Dünyaya səs salan keşiş qızının uğurlu həyatı - HEKAYƏT
15 fevral 2011 17:19 (UTC +04:00)

Dünyaya səs salan keşiş qızının uğurlu həyatı - HEKAYƏT

O, Almaniyanın ilk qadın (və hazırkı) Kansleri – Baş naziridir.

O, Almaniya tarixində ən gənc nazir (36 yaşında) və ən gənc Kansler (51 yaşında) olmuşdur.

O, nüfuzlu “Forbes” dərgisinin dünyanın “100 ən güclü qadın”ı siyahısına 2006, 2007, 2008 və 2009-cu illərdə liderlik etmişdir. O, son 4 ildə dünyanın ən güclü qadın lideri, siyasətçi elan edilib.

«Taym» jurnalı da onu 2006 ,2007-ci illərdə dünyanın 100 ən nüfuzlu şəxsi sırasına daxil edir.

O, ünlü ingilis dövlət və ictimai-siyasi xadimi Marqaret Tetçerdən sonra böyük səkkizliyə sədrlik edən ikinci qadın olmuşdur!

O, Böyük Avropa İnteqrasiyasına töhfəsinə görə, 2006-cı ildə “Avropa üçün Baxış” Ordeni ilə ödülləndirilmişdir!

O, 21 mart 2006-cı ildə “İtaliya Respublikasına göstərdiyi xidmətlərə görə” “Böyük Xaç” Ordeni ilə təltif olunmuşdur!

O, 2007-ci ildə Qüds (Yerusəlim) Universitetinin, 2008-ci ilin iyununda Leypsiq Universitetinin, həmin ilin sentyabrında isə Vroklau (Polşa) Universitetinin “Fəxri doktor”u adına layiq görülmüşdür!

O, 2007-ci ildə Almaniyadakı Yəhudi Birliyi Mərkəzinin Leo Bek ödülünə layiq görülmüşdür!

O, 11 yanvar 2008-ci ildə Horst Köler tərəfindən “Almaniya Federativ Respublikasına göstərdiyi xidmətlərə görə” “Böyük Xaç” Ordeni ilə təltif edilmişdir!

O, 2008-ci ildə “Peru Günəşi” “Böyük Xaç” Ordeni ilə ödülləndirilmişdir!

O, Avropa Birliyində təqdirəlayiq xidmətlərinə görə 2008-ci ildə Avropanın ən nüfuzlu ödüllərindən sayılan Böyük Karl (Karlspreis) ödülü ilə təltif olunmuşdur!

«Nev Statesman» 2010-cu ildə onu dünyanın ən nüfuzlu 50 şəxsiyyəti sırasına daxil edib!

2010-cu il noyabrın 17-də Ağ Ev açıqlama yaydı ki, prezident Barak Obama onu ABŞ-ın ən yüksək mükafatı olan Azadlıq Medalı ilə təltif edib!

O, modern bir dövlət olmasından bu yana Almaniyanı idarə edən ilk qadın hökumət başçısıdır! (Kanslerdir). O, həm də 2-ci Dünya Müharibəsindən bəri alman şansölyesi olan ən gənc insandır!

O yalnız öz ölkəsinin və Avropanın deyil, ümumən dünyanın yaxşı tanıdığı Angela Merkeldir (ANGELA DOROTHEA KASNER)!

Səssiz yüksəliş yollarında: balaca qızdan “balaca qız”a...

1954-cü il iyulun 17-də Hamburqda Kasnerlər ailəsində bir qızcığaz dünyaya gəldi. Ailəsi körpəyə Angela (Angela Doroti Kasner) adını qoydu. Angelanın atası Horst Kasner Lüteran keşişi, anası Herlind isə Almaniya Sosial-Demokrat Partiyasının üzvü, ingilis və latın dili müəlliməsi idi. (Xanım Kansler 2000-ci ildə “Der Spigel” (“Güzgü”) qəzetinə verdiyi müsahibədə dörddən bir yarıpolyak olduğunu demişdi.)

Anadan olmasından bir neçə həftə sonra onun ailəsi Hamburqdan Almaniya Demokratik Respublikasına (ADR) köçmüşdü. Onlar Berlinin 80 km quzeyində – şəhər kənarında yaşayırdılar.

Horst Kasner Heydelberq və Hamburq Universitetlərində teologiya dərsləri keçirdi. Üç il sonra, 1957-ci ildə Kasnerlər Ukkermarka – Templin şəhərinə köçürlər. Horst Kasner burada Kilsədaxili Tədris Mərkəzinin yaradılmasında iştirak edir. 1957-ci il iyulun 7-də Angelanın qardaşı Markus, 1964-cü il avqustun 19-da bacısı İrena dünyaya gəlir.

Templində Angelanın atası artıq pastor deyil, Pastorlar Kollecinin rəhbəri idi. Uzun müddət həmin vəzifədə çalışan Horst Kasner Berlin-Brandenburq lüteran kilsəsində nüfuzlu bir simaya çevrilmişdi. O, ADR hökumətinə və kilsəyə münasibətində Almaniya Vahid Sosialist partiyasının siyasətinə müxalif olmayan kilsə nümayəndələrindən idi. ADR-nın “Vaysenzee seksiyası”nın ilahiyyatçılar qrupuna daxil olan Kasner, dövlət rəhbərliyinin qənaətinə görə, kilsədə mütərəqqi qüvvələri təmsil edirdi. Kasnerlərə müəyyən imtiyazlar, o cümlədən Qərbə getmək icazəsi verilmişdi. Lakin Herlind Kasnerə ADR təhsil sistemində ixtisası üzrə işləmək izni verilməmişdi. Herlind Kasner özünü uşaqlarına həsr etdiyi üçün Angela nə uşaq bağçasına, nə də məktəb hazırlıq qrupuna getməmişdi.

1961-ci ildə Angela Kasner Templində orta politexnik məktəbin 1-ci sinfinə gedir. Sinif yoldaşlarının və müəllimlərinin dediklərinə görə, Angela o qədər də gözəçarpan şagird olmasa da, sosial mühitə tez uyğunlaşan bir qız idi. Təhsildə qazandığı uğurlar, özəlliklə rus dili və riyaziyyat fənlərindən əldə etdiyi nailiyyətlər diqqətəlayiq idi. Məktəb illərində əvvəllər pioner təşkilatının, sonralar Azad Alman Gəncləri Birliyinin üzvü olmuş Angela, orta məktəbin bütün buraxılış imtahanlarını “əla” qiymətlə verir.

