18:18
08 Oktyabr 2020

Ermənistan təkbətək savaşdan niyə qaçır? - AKTUAL ŞƏRH

Xəbər verdiyimiz kimi, Ermənistan Silahlı Qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutaraq, mülki əhalini hədəfə alması nəticəsində sentyabrın 27-dən bu günə kimi 31 mülki şəxs həlak olub, 154 nəfər yaralanıb.

Ermənistan ərazisindən artilleriya atəşlərinə baxmayaraq, Azərbaycan Ermənistan ərazisinə istiqamətlənmiş heç bir hərbi əməliyyat keçirmir. Lakin Ermənistan hər vasitə ilə bu qarşıdurmaya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT), Avropa ölkələrini cəlb etməyə və münaqişəni beynəlmiləlləşdirməyə çalışır.

Mövzu ilə əlaqədar Lent.az -ın suallarını Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Politologiya və siyasi idarəetmə” kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədov və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin professoru, beynəlxalq hüquq və geosiyasət üzrə ekspert Əfsər Sadıqov cavablandırıb.

“Ermənistan hakimiyyəti ayrı-ayrı faktorlardan istifadə edərək müharibəyə regional don geyindirmək istəyir”.

Bu sözləri politoloq Məmmədov Zaur deyir. O bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan, müdafiə naziri David Tonoyan və digər rəsmiləri dildə pəhləvan olsalar da, ordularının Azərbaycan Ordusunun qarşısında necə cılız və aciz olduğu göz qabağındadır:

“Ermənistan gah Suriyadan muzdlu döyüşçülərin Azərbaycan tərəfindən iştirak etdiyini, gah da Türkiyənin əslində Azərbaycan vasitəsilə Ermənistana, erməni xalqına qarşı müharibəyə başladığı iddialarını irəli sürür. Bununla da Ermənistan Türkiyəni əzəli rəqib görən geosiyasi güclərin dəstəyini almağa çalışır.

Digər tərəfdən, Ermənistan Rusiyanı da münaqişəyə çəkmək üçün Azərbaycanın guya Ermənistan ərazisini atəşə tutması ilə bağlı absurd iddialar səsləndirir. Bütün bunlar onu göstərir ki, Ermənistan Azərbaycanla təkbətək qalmaq, vuruşmaq istəmir. O istəyir ki, xristian ölkələri bloku koalisiyası Ermənistana kömək etsin və nəticə etibarı ilə münaqişə onların xeyirinə başa çatsın”.

Politoloq vurğulayır ki, Azərbaycan Prezidenti İlham Əliyev verdiyi açıqlamalarda birmənalı olaraq ölkənin qəti mövqeyini bəyan edir:

“Cənab Prezident bildirir ki, Azərbaycan öz ərazisində, beynəlxalq hüquqların ona verdiyi səlahiyyətlər çərçivəsində ərazisini xarici hərbçilərdən təmizləmə istiqamətində işlər aparır. Habelə Azərbaycanın gələcəkdə Dağlıq Qarabağda ermənilərin azərbaycanlılarla birgə yaşamasında maraqlı olduğunu bildirir. Buna görə də yaxşı olardı ki, bütün dünya ölkələri və təşkilatları ölkəmizin haqlı mövqeyində bizə dəstək olsunlar.

Qeyd edim ki, dünya ölkələri və təşkilatlarının hansı mövqedə olmalarından asılı olmayaraq, haqq və ədalət, beynəlxalq hüquq Azərbaycan tərəfindədir. Buna görə də rəsmi Bakı bunları əsas götürərək öz ardıcıl ədalətli işinə davam edəcək”.

“Ermənistan dövləti yaranandan heç vaxt müstəqil olmayıb”.

Bu sözləri isə beynəlxalq hüquq və geosiyasət üzrə ekspert Əfsər Sadıqov deyir. O bildirir ki, Ermənistanın konsepsiyası müstəqil dövlət olmaq qabiliyyətində olmayıb:

“Onlar həmişə yanlarında qəyyum axtarıblar, çünki Ermənistanın qəyyumsuz ayaqda qalması mümkün deyil. Ölkənin siyasi fəaliyyətləri ancaq qonşu dövlətləri təhdid etməkdən ibarət olub. Bunun sübutudur ki, hazırda da Ermənistan Gürcüstana, Türkiyəyə, İrana və İraqa ərazi iddiaları irəli sürür. Ölkə həmişə münaqişəni beynəlxalq hüququ yox sayaraq, beynəlxalq müstəviyə çıxarmaqla, kənar dövlətləri münaqişəyə daxil etməklə, özlərini haqlı çıxarmağa çalışıb. Bu isə şübhəsiz ki, müəyyən məqama qədər ola bilər.

Hazırda Türkiyə, Pakistan, Ukrayna və bir sıra ölkələr bizim haqlı mövqeyimizi dəstəkləyirlər. Azərbaycan sıradan bir dövlət deyil, bizim coğrafi, siyasi, iqtisadi mövqeyimiz və strateji regionda yerləşməyimiz mühüm əhəmiyyət kəsb edir. Buna görə də dövlətlər bölgəmizdə status-kvonu qəbul etmirlər və getdikcə bölgənin təhlükəsizliyində maraqlı olurlar ki, onların infrastrukturuna təhdid yaranmasın”.

Ə.Sadıqov qeyd edir ki, Qazaxıstan və Özbəkistan kimi postsovet ölkələri Rusiyanın maraqlarına uyğun olaraq istər-istəməz Ermənistanın yanında görünsələr də, son vaxtlar siyasi mövqeləri Azərbaycanın tərəfindədir:

“Həmçinin Avropanın böyük dövlətlərindən olan Böyük Britaniyaya məxsus "British Petroleum" şirkəti burada cidi layihələr həyata keçirir. Şübhə etmirəm ki, İngiltərə də hüququn, ədalətin tərəfində olacaq. İngiltərənin siyasi diplomatik əhəmiyyəti isə ABŞ üçün əhəmiyyətlidir. Bundan başqa, Rusiyanın müharibənin Azərbaycan ərazisində getməsini deməsi və KTMT-nin münaqişədə tərəfsiz olacağını bildirməsindən sonra haqlı mövqeyimiz ölkəmizin ərazi bütövlüyü istiqamətində statusunu bərpa etməsinə yardımçı olacaq”.

Dİgər xəbərlər