“İşğaldan azad olunan rayonlarımızın kənd təsərrüfatının inkişafı və bütövlükdə iqtisadiyyatının yenidən qurulması ilə bağlı ayrıca tədbirlər planının hazırlanacağı gözlənilir”.
Bu sözləri Lent.az-a açıqlamasında Milli Məclisin üzvü, iqtisadçı alim Vüqar Bayramov deyib. O bildirib ki, artıq işğaldan azad edilən ərazilərin ilkin qiymətləndirməsi ilə bağlı Prezident İlham Əliyev müvafiq göstəriş verib:
“Burada məqsəd bundan ibarətdir ki, həmin rayonlarda mövcud infrastruktur qiymətləndirilsin, işğal altında olduğu dövrdə dəyən zərər hesablansın və eyni zamanda kənd təsərrüfatının inkişafı ilə bağlı istiqamətlər müəyyənləşdirilsin.
Qeyd edim ki, artıq uyğun dövlət qurumları tərəfindən işğaldan azad edilən bölgələrdə kənd təsərrüfatı ilə bağlı istiqamətlərin müəyyənləşdirilməsinə başlanılıb. Bununla bağlı yerlərdə konkret tədqiqatlar, araşdırmalar aparılır”.
V.Bayramov vurğulayıb ki, işğaldan azad edilən bölgələrin kənd təsərrüfatı potensialı kifayət qədər böyükdür:
“Sözügedən ərazilər işğaldan əvvəl kənd təsərrüfatı məhsullarına görə aparıcı olub. Məsələn, Füzuli rayonunda pambıq istehsalı, taxılçılıq, üzümçülük, Cəbrayıl rayonunda üzümçülük, digər yerlərdə isə həm əkinçilik, həm də heyvandarlıq sahələri inkişaf edib.
Seçki qabağı təbliğat-təşviqat kampaniyasında vəd etdiyim kimi, Füzulinin aparıcı iqtisadçıları ilə birlikdə Füzuli rayonun sosial-iqtisadi inkişaf proqramının hazırlanmasını düşünürdük. Artıq rayonun işğaldan azad edilməsi buna imkan verir. Burada hər bir yaşayış məntəqəsinin potensialına və xüsusiyyətinə uyğun olaraq iqtisadi fəaliyyətlər, sərmayə qoyuluşları müəyyənləşəcək. Konkret iqtisadi və sosial tədbirlər planı təklif ediləcək.
Bildirim ki, bununla bağlı artıq ilkin müzakirələrə başlamışıq. Böyük qələbədən sonra hər bir kəndin mövcud infrastrukturunun qiymətləndirilməsinə başlayacağıq”.
Deputat əlavə edib ki, ilkin olaraq işğaldan azad olunan ərazilərdə bərpa mərhələsi baş tutacaq:
“Bəzi ərazilərimizdə buna başlanılıb. Kommunal xidmətlərlə təminat üzrə işlər gedir, yollar bərpa edilir və s. Bərpadan sonra isə iqtisadi inkişaf mərhələsi başlayacaq.
Birmənalı olaraq deyə bilərəm ki, işğaldan azad olunan bölgələrimiz növbəti dövrdə Azərbaycan iqtisadi inkişafının əsas lokomotivlərdən birinə çevriləcək”.