Angela Kasner hələ məktəbli ikən, Karl Marks adına Leypsiq Universitetinin fizika fakültəsində təhsil almağı qərara alır və bu məqsədlə 1973-cü ildə Leypsiqə köçür. O, müxalif ruhlu gənclərin sırasına aid deyildi, lakin özünün dediyinə görə, bu illərdə çox bəyəndiyi dissident-yazıçı Rayner Kuntse ilə tanış olmuşdu və bu görüş ona böyük təsir göstərmişdi.

1973-cü ildən 1978-ci ilə kimi Leypsiq Universitetində fizika üzrə təhsil almış Kasner, tələbəlik illərində tələbələr tərəfindən təşkil olunan Moritzbas binasının qalıqlarının bərpası layihəsində iştirak edir. O zamankı ADR-də gözlənilməz hal sayılan bu hadisəyə qarşı çıxan ilk qurum Leypsiq Universiteti olur. Ancaq Almaniya Sosialist Birlik Partiyasının bu təşəbbüsü dəstəkləməsi layihənin həyata keçirilməsini təmin edir.

Təhsil aldığı dövrdə, Moskva və Leninqradın gənc tələbə-fizikləri ilə bilik mübadiləsi görüşündə (1974-cü il) o, ilk həyat yoldaşı fizik Ulrix Merkellə tanış olur. Onların nikah mərasimi 3 sentyabr 1977-ci ildə, Templin kilsəsində keçirilir.

“Bərk mühitdə məkan korrelyasiyasının sadə bimolekulyar reaksiyalara təsiri” adlı diplom işini Angela Merkel 1978-ci ildə uğurla müdafiə edir. Təhsil aldığı dövrdə Angela Merkel Azad Alman Gəncləri Birliyinin fəaliyyətində də aktiv iştirak edirdi.

İlmenau Ali Texniki Məktəbindən işlə təminedilmə istəyinə etiraz cavabı alan Merkellər paytaxta köçürlər. O, Berlinin Adlersxof rayonunda yerləşən ADR Elmlər Akademiyası yanında Mərkəzi Fiziki kimya İnstitutunda işləməyə başlayır.

1981-ci ildə Angela Merkel həyat yoldaşından ayrılır. Övlad sahibi olmayan bu cütlüyün boşanması 1982-ci ildə rəsmiləşir. Ailə həyatı ilə bağlı o deyirdi: «Biz evləndik ona görə ki, hamı evlənirdi. Bu gün bu qəribə səslənə bilər, amma mən nikaha ciddi ehtiyac olmadığı halda girdim. Mən səhv etmişdim».

1984-cü ildə Angela Merkel indiki həyat yoldaşı İoaxim Zauerlə tanış olur. Onlar 1998-ci ildə evlənirlər. Onların övladı olmasa da, Angela Merkelin həyat yoldaşının əvvəlki evliliyindən iki övladı var.

Mərkəzi İnstitutun 650 nəfərlik ştatının 350 nəfəri alimlərdən ibarət idi. Angela Merkel nəzəri kimya şöbəsində çalışırdı. 8 yanvar 1986-cı ildə o, “Adi əlaqə kəsintisi ilə dağılma reaksiyasının mexanizminin tədqiqi və onun dəyişməyən sürətinin kimyəvi-kvant və statistik metodlar əsasında hesablanması” mövzusunda dissertasiya müdafiə etdi. Onun elmi rəhbəri Mərkəzi İnstitutda nəzəri kimya bölməsinin rəhbəri Luts Tsülikke idi. Angela Merkel təbii elmlər doktoru dərəcəsini aldıqdan sonra Klaus Ulbrixtin rəhbərlik etdiyi analitik kimya bölməsinə keçdi.

İşi ilə yanaşı, Angela Merkel ölkənin siyasi həyatında da fəal iştirak edirdi, Angela Merkel Azad Alman Gəncləri Birliyi rayon komitəsinin üzvü, təbliğat və təşviqat üzrə katib idi. Fəaliyyətinin bu sahəsini o, maarifçi-mədəni iş hesab edir və 1992-ci ildə verdiyi bir müsahibədə dediyi kimi, bu işi çox xoşlayırdı. Angela Merkel nə Almaniya Vahid Sosialist Partiyasının, nə də ADR-in demokratik blokuna daxil olan heç bir partiyaya üzv olmadı, müxalifət hərəkatında iştirak etmədi. Lakin 1989-cu ildə Berlin divarı uçurulduqdan sonra, Merkel demokratiyanın inkişafı hərəkatnda fəal iştirak etdi və “Demokratik Oyanış” Partiyasına qoşuldu.

“Demokratik Oyanış” Partiyası

1989-cu ilin payızında, Berlin divarının uçurulmasından sonra baş verən radikal dəyişikliklərin zəminində məlum oldu ki, bir tərəfdən ADR-də yeni demokratik partiyaların yaranması prosesi başlayır, digər tərəfdən ADR Elmlər Akademiyası bu şəkildə fəaliyyətini dayandırmalıdır. (Akademiya rəsmi olaraq, 31 dekabr 1991-ci ildə bağlanmışdır.) Bu zaman, Angela Merkel yeni yaradılan “Demokratik Oyanış” Partiyasında işə başlayır: 1989-cu ilin dekabrından müvəqqəti EHM administratoru, 1990-cı ilin fevralından etibarən partiyanın sədri Volfhanq Şnurun ştatında referent kimi çalışır. Bir müddətdən sonra ona partiya vərəqələrinin hazırlanması həvalə edilir, ardınca o, mətbuat katibi vəzifəsini tutur.

Angela Merkelin bioqrafı Gerd Lanqqut yazır ki, dostları və tanışları onun 70-80-ci illərdə Xristian Demokratik Birliyində siyasi karyera qurmasına təəccübləndilər, çünki Merkel baxışlarına görə “yaşıllar”a daha yaxın idi. Almaniyanın birləşməsindən sonra Angela Merkelin anası Almaniya Sosial Demokrat Partiyasında fəal iştirak edir, atası Horst Kasner də XDB-nə o qədər də böyük simpatiya ilə yanaşmırdı.

Bununla belə, gənc “Demokratik Oyanış” Partiyasının siyasi kursu bir neçə dəfə dəyişdi. Əvvəlcə, onu “Yeni forum”, ”Bugünkü demokratiya” adlı başqa vətəndaş hərəkatları kimi solçulara aid etdilər, lakin az sonra partiya sosializm ideyasından açıq-aşkar imtina etdi. 1990-cı illərin əvvəllərində Qərbi Almaniyanın mühafizəkar siyasətçiləri ADR-in Xalq Palatasına 18 mart 1990-cı ildə keçiriləcək seçki kampaniyasında iştirak etdilər. XDB-nin Baş katibi Folker Ryue 5 fevral 1990-cı ildə yaratdığı “Almaniya Uğrunda İttifaq”a rəhbərlik etdi. Yeni vətəndaş hərəkatında “Demokratik Oyanış” önəmli rol oynadı: XDB-nin sədri və Federal Kansler Helmut Kol seçkiqabağı mübarizədə ümidlərini ADR demokratik blokundan yalnız XDB və XSB-yə yaxın olan Alman Sosialist İttifaqına bağlamamağı qərarlaşdırdı.

