11:01
09 Oktyabr 2020

“Rəhbərlik etdiyiniz ölkədə yaşamağımızdan qürur duyuruq” – Prezidentə yazırlar

Azərbaycan Prezidenti İlham Əliyevə qardaş Türkiyədən, eləcə də ölkəmizin hər yerindən məktublar gəlməyə davam edir.

Lent.az həmin məktublardan bir neçəsini təqdim edir:

Rəcəb Gürkan Ədirnədən yazır:

- Cənab Ali Baş Komandan, Ədirnə Bələdiyyə Məclisindəki siyasi partiyaların qrup rəhbərləri kimi sentyabın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəsi və beynəlxalq hüququ pozaraq Azərbaycanın mülki yaşayış məntəqələrini və əsgərlərini ağır silahlarla hədəf alan hücumlarını qınayırıq.

Bu hücum və Tovuz hadisələri bir daha göstərdi ki, Ermənistan bölgədə daimi sülh və sabitliyin bərqərar olmasına ən böyük maneədir. Azərbaycanın beynəlxalq hüquqdan irəli gələn özünümüdafiə hüququ çərçivəsində xalqını qorumaq və ərazi bütövlüyünü bərpa etmək cəhdlərini dəstəkləyirik.

30 ildir ki, Qarabağ Ermənistanın işğalı altındadır. Biz də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və ATƏT-in qərarlarına uyğun olaraq bu haqsız işğala sülh yolu ilə son qoyulmasının tərəfdarıyıq. Lakin görünən odur ki, Azərbaycanın sülh siyasəti birtərəflidir.

Beynəlxalq ictimaiyyəti uzun müddət Ermənistanın işğalından və hücumlardan əziyyət çəkən Azərbaycanın yanında olmağa dəvət edirik. Bu münasibətlə Bələdiyyə məclisimizdəki siyasi partiyalar olaraq, şəhid azərbaycanlı qardaşlarımıza rəhmət, qazilərimizə şəfa diləyir, millətimizin həmrəylik iradəsini bir daha vurğulayırıq.

Kamran Əliyev, Tovuzdan:

- Hörmətli cənab Prezident, göstərdiyiniz qətiyyət və cəsarətə, Azərbaycan xalqının yolunda fədakar əməyinizə görə Sizə dərin minnətdarlığımızı və sevgimizi bildiririk. Rəhbərlik etdiyiniz bir ölkədə yaşamağımızdan qürur duyuruq.

Bilirik ki, indiki dövr Sizin üçün qayğılı vaxtdır, amma böyükdən kiçiyə hamımız, bütün vətəndaşlarımız Sizinlə bir olduğumuzu diqqətinizə çatdırmaq istəyirik.

Zəbt edilmiş torpaqlarımızın qaytarılmasını 30 ildir ki, gözləyirdik və indi şərəfli bir yoldayıq. Xalq bu mübarizədə sonadək Sizinlədir.

İnşallah, qələbəmizi sona çatdıracağıq.

Bütün dualarımız Sizinlə və qəhrəman əsgərlərimizlədir.

Nadir İsmayılov, Sumqayıt:

- Hörmətli cənab Prezident,mən keçən əsrin sonlarında erməni vəhşiliyinin törətdiyi hadisələrin canlı şahidiyəm. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü iştirak edərək bu vəhşiliyin qarşısının alınmasında əməyim olub. Yaralanıb əlil olsam da, işğal altındakı torpaqları geri qaytarmaq üçün düşmənlə yenidən vuruşmaq əmrini illərdi gözləmişəm və bu imkanı bizə verdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Mən buna çox sevinirəm, Allah Sizdən razı olsun. Hər an döyüşə getməyə hazır olduğumu Sizə bildirmək istəyirəm.

Cənab Ali Baş Komandan, göydə Allah, yerdə Sizin komandanlığınızla bizim mərd, igid övladlarımız, qardaşlarımız yaxın günlərdə Azərbaycanımızın üçrəngli bayrağını döyünən ürəyimiz olan Xankəndinin, Şuşanın ən hündür yerlərində dalğalandıracaqlar və Vətənimizin yağı düşməndən azad olub rahat və dərin nəfəs almasını görəcəyik.

Çox sağ olun, cənab Prezident. Allah Sizə yar olsun.

Məmmədsəfa Cəbiyev Astaradan yazır:

- Möhtərəm cənab Prezident, Siz Azərbaycan tarixində heç bir zaman silinməyəcək tarix yazdınız. O tarix ki, o zirvəni Sizə qədər heç kim fəth etməmişdir.

Məhz Sizin uzaqgörən siyasətiniz nəticəsində doğma torpaqlarımıza olan 30 illik həsrətimizə bu günlərdə son qoyulmaqdadır. Ata-baba yurdumuzun hər qarışını şanlı Ordumuzun zəfərləri nəticəsində özümüzə qaytarır, illərdir işğal altında olan torpaqlarımızda milli bayrağımızı ucaldırıq. Bu tarixi məqamları göydə Allah, yerdə Siz bizə bəxş etdiniz, möhtərəm cənab Prezident. Siz həyatda ikən xalqımızın mənəvi atası adını qazandınız. Biz hamımız Sizin arxanızdayıq.

Yaşasın Azərbaycan Prezidenti!

Qarabağ Azərbaycandır!

Məhəbbət Rüstəmova, Qəbələdən:

- Möhtərəm cənab Prezident, doğma Azərbaycanın gözəl guşəsi olan Dağlıq Qarabağı və onun ətrafındakı rayonları zorla mənimsəyən mənfur düşmənin 30 ildir ki, işğalı altında olan torpaqlarımızın sülh yolu qaytarılması üçün Siz əlinizdən gələni əsirgəmədiniz. Biz bunun canlı şahidləriyik. Lakin düşmənin fikri sülh deyil, müqəddəs torpaqlarımızı bizə unutdurmaq istəyi idi.

