İspaniyanın tanınmış saksofon və klarnet ifaçısı, bəstəkar və cazmen Pedro İturralde ömrünün 91-ci ilnində vəfat edib.
Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, ifaçının Madrid Beynəlxalq Cazz Festivalı çərçivəsində dekabrın 23-də “Galileo Galilei” zalında nəzərdə tutulan konserti baş tutmayıb.
Pedro İturralde flamenkonu cazla sintez edən ilk ifaçılardan olub. Onun 1967-ci ildə dünya şöhrətli Pako de Lusianın iştirakıyla buraxdığı “Jazz Flamenco” albomu musiqiyə fərqli formada yanaşdığından xəbər verirdi. Sonradan bu albom Amerikanın məşhur “Blue Note” səsyazma studiyasının kataloquna daxil edilmişdi. Həmin il Pedro İturralde üçün uğurlu il olub. O, Berlin Caz Festivalında səhnəni Mayls Devis, Telonius Mank, Sarah Voqan və Baden Pauel ilə bölüşüb.
Ötən əsrin 60-cı illərində Madridin kövrək caz səhnəsi sayılan “Whisky & Jazz Club” klubunda o, özünü əvəzolunmaz bir ifaçı kimi tanıdıb. Maestro bu səhnəni ölkənin ən yaxşı caz klubu hesab edirdi.
Pedro İturraldenin tenor saksofonunun əks-sədası sonradan Amerikadan gəlib. ABŞ Pedro İturraldenin musiqi bacarığını artırmaq məqsədilə ona Bostonun Berklee Musiqi Kollecində təqaüd ayırıb. Pedro İturraldenin Amerika səyahəti oranın məşhur “Down Beat” jurnalında yüksək qiymətləndirilib. İfaçının İspaniyaya qayıdışı isə Brüseldə keçirilən “Europalia 85” musiqi macəraları ilə müşayiət olunub.