Parlament seçkilərindən bir neçə gün sonra partiya sədri Volfhanq Şnurun ADR Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq etdiyi bəlli olduğunda “Demokratik Oyanış”ın nüfuzu aşağı düşdü. Angela Merkel partiya rəhbərliyinin baş verənlərə qiymət verməsi məqsədilə mətbuat konfransı keçirdi və orada dedi: “Partiya üçün ən məsuliyyətli dönəm və danışan Angela Merkeldir!”

“Almaniya Uğrunda İttifaq”

Xalq Palatasına 18 mart 1990-cı ildə keçirilən ilk azad seçki Angela Merkelin partiyasının məğlubiyyəti ilə başa çatdı: partiya səslərin cəmi 0,9%-ni toplamışdı. Lakin seçkiqabağı blokda təmsil olunan Şərqi Almaniyanın XDB-nin gözlənilməz nəticə nümayiş etdirməsi – 41% səs toplaması ilə “Almaniya Uğrunda İttifaq” seçkilərdə qalib oldu. Bu partiyanın siyahıda birinci nümayəndəsi Lotar de Mezyer, “Almaniya Uğrunda İttifaq” - sosial-demokratlar və liberallardan təşkil olunmuş koalisiya yaratdı. 12 apreldə Lotar de Mezyer ADR-in Nazirlər kabinetinin sədri seçildi. Seçkiqabağı koalisiyanın üzvləri arasında aparılan vəzifə bölgüsü nəticəsində Angela Merkel ilk və son azad seçki əsasında seçilmiş ADR hökumətinin mətbuat katibinin müavini vəzifəsini tutdu. Bu seçki ADR üçün son seçki olsa da, tutduğu vəzifə xanım Merkel üçün bir başlanğıc idi...

Parlamentə seçkilərdən bir neçə həftə sonra ADR-in qaynar siyasi həyatında Almaniyanın birləşməsi kimi yeni bir məsələ gündəmə gəldi. Valyuta, iqtisadi və sosial ittifaqın yaradılması haqqında dövlət müqaviləsinin imzalanması hazırlıqları çərçivəsində 18 may 1990-cı ildə Bonnda keçirilən ilkin danışıqlarda Angela Merkel də iştirak etdi. Danışıqlarda ADR tərəfini Nazirlər Sovetinin sədri yanında parlamentin Baş katibi, Merkelə siyasi karyerasında irəliləmək üçün yardımçı olan Günter Krauze təmsil edirdi. 31 avqust 1990-cı ildə Krauze və AFR Daxili İşlər naziri Volfhanq Şoyble AFR və ADR-in birləşdirilməsi haqqında müqavilə imzaladılar.

Hökumətin mətbuat katibinin müavini kimi Angela Merkel Lotar de Mezyeri xarici səfərlərində müşayiət edirdi. O, Almaniyada vəziyyətin nizama salınmasına dair son tədbirlər haqqında müqavilənin (“İki üstəgəl dörd” müqaviləsi) bağlanmasında da iştirak etdi. Bu vaxtdan etibarən birləşmiş Almaniyanın siyasi həyatının başlanğıcının əsas tarixi məlum oldu: Bundestaqa ilk ortaq seçkilər 2 dekabr 1990-cı ilə təyin edildi.

XDB-yə keçid

“Demokratik Oyanış” üçün Xalq Palatasına 1990-cı ilin martında uğursuz keçən seçkilər və növbəti aylarda yaranan durum, partiyanın XDB ilə yaxınlaşmasına səbəb oldu. 4 avqust 1990-cı ildə partiyanın növbədənkənar qurultayı Şərqi Almaniyanın eyni adlı partiyası ilə birləşməsindən sonra Qərbi Almaniyanın XDB-nin tərkibinə qatılmaq qərarını səs çoxluğu ilə qəbul etdi. Merkel 1990-cı ilin oktyabr ayının ilk iki günündə Hamburqda keçirilən XDB-nin birləşmiş qurultayında “Demokratik Oyanış”ı təmsil edən üç nümayəndədən biri idi. Qurultaydakı çıxışında Merkel özünü “Demokratik Oyanış”ın sabiq mətbuat katibi və Mezyer hökumətinin əməkdaşı kimi təqdim etdi. Angela Merkelin təşəbbüsü ilə XDB-nin həmin 38-ci qurultayı ərəfəsində onun XDB sədri ilə və Almaniyanın Federal Kansleri Helmut Kolla ilk şəxsi söhbəti baş tutdu.

Angela Merkelin ADR hökumətinin mətbuat katibinin müavini kimi fəaliyyəti 3 oktyabr 1990-cı ildə, Almaniyanın birləşdirildiyi gün başa çatdı. Merkel AFR Federal Mətbuat və İnformasiya İdarəsində nazir müşaviri vəzifəsinə təyin edildi.

Merkelin 12 il çalışdığı instituta qayıtması qeyri-mümkün idi. Belə ki, Almaniyanın birləşdirilməsi haqqında sazişdə ADR Elmlər Akademiyasının bağlanacağı bildirilmişdi. Federal Mətbuat və İnformasiya İdarəsində işlə təmin edilən Angela Merkel, Bundestaqın deputatı olmaq qərarına gəldi. Yeni federativ ərazi olan Meklenburq – Ön Pomeraniyada XDB bölməsinə rəhbərlik edən Günter Krauzenin vasitəçiliyi ilə, Merkel Ştralzund-Ryuqen- Quzey Ön Pomeraniya Seçki Dairəsindən Bundestaq deputatlığına “birmandatlı” namizəd oldu və eyni vaxtda partiya siyahısında altıncı xanada yer aldı.

Qadın və Gənclərin Problemləri üzrə Federal nazir

2 dekabr 1990-cı ildə Bundestaqa ilk ümumalman seçkilərində Angela Merkel, öz seçki dairəsindən səslərin 48,5%-ni topladı. Yeni çağırış Bundestaqın 20 dekabr 1990-cı ildə keçirilən ilk (təsis) iclasında Angela Merkel deputat mandatını aldı.

