Pirr qələbəsi... – ARAŞDIRMA
12 fevral 2011 22:21 (UTC +04:00)

Pirr qələbəsi... – ARAŞDIRMA

Misirdə 18 gün davam edən xalq üsyanından sonra Hüsnü Mübarək ölkənin idarə edilməsini Ali Hərbi Şuraya, bir az da dəqiqləşdirsək, Ali Hərbi Şuranın rəhbəri, müdafiə naziri Məhəmməd Hüseyn Tantaviyə təhvil verdi. Bəs demokratik islahatların aparılacağı keçid dövründə ölkəyə rəhbərlik edəcək bu şəxs kimdir?

Məhəmməd Hüseyn Tantavinin 76 yaşı var, ordu sıralarına 1956-cı ildə gəlib, 3 dəfə İsrailə qarşı aparılan müharibədə iştirak edib. 1956-cı il Süveyş böhranı, 1967 və 1973-cü illərdə aparılan savaşlarda ön cəbhədə olan və marşallığa qədər yüksələn Məhəmməd Hüseyn Tantavi 1991-ci ildən bu yana Misir hökumətində müdafiə naziri postunu tutur. O, müdafiə naziri olmaqla bərabər, 25 yanvarda Misirdə başlayan xalq hərəkatından sonra Hüsnü Mübarək tərəfindən baş nazirin müavini də təyin edilib. Bu gün isə o, faktiki ölkənin yeni lideridir.

Qərb mətbuatı yazır ki, Məhəmməd Hüseyn Tantavinin keçid dövründə ölkəni uğurla idarə etməsi onun siyasi karyerasını müəyyənləşdirəcək. Uğur qazanarsa, bu, onun qarşıdan gələn prezident seçkilərində onun qalibiyyətinin də yolunu açacaq.

Məhəmməd Hüseyn Tantavi Hüsnü Mübarək kimi İsraillə savaşlarda yer alsa da, bu gün İsrailin hakimiyyətdə görməyi arzuladığı əsas şəxslərdən biridir. İsrail mətbuatının və analitiklərinin Hüsnü Mübarəkin hakimiyyəti Məhəmməd Hüseyn Tantaviyə təhvil verməsini müsbət dəyərləndirməsi də bunu göstərir. Çünki İsraillə sülh razılaşmasına yenidən baxılacağını bəyan edən Müsəlman Qardaşları Hərəkatından fərqli olaraq, ordunun rəhbərliyində yer alan şəxslərin əksəriyyəti ABŞ və İsraillə münasibətlərin qorunmasına tərəfdardır. Xalq hərəkatı başlayan zaman tez-tələsik ABŞ-dan Misirə gələn MAQATE-nin keçmiş rəhbəri, müxalifət liderlərindən biri olan Məhəmməd əl-Baradeyinin hakimiyyətin keçid dövründə orduya verilməsini alqışlaması da əslində Qərbin məsələyə yanaşmasının mahiyyətini üzə çıxarır. Hüsnü Mübarəkin istefa qərarının açıqlanmasından sonra ABŞ və Avropa ölkələrindən gələn bəyanatlarda da Misirin İsraillə münasibətləri qorumasının vacibliyinin vurğulanması da diqqətdən qaçmır. Baxmayaraq ki, əslində hakimiyyətin orduya ötürülməsinin demokratiya ilə elə bir ciddi əlaqəsi yoxdur, keçid dövründə bu funksiyanı ölkədəki siyasi qüvvələrin təmsilçilərindən təşkil olunmuş keçid hökuməti həyata keçirməli idi. Ancaq Qərbdə müəyyən nüfuza malik olan, ancaq Misirə proseslər başlayandan sonra gələn Məhəmməd əl-Baradeyi keçid hökumətinin başında olardısa belə, radikal Müsəlman Qardaşları Hərəkatının əlində oyuncağa çevrilməyəcəkdimi?!

Yeri gəlmişkən, ordunun sözçüsünün ilk açıqlaması Hüsnü Mübarəkin taleyinə də aydınlıq gətirib. Ordu adından verilən açıqlamada bildirilib ki, Hüsnü Mübarəkə hörmətlə yanaşırlar, ölənlər üçün təəssüflənirlər və qarşıdakı dönəmdə necə hərəkət edəcəklərini planlaşdırırlar. Açıqlamada ordunun xalqın iradəsinə qarşı hərəkət etməyəcəyi də vurğulanıb. Bir sözlə, bu açıqlama ilə əslində Məhəmməd Hüseyn Tantavi bir hərbçi kimi keçmiş silahdaşı Hüsnü Mübarəkin taleyinə zəmanət verib, müxalifəti qisas planlarından əl çəkməyə çağırıb və xalqın seçkilərdə sözünü deməsini istəyib.

Bütün bunlar isə həm də Hüsnü Mübarəkin istefa verərkən atdığı addımın həm Misirin, həm də özünün gələcəyi baxımdan kifayət qədər rasional olmasından xəbər verir. Hüsnü Mübarək uzun müddət xalq kütlələrinin və Qərbin təkidinə baxmayaraq istefa verməməsi ilə iradə nümayiş etdirib, hər kəsi heyrətləndirmişdisə, son addımı ilə də kifayət qədər uzaqgörən bir şəxs olduğunu ortaya qoyub. Bu gün Misirdə bir hərbçinin də formasını mülki geyimlə əvəzləməsi prosesi gedir və böyük ehtimalla, Müsəlman Qardaşları Hərəkatı üçün bu gün baş verənlər Pirr qələbəsi olacaq...

Ramiz MİKAYILOĞLİ
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1067

Oxşar yazılar