınacaq

3. Türkiyə hansı silahı almaq istəyərsə, Liviyaya bildirməsi yetər.

1974-cü ildə Türkiyə təyyarələri Liviyada yanacaq doldurur, liviyalı əsgərlər gəmilərlə Türkiyəyə daşınırdı.

Bu cəsarətin əvəzi olaraq Türkiyə Liviya ordusu əsgərlərinin hərbi təhsil alması üçün geniş imkanlar açdı, hətta Baş Qərargah rəisi liviyalı əsgərlərlə birgə nahar süfrəsində oturmaqla onlara xüsusi önəm verdiyini görüntülədi.

İndi də görünür Qəddafi vaxtilə etdiklərinin əvəzini umur. Məhz buna görə də son günlər ölkəsini tərk etməyə çalışan 25 min türkün üzünə bütün qapıları havadan, sudan, qurudan bağlayıb.

”Ölməz Kaşşey”

Müəmmər Qəddafi sui-qəsdlərdən “yarıyanlar” siyahısındadır. 1975-ci ilin iyununda hərbi parad zamanı Qəddafinin dayandığı kürsü avtomat silahla atəşə tutulub, «İnqilab lideri»nin tükü də zərər görməyib. Bircə ay sonra zabit O. Moheyşinin başçılığı ilə hazırlanan hərbi çevriliş planının qarşısı son anda alınıb, qiyamçılar xaricə qaçıb. 1986 – cı ildə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Qəddafinin iqamətgahını bombardman edib, yaş yarımlıq qızı da daxil olmaqla 101 liviyalı həyatını itirib, o yenə də sağ qalıb. 1996-cı ilin fevralında Qəddafinin kortejinə kamikadzelər hücum edib, partlayış bir neçə cangüdəninin həyatına son qoyub, Qəddafiyə bir şey olmayıb...

1979-cu ildə Misirdəki «Müsəlman Qardaşları», Liviya müxalifətinin lideri Məhəmməd Maqarifin yaratdığı «Milli Cəbhə», 1981-ci ildə Sudan lideri Cəfər Nimeyri Qəddafi barədə ölüm fətvası verib.

Əvvəl “qudurmuş it”, sonra dostluq

Qəddafinin arzusu və hədəfi Vahid Ərəb Dövləti yaratmaq olub, o heç indi də bu istəyini danmır. Amma ərəb ölkələriylə yaratdığı konfederasiyalar zaman-zaman dağılıb. Liviyanın Misiri, Çadı hərbi yolla ilhaq etmək cəhdləri də ABŞ-ın hərbi müdaxiləsiylə uğursuzluğa düçar olub.

Liviya ABŞ və Avropa ilə kəskinləşən münasibətlərə cavab olaraq SSRİ ilə əlaqələri sıxlaşdırıb. Vaxtilə 7 günə Liviya inqilabını tanıyan və Qəddafiylə işləməyə hazır olduğunu bildirən ABŞ 80-ci illərdə Ronald Reyqanın diliylə «İnqilab lideri»ni «Yaxın Şərqin qudurmuş iti» adlandırıb.

Ancaq ABŞ-ın kəskin açıqlamaları fonunda amerikan politoloqlar Qəddafini «Amerikanın düşündüyündən daha praktik və praqmatik bir siyasətçi» (Robert Karl) sayırdı.

ABŞ-Liviya münasibətləri getdikcə lokal toqquşmalar və terror səviyyəsinə qədər gərginləşdi. 1986-cı ildə Qərbi Berlindəki əyləncə klubunda baş verən partlayışda iki amerikan hərbçisinin ölməsi və Mərkəzi Kəşfiyyat İdarəsinin teraktda Liviyanı suçlamasına ABŞ bombardmanla cavab verdi. Qəddafinin qızı da daxil olmaqla 101 ölü!

Bunun əvəzini Qəddafi 2 il sonra çıxdı: Şotlandiyanın Lokkerbi şəhərində ABŞ-a məxsus sərnişin təyyarəsi partladıldı: 370 ölü!