Seçkilərdə qələbə qazanan Helmut Kolla növbəti görüşdən sonra 1990-cı ilin noyabrında Angela Merkel Bonna Federal Kanslerin ofisinə dəvət edildi və o, Helmut Kolun dördüncü kabinetində nazir vəzifəsinə irəli sürüldü. Ləğv edilmiş gənclər, qadınlar, ailə və səhiyyə üzrə federal nazirlik üç yerə ayrılmışdı: Federal Səhiyyə Nazirliyi (Gerda Hasselfeldt), Ailə və Yaşlıların Problemləri üzrə Federal İdarə (Hannelore Rönş) və Qadın və Gənclərin Problemləri üzrə Federal İdarə. O qədər böyük olmayan, dar səlahiyyətə malik nazirliyə rəhbərlik 18 yanvar 1991-ci ildə nazir andı içən Angela Merkelə həvalə edildi.

Keçmiş ADR vətəndaşı Angela Merkel, Qərbi Almaniyanın başqa yüksək rütbəli siyasətçiləri kimi, XDB-də ictimai iş təcrübəsinə malik deyildi. Angela Merkelin partiya pillələri ilə sürətlə yüksəlməsi Federal Kanslerin himayədarlığı sayəsində mümkün oldu. O zamanlar onu tez-tez “Kolun qızı” adlandırırdılar. Merkelin partiyadaxili rəqibləri özlərinin ardıcıl karyerasını qurduqları vaxt, onun XDB daxilində hələ ki, sözü keçmirdi. Vəziyyəti dəyişmək üçün o, 1991-ci ilin noyabrında, Brandenburqda XDB sədrliyi uğrunda keçirilən seçkilərdə namizədliyini irəli sürdü, lakin Ulf Finkə məğlub oldu. Nəhayət, 1991-ci ilin dekabrında XDB-nin Drezdendə keçirilən federal qurultayında Merkel XDB sədrinin müavini seçildi və bu postda Lotar de Mezyeri əvəz etdi. Lotar de Mezyer vəzifəsini tərk etdikdən və Federal Nəqliyyat naziri Günter Krauzenin avtobanda avtodayanacaq tikintisinə qeyri-qanuni lisenziya verməsi ilə bağlı yaranan qalmaqaldan sonra Angela Merkel XDB-də qalan ADR-li azsaylı deputatlardan idi ki, ləkələnməmiş “özkeçmiş”ə malik idi. 1993-cü ilin mayında Günter Krauzenin istefaya getməsi Angela Merkelə partiyada öz mövqeyini möhkəmlətmək üçün şərait yaratdı. Bu fürsəti dəyərləndirən Merkel, 1993-cü ilin iyununda Meklenburq – Ön Pomeraniyada XDB rəhbərliyinə keçdi.

Ətraf Mühitin Mühafizəsi üzrə Federal nazir

16 oktyabr 1994-cü ildə keçirilən növbəti Bundestaq seçkilərindən sonra Angela Merkel Helmut Kol hökumətində Ətraf Mühitin, Təbiətin Mühafizəsi və Nüvə Təhlükəsizliyi Federal naziri vəzifəsinə təyin edildi. Birmandatlı seçki dairəsində o, seçicilərin səslərinin 48,6%-ni toplamışdı. Kolun kabinetində ən gənc nazir olduğu üçün cənab Kol ona “Balaca qız” deyə müraciət edirdi.

Mühafizə Nazirliyində onun sələfi XDB hüdudlarından kənarda da kifayət qədər tanınmış siyasətçi Klaus Töpfer olmuşdu. Lakin onun ətraf mühitin mühafizəsinə dair baxışları partiyanın iqtisadi qanadında, özəlliklə, XDB-nin koalisiyada tərəfdaşı olan Azad Demokratiya Partiyasının üzvləri tərəfindən etirazla qarşılandı. Beləliklə, onun vəzifəsini 17 noyabr 1994-cü ildən etibarən Angela Merkel icra etməyə başladı. (Töpferin Regional Planlaşdırma, İnşaat və Şəhər İnkişafı Federal naziri kimi yeni təyinatını isə ictimaiyyət onun siyasi məğlubiyyəti hesab etdi.)

Güneyli katolik kişilərin siyasi lideri...

1998-ci il 27 sentyabrda keçirilən Bundestaq seçkiləri XDB/XSB bloku və onun federal kanslerliyə namizədi Helmut Kol üçün uğursuzluqla nəticələndi. Partiya bloku seçkilərdə 1949-cu ildən bəri ən pis nəticəni göstərdi: ilk dəfə olaraq mövcud hökumət yeni müddətə səlahiyyət əldə edə bilmədi. Angela Merkelin birmandatlı dairədə göstəricisi 11 bənd aşağı düşdü və 37,3% səsdən ibarət oldu.

Helmut Kol zamanında “əbədi vəliəhd” Volfhanq Şoyble 1996-1997-ci illərdən etibarən dəfələrlə “namizəd” məsələsini qaldırmışdı: parlament seçkilərində federal kanslerliyə XDB-nin namizədi kim olacaq? Lakin Şoyble “Əbədi Kansler” Helmut Kola qarşı çıxa bilməzdi. Hələ namizəd seçimindən öncə Şoyblenin müsahibələrinin birində Kolun namizədliyinin tənqid olunduğu sezilirdi. Seçkidə məğlubiyyətdən sonra XDB-nin Bonnda 7 noyabr 1998-ci ildə keçirilən federal qurultayında Şoyble, nəhayət, XDB sədri seçildi. Şoyblenin təklifi ilə Angela Merkel XDB-nin Baş katibi vəzifəsinə - artıq müxalifətdə dayanan partiyada məsul bir mövqeyə təyin edildi. Helmut Kol partiyanın fəxri sədri oldu, həmçinin XDB Rəyasət Heyətinə və partiyanın federal idarəsinə seçildi.

Merkel XDB-nin Baş katibi təyin olunduqdan sonrakı dönəmdə XDB-nin nüfuzu artmağa başladı. Növbəti aylar XDB yerli seçkilərdə daha uğurlu nəticələr əldə etdi, 1999-cu ilin iyununda Avropa Parlamentinə keçirilən seçkilərdə isə XSB ilə bir blokda 48,7% (1994-cü ildə 38,4%) səs topladı. Bu da XDB Baş katibi Angela Merkelin ictimai və partiyadaxili mövqelərini daha da möhkəmlətdi.

