“Ermənistan Azərbaycanın mülki əhalinsinə hücumları davam etdirir” - Hikmət Hacıyev
27 oktyabr 2020 19:41 (UTC +04:00)

“Ermənistan Azərbaycanın mülki əhalinsinə hücumları davam etdirir” - Hikmət Hacıyev

“Ermənistan və Azərbaycan arasında humanitar atəşkəsin əldə olunmasına baxmayaraq, Azərbaycana hücumlar, xüsusən mülki şəxslərin hədəfə alınması davam edir”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, 26 oktyabr saat 08.00-dan - yeni humanitar atəşkəs qüvvəyə minəndən 5 dəqiqə sonra Azərbaycanın yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub : “Ermənistanın humanitar atəşkəslə bağlı öhdəlikləri riyakarlıqdan başqa bir şey deyil. Bu gün saat 16.40 radələrindən Bərdənin “Smerç” raketlərindən atəşə tutulması nəticəsində 1-i uşaq olmaqla, 4 nəfər həyatını itirib, yaralılardan da 4-ü uşaqdır. Bu, kasetli raketdir və mülki əhali arasında itkinin çox olmasına hesablanıb”.

 

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, bu gün Ermənistan Müdafiə naziri Azərbaycana ağır zərbə endiriləcəyini bildirmişdi: “Ancaq onlar hərbi qüvvələrə zərbə endirməkdə acizdirlər. Ona görə də mülki əhalini hədəf seçirlər. Bu gün Azərbaycanın Goranboy, Tərtər, Ağcabədi və Bərdə rayonlarına 50-yə qədər mərmi atılıb. İndiyə qədər 69 mülki şəxs həyatını itirib, 322 mülki şəxs yaralanıb”.

H. Hacıyev nəzərə çatdırıb ki, Ermənistanın mülki əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə etdiyi barədə Azərbaycan tərəfindən beynəlxalq humanitar təşkilatlara da müraciət edilib.

# 1075
avatar

Oxşar yazılar