Liviyanın terakta dəstəkçi olduğunu bəyan edən ABŞ və İngiltərə 1992-ci ildə BMT-də bu ölkəyə qarşı sanksiya qərarının çıxarılmasına nail oldu.

Rusiyanın da sanksiyalara qoşulması səbəbindən Qəddafi təklənmiş duruma düşdü. Buna görə də o, nüvə silahı proqramından vaz keçdi, Lokkerbi teraktının məsuliyyətini üstünə çəkdi, təzminat ödəməyə hazır olduğunu dedi. Bu etirafların müqabilində ABŞ və Avropa dərhal sanksiyaların böyük bir hissəsini qaldırdı, iqtisadi-siyasi əlaqələr qurmağa başladılar. Hətta Liviyanı terrora dəstək verən ölkələr siyahısından da çıxardılar. Baxmayaraq ki, «Qara İyul Təşkilatı» və «Çaqqal» ləqəbli beynəlxalq terrorçunun maliyyəçisi, «Taliban», «Həmas»ın dəstəkçisi, hazırda 7 min terrorçunun bu ölkədə yetişdirilməsiylə bağlı faktlar dünyanın diqqətindədir!

Qərbin Qəddafinin etiraflarına tələm-tələsik cavab verməsini və bir anın içində terror himayəçisi siyahısından çıxarılmasını politoloqlar Liviyanın neft və qaz ehtiyatları ilə əlaqələndirirlər.

Liviya 1,5 trilyon kubmetr qaz, 50 milyard barel neft ehtiyatına malik ölkədir. Coğrafi durumu da çox önəmlidir: Afrikanın Aralıq dənizinə açılan limanlarından biri kimi!

İtaliyaya «Ömər Muxtar»la

Liviya rəhbəri dünya kinematoqrafiyasına, Azərbaycan tamaşaçısının də heyranlıqla baxdığı «İslama çağırış» və «Ömər Muxtar» filmlərini hədiyyə edən şəxs sayılır. Hər iki film Qəddafinin sifarişi və maliyyə dəstəyi ilə çəkilib.

Ömər Muxtarı Liviyanın azadlıq mübarizəsinin simvolu kimi indi də ürəyində daşıyır. Qəddafinin uzun illərdən sonra gerçəkləşdirdiyi İtaliya səfərinə sinəsində Ömər Muxtarın şəkli ilə getməsini dünya mətbuatı hələ də dartışır: səfər boyu bütün rəsmi görüşlərində sinəsindəki «Ömər Muxtar»ı xüsusi pozlarla nümayiş etdirən Qəddafi bununla İtaliyanın işğalı və Liviyanın azadlıq savaşını bir daha niyə gündəmə gətirirdi?

Versiyalar, münasibətlər həddən artıq çoxdur…

Oğul atasına bənzəməsə...

Qəddafinin Safiya Farkaşla nikahından 6 oğlu (Məhəmməd, Seyfülislam, Albay əs-Sədi, Əl-Mütəəssim, Hannibal, Xamis) və 1 qızı (Ayişə) var. Bunlardan başqa, daha 2 uşağı övladlığa götürüb.

Məhəmməd Liviya Olimpiya Komitəsinin, Seyfülislam «Qəddafi» Yardım Cəmiyyətinin, Albay əs-Səədi Liviya Futbol Federasiyasının başqanıdır.

Sarbonna Universitetinin məzunu olan qızı Ayişə Səddam Hüseynin vəkillərindən biri kimi məşhurdur.

Oğulları da ataları kimi qeyri-adilikləri ilə vaxtaşırı dünya mətbuatının gündəmində olurlar.

Sədi bağladığı müqavilələrə rəğmən heç bir klubda oynamasa da, futbolçudur. Onun 2007-ci ildə istirahət etdiyi İtaliyanın Tiqullio şəhərindəki bahalı «Ekselsior» otelinə 392 min avro borcunun hələ də ödənilmədiyi bildirilir.