1999-cu ilin noyabrında XDB-nin qeyri-qanuni maliyyələşməsi xəbəri ilə bağlı qalmaqal yarandı. Helmut Kolun 16 dekabr 1999-cu ildə ZDF telekanalına verdiyi müsahibədən sonra bəlli oldu ki, AFR “Siyasi partiyalar haqqında” qanununa zidd olaraq, sabiq Federal Kansler və XDB-nin fəxri sədri, partiya üçün dəyəri milyonlarla hesablanan maliyyə vəsaiti alırmış. Helmut Kol onlara söz verdiyini bəhanə gətirərək, sponsorların adını çəkməkdən imtina etdi. 22 dekabr 1999-cu ildə Baş katib Angela Merkelin “Frankfurter Allgemeine Zeitung” qəzetində dərc etdirdiyi məqaləsində o, Helmut Kolun davranışlarını pislədi və partiya üzvlərini “köhnə qvardiya” ilə bütün əlaqələri kəsməyə çağırdı: “Partiya öz müstəqil addımlarını atmalı, sübut etməlidir ki, “yaşlı köhlən at” (Helmut Kol özünü tez-tez belə adlandırırdı) olmadan da rəqibləri ilə mübarizəsini davam etdirə bilir. Bir yeniyetmə kimi o (partiya) valideyn himayəsindən ayrılmalı və öz yolu ilə getməlidir”.

18 yanvar 2000-ci ildə XDB Federal İdarəsi və Rəyasət Heyəti Helmut Koldan sponsorların adları bəlli olana qədər partiyanın fəxri sədrinin səlahiyyətlərinin icrasını dayandırmasını tələb etdi. Kol partiyanın fəxri sədri vəzifəsindən istefa verdi. Eyni vaxtda o, partiyanın sədri Volfhanq Şoyble ilə tədricən ictimai məsələyə çevrilən qızğın müzakirələrə başladı. Qalmaqalın zərbəsi Şoybleyə də dəydi. 10 yanvar 2000-ci ildə ARD kanalına verdiyi müsahibəsində Şoyble etiraf etdi ki, hərbi-sənaye lobbisi adından Karlxaynts Şnayberdən maliyyə vəsaiti qəbul etmişdir. Lakin bir ay əvvəl, 2 dekabr 1999-cu ildə keçirilən Bundestaq toplantısında o, bu fakta etirazını bildirmişdi. XDB xəzinədarı Brigitta Baumaysterin həmin faktın təfərrüatları haqqında deyilənlərə zidd ifadəsindən sonra, Volfhanq Şoyble partiya rəhbəri vəzifəsində qala bilməzdi. O, partiya və fraksiyanın sədrliyindən istefa verdiyini açıqladı.

16 fevral 2000-ci ildə Volfhanq Şoyble XDB/XSB parlament fraksiyalarında fraksiya lideri və partiya sədrliyi vəzifəsindən istefa verdiyini açıqladı. Partiya bir neçə həftə rəhbərsiz qaldı, Angela Merkel Baş katib kimi partiyada əsas söz sahibi oldu. Bu ərəfədə partiya 9 regional konfrans keçirdi. Konfranslarda maliyyə qalmaqalının nəticələri və onların aradan qaldırılması yolları sıravi partiya üzvləri ilə müzakirə edildi. Məhz bu yerli partiya iclaslarında Merkelin partiya sədrliyinə namizədliyini dəstəkləyən qüvvələr birləşdi. Angela Merkelin bəxti gətirmişdi: ictimaiyyətin və partiya üzvlərinin nəzərində o, ən təmiz adam idi.

XDB-nin 10 aprel 2000-ci ildə Essendə keçirilən federal partiya qurultayında 935 nümayəndədən 897-si Angela Merkelin sədr seçilməsinin lehinə səs verdi. Baş katib vəzifəsinə isə Ruprext Polents gətirildi. XDB/XSB parlament fraksiyasına Fridrix Merts rəhbərlik etdi.

2000-ci il aprelin 10-da Angela Merkel partiyasının ilk qadın sədri oldu! Onun partiyaya sədr seçilməsi bəzi müşahidəçiləri təəccübləndirdi. Belə ki, Merkel Quzey Almaniyadan olan protestant qadın idi, ancaq partiyanın əksəriyyətini sosial cəhətdən mühafizəkar olan kişilər təşkil edirdi, əsas tərəfdarları isə Qərbi və Güney Almaniyadan olan katoliklər idi...

Bu onun böyük qələbəsi idi. Artıq hər kəs onun uğurlu bir siyasətçi və lider olduğunu qəbul edirdi. Və partiyanın əksər üzvləri məhz bu qadının Angela Merkelin rəhbərliyi altında partiyanın iqtidara gələ biləcəyinə və uğur qazanacağına əmin idilər və onun namizədliyinə səs vermişdilər. Bu uğura gələn yol asan keçməmişdi, böyük zəhmətlər, əziyyətlər, çətinliklər, sınaqlar… Amma o, bunların hamısından qalib kimi çıxmışdı və bununla da hər kəsə bir qadının Almaniyaya heç də kişilərdən pis deyil, hətta daha yaxşı rəhbərlik edə biləcəyini göstərirdi. Artıq onun bir siyasətçi, bir lider kimi uğurları, qabiliyyəti, peşəkarlığı ölkəsinin siyasi həyatında aktiv rol oynayan əksər kişilər tərəfindən etiraf, təsdiq edilirdi.

Yeni təyin olunmuş bu rəhbər üçlüyün çətin sınaqları iyulun 14-dən başladı. Baxmayaraq ki, qırmızı-yaşılların federal hökuməti (Almaniya Sosial-Demokrat partiyası-”yaşıllar”) Bundestaqda çoxluq təşkil etmirdi, vergi islahatları layihəsinin səsverməsində onlar hökumətləri XDB-nin iştirakı ilə qurulan bir sıra federal əraziləri öz tərəflərinə çəkməyə nail oldular. Və hadisələri diqqətlə izləyən Merkel, artıq 2000-ci ilin noyabrında mülayim xislətli (mətbuat onu belə adlandırırdı) Ruprext Polentsi vəzifəsindən uzaqlaşdırmalı oldu, daha sərt təbiəti ilə tanınan Laurents Mayer onu əvəz etdi.

Xristian Demokrat Birliyinin sədri!

