19:08
16 Oktyabr 2020

İlham Əliyev Paşinyanın yalanları haqda: “Dedik ki, sübut verin, verə bilmədilər”

“Türkiyə və Pakistandan əsgəri dəstək istəmək kimi fikrimiz yoxdur. Türkiyə və Pakistan bizə ilk dəstək olan ölkələrdir. Ondan sonra bu ölkələrin sayı artdı. Ondan sonra Əfqanıstan, Bosniya və Herseqovina və digər ölkələr bizə açıq dəstək göstərdi”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, ən çox dəstək göstərən qardaş Türkiyə olmuşdur: “Mənim qardaşım Prezident Ərdoğan ilk saatlarda çox dəqiq və net mesajlar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bizi daha da ruhlandırdı. Ancaq əsgəri dəstəkdən söhbət gedə bilməz. Buna ehtiyac yoxdur. Bu gün Ermənistan Baş naziri tərəfindən uydurulan yanlış məlumat beynəlxalq ictimaiyyəti çaşdırmağa yönəlib. Məsələn, dünən Rusiya televiziyasına verdiyi açıqlamada deyib ki, Azərbaycan tərəfində Türkiyə, Pakistan vuruşur. Ondan sonra Suriyadan Liviyadan olan əsgərlər vuruşur. Bunlar hamısı yalandır. Bu yalanı ifşa etmək o qədər də çətin məsələ deyil. Döyüşlərin ilk günündə demişdilər ki, Ermənistanın Su-25 təyyarəsini Türkiyənin F-16 təyyarəsi vurub. Biz dedik ki, sübut verin, verə bilmədilər. Sonra hər kəs gördü ki, bu yalandır. Artıq bunu demirlər. İndi yeni yalan ortalığa çıxıb ki, Pakistan və Türkiyə əsgərləri bizimlə bərabər vuruşurlar. Sübutlar versinlər. Yoxdur bu. Sadəcə olaraq, Ermənistan tərəfi birinci növbədə istəyir ki, Azərbaycan Ordusunun gücünü pərdələsin, sanki Azərbaycan təkbaşına bunu edə bilməz. Onun ikinci məqsədi də odur ki, göstərsin ki, döyüşlər bölgədən kənara çıxır və qlobal savaşa çevrilir. Bu da yalandır. Bizim Türkiyədən, Pakistandan və başqa qardaş ölkələrdən aldığımız dəstək yalnız mənəvi və siyasi dəstəkdir”.

Dİgər xəbərlər