Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Türkan qəsəbəsi sakinləri Xumara Şabanova və Əzizəxanım Atayevaya aid torpaq sahələrinin saxta sənədlər hazırlanmaqla ələ keçirilməsi barədə informasiyalar yayılıb.
Baş Prokurorluqdan Lent.az-a bildirilib ki, daxil olmuş məlumatlarla bağlı Daşqın Nəsirov tərəfindən Əzizəxanım Atayeva ilə Xumara Şabanova sağ olduqları halda onların ölməsi barədə ölüm haqqında şəhadətnamələri və Xəzər rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışının saxtalaşdırılaraq onlara məxsus torpaq sahələrinin qanunsuz satılması barədə müraciətlər əsasında Xəzər rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalarla 2019-cu ilin iyun-iyul ayları ərzində Türkan qəsəbəsi sakini, fərdi şəkildə torpaq alqı-satqısı ilə məşğul olan Daşqın Nəsirovun Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Türkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışını, Əzizəxanım Atayeva və Xumara Şabanovanın sağ olduqları halda onların ölməsi barədə ölüm haqqında şəhadətnamələrini saxtalaşdıraraq həmin saxta sənədlərdən istifadə edib onlara vərəsəlik üzrə məxsus olan Türkan qəsəbəsində yerləşən torpaq sahələrini ötən il iyun 13-də digər şəxsə ümumilikdə 44 min manata satmasına əsaslı şübhələr müəyyən edilib.
Fakt üzrə Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 320.2-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqə və ya digər saxta sənədlərdən istifadə etmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmasından ötrü aidiyyəti üzrə Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.