2000-ci və 2001-ci illər seçkiləri Xristian-Demokratik Birliyinə böyük qələbələr gətirmədi. Qırmızı-yaşıllar hökuməti hakimiyyətdə öz mövqelərini möhkəmlətdi və müxalifətə heç bir fürsət vermədi. Bundan sonra 2002-ci ildə Bundestaq seçkilərindən öncə siyasi mübarizə başlandı. Öncə, 2001-ci ilin fevralında Fridrix Merts Federal Kansler vəzifəsinə namizədliyini irəli sürməklə məsələni kütləvi informasiya vasitələri ilə müzakirəyə çıxartdı. Angela Merkelin namizədliyini irəli sürməyə hazırlığı hamıya bəlli idi. Lakin o, partiyanın yüksək dairələrində lazımi səviyyədə dəstəklənmirdi, federal ərazilərin nazirləri və partiya bölmələrinin rəhbərləri kimi bir çox XDB üzvləri Bavariyanın Baş naziri və XSB-nin sədri Edmund Ştoyberə üstünlük verirdilər. Partiyanın 2001-ci ilin dekabrında Drezdendə keçirilən qurultayı namizədin müəyyən edilməsinə dair son qərarın qəbul edilməsini XDB Rəyasət Heyəti və Federal İdarəsinin Maqdeburqda keçirilən 11 yanvar 2002-ci il tarixli iclasına qədər təxirə saldı. Angela Merkel, Ştoyberin yolunu kəsməməyi qərarlaşdırdı və yanvarın 11-i Bavariyada baş tutan “Volfsrathauzen yeməyi” adlandırılan görüşdə, onun xeyrinə namizədliyini geri götürdüyünü bildirdi. Merkel həmin addımı atmalı idi, bu, seçkilərdə labüd olan məğlubiyyətdən dolayı etimadsızlıqdan və yeni raundda partiya sədrliyinə namizədi müzakirə etməkdən qaçmaq üçün zəruri idi.

22 sentyabr 2002-ci il Bundestaq seçkilərini az səs fərqi ilə Herhard Şröder və Yoşka Fişerin rəhbərliyi ilə Almaniya Sosial Demokrat partiyası və Yaşıllar qazandı. Angela Merkel Ştoyberin məğlubiyyətinə tolerantlıqla yanaşdı. Şröderin qələbəsində 2002-ci ildə Elbada baş verən dəhşətli sel fəlakətinə hökumətin ildırım sürəti ilə münasibət bildirməsinin, daha güclü amil kimi İraq müharibəsinə kəskin reaksiyasının rolu oldu. Federal hökumətin qəti şəkildə “yox” cavabından fərqli olaraq, Angela Merkel Corc Buşun hərbi əməliyyatlar kursunu dəstəklədi.

Müxalifətin xanım lideri

Bundestaq seçkilərində məğlub olan Angela Merkel, Herhard Şröder hökumətinə qarşı çıxmağı qərara alaraq, Fridrix Mertsin yerinə XDB/XSB parlament fraksiyalarına rəhbərlik etmək istəyirdi. Mertsin öz mövqeyini əlindən buraxmaq fikri yox idi, buna görə də çıxışında Merkeli tənqid etdi. XDB Rəyasət Heyətinin həlledici iclasında Ştoyber də səsini Merkelə verdi. Merkellə Mertsin münasibətləri partiyadaxili rəqabətə əsaslanan münaqişələrlə müşayiət olunurdu. 2002-ci il 11-12 noyabrda XDB-nin Hannoverdə keçirilən federal qurultayında Angela Merkel partiya sədrliyinə yenidən seçildi. 796 səsdən 746-sı Merkelin lehinə verilmişdi. Bununla da Angela Merkel Bundestaqda müxalifətin lideri oldu!

Merkel Almaniyanın sosial-iqtisadi sistemi üçün vacib olan islahatlar gündəliyini dəstəkləyir və bəziləri partiyasının xəttinə uyğun görməsə də bazar yönümlü çıxışlar edirdi. O, Alman Əmək Qanununda işçilərin işdən çıxarılması və həftə ərzində iş saatlarının artırılmasının aradan qaldırılmasına yönəldilmiş dəyişiklikləri dəstəkləyirdi. Bunu həmin qanunların ölkədə rəqabəti aşağı salması və kampaniyaların əmək xərclərini lazımınca dəyərləndirə bilməməsi ilə əlaqələndirirdi.

O, Almaniyanın nüvə gücünün azaldılması mərhələsinin, Şröderdən fərqli olaraq, daha yavaş həyata keçirilməsini dəstəkləyirdi. Merkel güclü Transatlantika əməkdaşlığını və Alman-Amerikan dostluğunu dəstəkləyirdi. 2003-cü ildə o, Amerikanın İraqa hücumunu dəstəkləyərək, bunun qaçılmaz olduğunu deyir və Şröderi anti-amerikançılıqda günahlandırırdı. Elə bu açıqlamalarına görə ona müxalif olan bəziləri onu “Amerikanın xidmətçisi” adlandırırdı. O, isə dövlətinin maraqlarını hər şeydən üstün tutduğunu vurğulayırdı. Təəssüf ki, o, vaxtı ilə Almaniya hökumətinin Türkiyənin Avropa Birliyinə daxil olmasına dəstək verməsini tənqid edir (başqa sözlə, buna qarşı olanlarla həmrəylik nümayiş etdirir) və Türkiyənin Birliyə üzvlüyünün yalnız özəl bir statusla gerçəkləşə biləcəyini söyləyirdi. Onun bu fikirləri Türkiyə rəsmiləri və bu ölkədə yaşayan 3 milyon Türk tərəfindən ciddi etirazla qaşılanmışdı. (Həmçinin onun Almaniyanın daxili vəziyyəti və müsəlmanların cəmiyyətə inteqrasiyası məsələsinə münasibətində: “Mültimədəni cəmiyyət uğursuzluğa düçar olub” ifadəsi də qarşı tərəfin ciddi etirazları ilə müşayiət olundu. Amma o, bununla yanaşı prezident Vulfun İslamın da xristianlıq və iudaizm kimi Avropanın bir hissəsi olması barədə fikirlərini dəstəkləyir və bildirir ki, immiqrantlar Almaniya cəmiyyətinə inteqrasiya etməyə xüsusilə alman dilinin öyrənilməsinə daha böyük səy göstərməlidirlər. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Almaniyada yaşayan türklərin ana dillərini öyrənmələri üçün Türk liseylərinin qurulmasının vacibliyi ilə bağlı fikirləri bu ölkənin bəzi siyasi dairələri o cümlədən onun tərəfindən isti qarşılanmamışdı. Onlar bunun türk kökənli gənclərin öz keçmişləri ilə daha çox ilgilənməsinə səbəb olacağı və erkən yaşda almanca öyrənmələrini əngəlləyəcəyini iddia edərək müsbət yanaşmamışdılar. Bu ölkədə yaşayan Türklər və Türkiyə hökuməti isə bu cür yanaşmadan razı qalmadılar və Almaniyada yaşayan türklərin öz ana dillərini öyrənilməsi imkanlarının yaradılmasının onların Almaniya cəmiyyətinə inteqrasiyasına heç bir əngəl təşkil etməyəcəyini vurğuladılar…

2003-cü il, XDB və onun sədri üçün Hessen və Aşağı Saksoniyada keçirilən parlament seçkilərindəki qələbə ilə əlamətdar oldu. XDB-nin Bundesratda möhkəmlənməsi, müxalifəti təmsil etməsinə rəğmən, Angela Merkelə ölkənin idarə edilməsində çıxış etmək imkanı qazandırdı. XDB hökumətin sosial sistemin və əmək bazarının islahatlarına yönəlmiş “2010 Fəaliyyət Proqramı”nı dəstəklədi, razılaşdırma komissiyasında bir sıra əlavə tələblər irəli sürərək, Bundestaqda və Bundesratda qanunlara dəyişikliklər edilməsinə səs verdi. Həmçinin, partiya səhiyyə islahatlarının və əmək bazarında çağdaş xidmət haqqında Dördüncü qanunun layihəsinin işlənib hazırlanmasında iştirak etdi.