Hannibal isə İsveçrədə bir otelin işçilərinə kobud davranması səbəbindən 2008-ci ildə həbs edilib. Hanniballa birlikdə həbs olunan xanımının hamilə olması və saxlandığı müddətdə gərginlik keçirməsi nəticəsində uşağını itirməsi Müəmmər Qəddafini tamamilə özündən çıxarıb.

Qəddafi buna cavab olaraq 2 isveçrəli biznesmeni Liviyada həbs etdirib, oğlu azadlığa çıxana qədər onları həbsdə saxlayıb.

İsveçrənin minarə tikintisinə qadağa qoymasından sonra isə Liviya bu ölkəylə münasibətləri tamam kəsib. Hətta Qəddafi bütün müsəlman ölkələrinə səslənərək İsveçrə ilə ticari əlaqələr quran hər bir müsəlmanın Allahın qəzəbinə gələcəyini bəyan edib.

Bu çağırışın nəticəsiz qaldığını da demək olmaz. Qarşılıqlı sanksiyalarda daha çox İsveçrə uduzub. Bu ölkənin ərəb dünyasına ixracatı iki dəfə azalıb və büdcə ciddi zərbə alıb.


“Xalq tələb edir”

”- Niyə özünüzü ilahiləşdirirsiniz?

- Neyləmək olar, xalq belə tələb edir!”

Bu sitat Qəddafinin müsahibələrindən birindəndir. Özünü “xalqın atası” hesab edir, 41 il 6 aydır ki, hakimiyyətdədir və ona qarşı başlayan xalq üsyanını heç bir halda qəbul etmək istəmir. Ona elə gəlir ki, yaxşı güzəran verdiyi xalqı heç vaxt «Atasına» qarşı çıxmaz, mitinq və nümayişləri isə ABŞ və İsrail kəşfiyyatı həyata keçirir.

“Əsl müsəlman”

Qəddafi içki içmir, zinadan uzaqdır, Quran hafizidir. Xarici banklarda hesabının olması barədə heç bir məlumat yoxdur. Varlı həyatı yaşaması haqqında dünya mediasında heç nə yazılmayıb. Övladlarından özünə davamçı təyin etməyib, heç “Yaşıl kitab”da da bu barədə heç nə yoxdur. Kapitalizmə nifrət edir və bədəvi olmasıyla fəxr edir. Ərəb Birliyi ideyası gözündə qalsa da, Xəlifələrə məxsus libaslardan istifadə edir. Afrika Birləşmiş Ştatları idealına çatmasa da, Afrika Ölkələri Təşkilatının yaradılmasına nail olub. 67 yaşı olmasına rəğmən 42 ilə yaxın sürən hakimiyyəti ilə ən çox hakimiyyətdə olan şəxs sayılır.

Qəddafidən sonra…

Son günlər Tripolidə və bütünlüklə Liviyada dəhşət yaşanır. 1986-cı ildə ABŞ təyyarələrinin gördüyü işi indi Liviya təyyarələri Qəddafinin xalqına qarşı törədir.

Nəticənin necəliyindən asılı olmayaraq, bilinən yalnız odur ki, heç kəs əbədi deyil. 62 illik müstəqil dövlətləri tarixində Liviya xalqının üçüncü lideri də görmək haqqına qarşı çıxmağın özü haqsızlıq olar.

Ancaq bu bir həqiqətdir ki, Dünya Qəddafi ilə utopik sosialistlərin sonuncusunu, Ərəb dünyası Vahid Ərəbistan ideyasını daşıyan sonuncu şəxsini, Qara Qitə «Afrika Birləşmiş Ştatları» ideyasının müəllifini, Liviya qara və heybətli görünüşü ilə dünyaya meydan oxuyan, Afrikanın 6,5 milyon nəfərlik kiçicik dövlətini daim dünyanın diqqət mərkəzində saxlayan dəliqanlı bir Polkovnikini itirəcək…
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2055

Oxşar yazılar