Sentyabrın 27-də Ordumuzun əks hücuma keçməsi barədə əmriniz böyük sevinclə qarşıladıq. Məktəbimizin şagirdləri belə Orduya yazılmaq, könüllü vuruşmağa hazırdırlar.

Müharibə gedən bu günlərimizdə Siz Azərbaycan xalqının cəsarətli Lideri olduğunuzu bir daha sübut etdiniz. Sizin kimi güclü, müdrik, böyük siyasətçi, öz xalqını sevən Prezidentimiz olduğuna görə biz Allahdan çox razıyıq. Ordumuzun əldə etdiyi nailiyyətlər Sizin apardığınız uzaqgörən daxili və xarici siyasətdən irəli gəlir. Azərbaycan xalqı Sizə arxalanır.

Allah Azərbaycan Prezidentini, Ordumuzu, xalqımızı qorusun. Amin.

Qarabağ Azərbaycandır!

Ramil Əliyev, Gəncədən:

- Cənab Ali Baş Komandan, Gəncə şəhər sakinləri, təhsil işçiləri Sizin apardığınız bu siyasət yolunu dəstəkləyir, hər zaman Sizə güvənirlər. Sizin və ordumuzun sayəsində, İnşallah, torpaqlarımızı azad edəcəyik. Biz buna inanırıq. Allah Sizi və ordumuzu qorusun. Hər zaman Sizinləyik. Qarabağ Azərbaycandır!

Mehman Əmiraslanov Hacıqabuldan yazır:

- Cənab Ali Baş Komandan, Azərbaycan torpaqlarının mənfur düşmənlərimizdən azad olunması yolunda uzun illər apardığınız xarici və daxili siyasətin nəticəsi olaraq atdığınız addımları bütün xalqımız kimi, bir təhsil işçisi olaraq mən də tam dəstəkləyirəm. Hamımızda dərin inam var ki, çox keçməz, ay-ulduzlu üçrəngli bayrağımız Sizin komandanlığınızla şanlı ordumuzun sayəsində xalqımızın yenilməzlik, məğrurluq simvolu olan Şuşada dalğalanar. Bir tarix müəllimi kimi şagirdlərimə bu günlərdə Sizin sayənizdə yazılan Azərbaycanın qəhrəmanlıq tarixi haqqında danışmağı, məlumat verməyi özüm üçün ən şərəfli iş hesab edirəm. Uğurlar, cənab Ali Baş Komandan. Qarabağ Azərbaycandır!

Tərlan Xudiyev, Cəbrayıldan:

- Cənab Ali Baş Komandan, Sizin uğurlu siyasətiniz və qüdrətli Azərbaycan Ordusunun rəşadəti sayəsində 27 illik işğaldan azad olunan, 218 təsərrüfatı, 805 sakini olan Quycaq kəndinin əhalisi adından yazıram.

Quycaq kəndi Qarabağın gözəl bir guşəsində yerləşmiş və ənənələri olan bir kənddir. Erməni işğalına qədər orada 170 ev və 700 sakin olub. Quycaq kənd orta məktəbi 34 nəfər professor və elmlər namizədi yetişdirib. Birinci Qarabağ müharibəsində kəndimiz dörd şəhid verib. Bu gün də müzəffər Azərbaycan Ordusunun sıralarında onlarla quycaqlı gənc Vətən uğrunda döyüşlərdədir.

Cənab Prezident, bu illər ərzində Vətən həsrətinə dözə bilməyib rəhmətə gedənlərimizin sayı çoxdur. Siz Quycaq kəndinin işğaldan azad olunduğunu elan etdiyiniz an bütün kənd sakinlərini xoşbəxt etdiniz. Həmin gün dünyadan köçmüş Quycaq sakinlərinin ruhları da şad oldu.

Cənab Ali Baş Komandan, bu gün ayaqda olan 805 nəfər Quycaq sakini Sizin Ordunuzdur. Ağsaqqalından körpəsinə kimi hər bir Quycaqlı Ulu Öndərin və Sizin heykəlinizi artıq çoxdan qəlblərində ucaltmışlar.

Biz hamımız hər an Sizin bir əmrinizlə Azərbaycan Ordusunun ön cərgələrində yerimizi tutmağa hazırıq. Quycaq camaatı iki hadisənin intizarındadır: Uca bayrağımızın Şuşada dalğalanmasının və cənab Ali Baş Komandanın müzəffər bir Ordu rəhbəri kimi Azərbaycanın Milli Qəhrəmanı elan edilməsinin.

İlqar Quliyev, Biləsuvardan:

- Cənab Ali Baş Komandan, biz Sizinlə fəxr edirik. Fəxr edirik ki, belə bir güclü Ordumuz var və hər gün yeni-yeni qalibiyyətlərə imza atır. Mənim qardaşım hazırda cəbhə xəttindədir. Özüm də könüllü gedib əsgər qaraşlarımla çiyin-çiyinə vuruşmaq şərəfinə nail olmaq istəyirəm.

Mənfur düşməni torpaqlarımızdan qovub çıxaracağımız, erməni faşistləri üzərində zəfər çalacağımız gün çox yaxındır. Bu zəfərin Sizin dilinizdən qürurla dünyaya elan ediləcəyi günü səbirsizliklə gözləyirik.

Ulu Tanrı Sizə, komandanlığınızla vuruşan mərd igidlərimizə yar olsun!

Dİgər xəbərlər