2004-cü ildə fevral 6-da kansler Herhard Şröder Sosial-Demokrat Partiyası liderliyindən istefa verdi və onun yerini Frans Münteferinq tutdu. Elə həmin ay XDB Hamburqda parlament seçkilərində qələbə qazandı. 2004-cü ildə prezident Yohannes Rayın prezidentlik səlahiyyəti müddəti başa çatdı. XDB və XSB-nin dəstəyinə ümid edən Volfhanq Şoyble prezidentliyə namizədliyini irəli sürdü. Angela Merkelin partiyadaxili rəqibləri Roland Koks və Fridrix Merts, eləcə də XSB lideri Edmund Ştroyber onun namizədliyini dəstəklədi. Xanım Merkelin dəstəklədiyi namizəd isə Horst Köler idi. Onun 2004-cü ilin 23 mayında Federal Məclisdə seçkilərdə qələbəsi Angela Merkelin gələcək mövqelərini də gücləndirdi.

2005-ci ilin mayın 22-də Şimali Reyn-Vestfaliya ərazisində keçirilən seçkilər Almaniya Sosial-Demokrat Partiyasının böyük məğlubiyyəti 2003-2004-cü illərdə yaşadıqları seçki məğlubiyyətləri seriyasının son mərhələsi oldu. Seçki məntəqələrinin bağlanmasından yarım saat sonra partiyanın lideri Frans Münteferinq, ondan sonra isə kansler Herhard Şroder 2005-ci ilin payızında Bundestaqa növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı niyyətlərini açıqladılar.

Mayın 30-da XDB və XSB Rəyasət Heyətlərinin birgə iclasında Angela Merkel bu partiyalardan federal kanslerliyə namizəd seçildi. 18 sentyabr 2005-ci ildə Bundestaqa vaxtından qabaq keçirilən seçkilərdə Angela Merkelin rəhbərliyi ilə XDB/XSB bloku, SDP-ya verilmiş 34,2% səsə qarşı, 35,2% səs topladı.

Drezdendə Sosial-Demokrat Partiyası ilə aparılan danışıqlarda koalisiya yaratmaq barədə razılıq əldə edildi. Oktyabrın 10-u SDP, XDB və XSB arasında 16-cı çağırış Bundestaqında Angela Merkelin AFR Federal Kansleri vəzifəsinə seçilməsinə dair əldə edilmiş razılaşma mətbuatda dərc edildi!

22 noyabr 2005-ci ildə Angela Merkel 16-cı çağırış Bundestaqın 611 deputatından 397-nin səsini alaraq, AFR Federal Kansleri vəzifəsinə seçildi! O, AFR tarixində ilk xanım və ən gənc Kansler oldu! Merkel yeni federal ərazidən seçilən ilk Kansler olmaqla yanaşı, həm də təbiət elmləri üzrə təhsilə malik ilk hökumət rəhbəriydi.

Qadınların çoxu Angela Merkelin Federal Kansler seçilməsini onun şəxsi qələbəsi hesab edirlər. Görünüşcə Merkel orta təbəqəyə aid olan alman vətəndaşını xatırladır. Onun cazibəsinin sirri məhz bundadır. Həmçinin, ambisiyası, ayıq-sayıqlığı və zəhmətsevərliyi bu xanımı bir çoxlarından fərqləndirir.

Onu da vurğulayaq ki, Merkel hökumət başçılığına namizəd olmasının ardından saç modelindən tutmuş geyiminə qədər (daha əlvan geyinməsi ilə) böyük bir imic dəyişikliyi etdi, o cümlədən seçim kampaniyası boyunca sıx-sıx əfsanəvi rok-qrup “The Rolling Stones”un “Angie” adlı parçasının çalınmasını uyğun gördü.

2006-cı ilin martında Angela Merkel səlahiyyət müddətinin ikinci hissəsi üçün 8 bəndlik fəaliyyət proqramını irəli sürdü. Buraya federativ sistemin islahatları, bürokratiya ilə mübarizə, elmi tədqiqatlar, enerji siyasəti, büdcə və maliyyə siyasəti, ailə, əmək bazarı və səhiyyə sahəsində islahatlar daxil idi. Xüsusilə səhiyyə xidmətində islahatlar və gələcək enerji təhlükəsizliyi ilə bağlı məsələlərin onun üçün prioritet təşkil etdiyi qənaəti hasil olmuşdur.

Onun geniş fəaliyyəti ölkə əhalisi tərəfindən dəstəkləndi, beynəlxalq sahədə fəaliyyəti ilə isə dünyanın əsas diqqət mərkəzində olan simalarından birinə çevrildi.

Nüfuzlu “Forbes” dərgisinin dünyanın “100 ən güclü qadın”ı siyahısına 2006, 2007, 2008 və 2009-cu illərdə məhz o liderlik edir! «Taym» jurnalı da onu 2006-2007-ci illərdə dünyanın 100 ən nüfuzlu şəxsi sırasına daxil edir!

2006-cı ilin 27 noyabrında XDB-nin federal qurultayında Angela Merkel səslərin 93%-ni toplayaraq yenidən partiyanın sədri seçildi.

Müşahidəçilər xanım Kanslerin Yaxın Şərq və İran siyasətini birmənalı qarşılamasalar da, bu siyasət özü birmənalılığı (müəyyənliyi) ilə seçilir. KİV-in verdiyi məlumata görə, Merkel 2006-cı ilin avqustunda İran prezidenti Əhmədinejatdan aldığı məktuba, həmin məktubda “İsrail hökumətinin qərəzli şəkildə tənqid olunduğunu və yəhudilərin yaşamaq hüquqlarının sual altına alındığı”nı nəzərə alaraq, rəsmi cavab verməmişdir. O, eyni zamanda İranın nüvə proqramına qarşı ən sərt mövqedə dayanan liderlərdən biridir.

2007-ci ilin sentyabrında isə xanım Kansler Berlində Dalay Lama ilə qeyri-rəsmi, təkbətək görüşü keçirildi. Bu görüş dünyada ciddi reaksiya yaratdı və Çin dövləti Almaniya ilə bütün rəsmi danışıqları təxirə saldığını açıqladı. Kanslerin beynəlxalq məsələlər üzrə köməkçii Xristof Xoysqen Çinin Almaniyadakı səfirinə ölkəsinin Çinlə münasibətlər və bu ölkənin ərazi bütövlüyü ilə bağlı məsələlərə baxışında və siyasətində dəyişiklik olmadığı barədə vədindən sonra gərginlik azalmağa başladı.

2007-ci ildə Merkel Avropa Birliyi və Böyük səkkizliyin sədri oldu. O, Lissabon müqaviləsinin və Berlin Bəyannaməsinin danışıqlarında fəal rol oynadı.

2007-ci il mayın 16-da İsrail dövlətinin 60-cı ildönümü münasibəti ilə İsrailə gedən Angela Merkeli hava limanında o vaxtkı Baş nazir Ehud Olmert şəxsən özü qarşılamışdı. Bu, İsrail Baş nazirinin hava limanında Corc Buşdan sonra şəxsən qarşıladığı ikinci qonaq idi.

18 mart 2008-ci ildə Angela Merkel İsrail Knessetində ivrit dilində başladığı nitqlə çıxış etdi. O, Almaniyanın İsrail qarşısında tarixi məsuliyyətini vurğuladı. Merkel xarici dövlətlərdən Knessetdə çıxış edən ilk qadın-rəhbər idi.

Həm oxşar, həm fərqli...

Mərkəz-sağ görüşlü siyasətçi və kimyaçı qadın olan Merkel, ingilisdilli mətbuatda Britaniyanın keçmiş Baş naziri Marqaret Tetçerlə müqayisə edilirdi. Bəziləri onu “Dəmir Ledi”, “Dəmir Qız” və ya “Dəmir Frau” adlandırırdılar. Siyasi şərhçilər hətta onların siyasi gündəliklərindəki oxşarlıqları belə müzakirə edirdilər.

***

27 sentyabr 2009-cu il tarixdə Angela Merkelin Xristian-Demokrat və Xristian Sosialist partiyalarından ibarət bloku seçkilərdə səs çoxluğu qazanaraq Azad Demokratlarla yeni koalisiya yaratdı və onun başçılıq etdiyi yeni hökumət 2009-cu il oktyabrın 28-də öz işinə başladı. Bu seçkilərin ən önəmli sonucu o oldu ki, Angela Merkel artıq sosialistlər olmadan da koalisya yaratmaq imkanı əldə etdi. (Sosial-demokratlar bu seçkilərdə səslərin 23 faizini toplayaraq II Dünya müharibəsindən bu yana ən pis nəticələrini göstərdilər.)
“Biz heyrətamiz nəticə göstərmişik” – deyə sevincini bölüşən Merkel, seçkinin ilkin nəticələri bəlli olarkən söyləyirdi: “Biz məqsədimizə çatmışıq. Biz Almaniyada Xristian Demokratlardan və Azad Demokratlardan ibarət yeni sabit hökumət yaratmaq imkanı əldə etmişik”.

Alman iqtisadiyyatını inkişaf etdirmək, böyüyən işsizlik səviyyəsini azaltmaq, xarici siyasətdə ABŞ-la əlaqələri daha da gücləndirmək istəyən xanım Kansler Amerika-Almaniya münasibətlərinin inkişafının, Amerika siyasi kursunun tərəfdarı kimi tanınır. O, hələ müxalifətdə olduğu zamana dəfələrlə H.Şröderi V.Putinlə “ifrat” dostluğuna görə tənqid edir və bildirirdi ki, Kansler seçiləcəyi halda Rusiyaya qarşı daha sərt mövqe tutacaq. Bununla belə, Angela Merkelin AFR hökumətinə başçılıq etdiyi müddətdə Almaniya–Rusiya münasibətlərində xüsusi böyük dəyişiklik hələ ki, nəzərə çarpmır.

Angela Merkel keçmiş və hazırkı qadın Prezident və Baş nazirlərin uluslararası şəbəkəsi olan Qadın Dünya Liderləri Şurasının üzvü kimi Şuranın (qadınlar və ədalətli inkişaf üçün vacib olan bir çox məsələlər üzərində kollektiv fəaliyyət aparmaq məqsədilə yüksək səviyyəli qadın liderləri səfərbərliyə almaq) missiyasına uyğun çalışmalarda bulunur.

Angela Merkel ingilis və rus dillərində sərbəst danışır. O, bir sıra elmi məqalələrin və əsərlərin müəllifidir.

Onu ən ciddi narahat edən məsələlərdən biri Avropanın ümumi pul vahidi Avropanın gələcəyidir. Avropadakı iqtisadi-maliyyə böhranı və bundan sonrakı dönəmdə Avro ciddi problemlərlə üzləşmişdi və Merkel açıqlamasında «Avro layihəsi çökərsə, Avropa layihəsi çökər» deyərək bu prosesin baş verməməsi üçün ciddi addımların atılması gərəkdiyini vurğulamış və üzv ölkələrdə hər kəsi məsuliyyətə dəvət etmişdi.

Bir sözlə, dünyanın təkcə ən güclü Qadınlarından deyil, ən güclü Liderlərindən biri olan, adını TARİXƏ əbədiyyən yazmağı bacarmış və bu gün də fəaliyyəti və addımları ilə bir TARİXƏ yazmaqda davam edən Angela Merkel həm də arxasınca bir cığır açdı və açmaqda davam edir. Minlərlə qızın yürüyəcəyi bir cığır… Minlərlə gənc qızda, qadında özünə inam hissi yarada biləcək, onlara bunu siz də bacara bilərsiniz, yetər ki, özünüzə inanın deyə yol göstərən bir cığır…

O da sadə bir ailədən çıxmışdı, bu yazını oxuyacaq yüzlərlə gənc qızlardan biri kimi .. Keşməkeşli, əziyyət və zəhmətlə dolu bir yol keçmişdi və uğur qazandı. Çünki içərisindəki güc və özünə inam ona doğru yol, uğurun yolunu göstərdi… Və o yol yüzlərlə bu yazını oxuyacaq gənc qıza “Sən də bunu bacara bilərsən” deyir…

O, fəaliyyəti, addımları və uğurları ilə həm də hər kəsə göstərdi və göstərir ki, qadınlar heç bir sahədə bacarığına, qabiliyyətinə görə kişilərdən heç də geri qalmır, sadəcə uzun zaman ərzində onlara bunu təlqin ediblər. Amma deyəsən o qədər uğurlar əldə edə bilməyiblər. Çünki getdikcə artan Angela Merkel kimi örnəklər əsrlərlə yaradılmış yalançı bir MİFİ darmadağın etməyə başlayıb…
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1090

Oxşar yazılar