Dünyanın bu günü - VİDEO
14 avqust 2020 09:05 (UTC +04:00)

Dünyanın bu günü - VİDEO

1. İSHAQ CƏFƏRZADƏ

(1895-1982)

Görkəmli Azərbaycan arxeoloqu və etnoqrafı, əməkdar elm xadimi İshaq Məmmədrza oğlu Cəfərzadə 14 avqust 1895-ci ildə Gəncədə anadan olub. 6 yaşından mədrəsədə oxumağa başlayıb, ərəb və fars dillərini öyrənib. 1910-1916-cı illərdə 6 illik şəhər məktəbində, 1924-1927-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsində təhsil alıb. 1925-ci ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin tarix-etnoqrafiya bölməsinin və Azərbaycan Arxeoloji Komitəsinin üzvü olub. 1926-cı ildə Azərbaycan Dövlət Muzeyində elmi işçi kimi fəaliyyətə başlayıb. 1927-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərq şöbəsinin etnologiya fakültəsinə daxil olub. 1938-1940-cı illərdə Gəncə, 1939-1950-ci illərdə Abşeron, Səbayel, Qobustan və digər arxeoloji ekspedisiyaların təşkilatçısı və rəhbəri olub, apardığı elmi tədqiqatlar nəticəsində Azərbaycan ərazisində 70-dən çox maddi mədəniyyət abidələri aşkara çıxarılmışdır. Qobustan qaya təsvirlərinin tədqiqi və öyrənilməsi ilk dəfə İshaq Cəfərzadə tərəfindən həyata keçirilib, 1939-cu ildə dünya elminə bu unikal yerlər barədə məlumat verilib. Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar təşkil edilən qazıntılara rəhbərlik edən arxeoloqa böyük şairin qəbrini açmaq şərəfi nəsib olub, daha sonra dahi mütəfəkkirin cənazəsinin qalıqlarını Üzeyir Hacıbəylinin ölməz “Sənsiz” romansının ecazkar sədaları altında yeni ucaldılmış türbədə qara mərmər sənduqəyə qoyub. 1944-cü ildə "Qədim Gəncənin tarixi-arxeoloji oçerki" mövzusunda dissertasiya müdafiə edərək, tarix elmləri namizədi elmi dərəcəsini alıb. SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə SSRİ EA-nın Azərbaycan filialı 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasına çevrildikdən sonra həyatının sonuna kimi bu elm ocağında çalışıb, Tarix İnstitutunun Arxeologiya şöbəsinə başçılıq edib. İshaq Cəfərzadə 5 yanvar 1982-ci ildə Bakıda vəfat edib.

2. KAMAL TALIBZADƏ

(1923-2006)

Azərbaycanın əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, filologiya elmləri doktoru, professor, akademik Kamal Talıbzadə 1923-cü il avqustun 14-də Bakı şəhərində görkəmli şair Abdulla Şaiqin ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1940-1945-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında oxuyub, burada kiçik elmi işçi və baş elmi işçi işləyib, ayrı-ayrı şöbələrə rəhbərlik edib, uzun illər institutun direktor müavini vəzifəsində çalışıb. 1950-1952-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1984-1986-cı illərdə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda dərs deyib. "Şöhrət" ordeni ilə təltif edilən Kamal Talıbzadə 20 yanvar 2006-cı ildə dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn olunub.

3. ARİF İSMAYILZADƏ

(1937-2020)

Geologiya-mineralogiya elmləri doktoru, professor, akademik Arif Cəfər oğlu İsmayılzadə 1937-ci ilin bu günü Bakı şəhərində anadan olub. 1959-cu ildə Azərbaycan Sənaye İnstitutunun Geoloji kəşfiyyat fakültəsini bitirdikdən sonra bütün əmək və elmi fəaliyyəti həmişəlik AMEA-nın Geologiya İnstitutu ilə bağlı olub, burada kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri və seksiya rəhbəri vəzifələrində çalışıb. 1995-ci ildən Azərbaycan Geoloqları Milli Komitəsinin icraçı-katibi, 2007-2013-cü illərdə AMEA Rəyasət Heyətinin üzvü və Yer elmləri bölməsinin akademik-katibi olub. "Şöhrət" ordeni ilə təltif edilən Arif İsmayılzadə 9 aprel 2020-ci ildə vəfat edib.

4. ƏJDƏR HƏMİDOV

(1953)

Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Əjdər Qüdrət oğlu Həmidov 14 avqust 1953-cü ildə Şabran rayonunun Aygünlü kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərilib, bu teatrın səhnəsində bir sıra maraqlı rollar oynayıb. 1990-cı ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. "Azərbaycanfilm"in istehsal etdiyi bir sıra filmlərdə uğurlu obrazlar yaradıb, "Kişi sözü" filmində yaratdığı Qasım obrazı ona böyük populyarlıq qazandırıb. Əjdər Həmidov bir neçə dəfə Prezident Mükafatına layiq görülüb.

5. ALİM QASIMOV

(1957)

Azərbaycanın xalq artisti, Dövlət Mükafatı laureatı, xanəndə Alim Həmzə oğlu Qasımov 1957-ci il avqustun 14-də Şamaxı rayonunun Nabur kəndində anadan olub. 1978-1982-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində, 1983-1989-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda Hacıbaba Hüseynov və Ağaxan Abdullayev kimi ustad xanəndələrdən muğam dərsləri alıb. 1979-cu ildə Azərbaycan Televiziyasında ilk çıxışı olub. 1982-ci ildə birinci Respublika muğam müsabiqəsinin qalibi olub. 1983-cü ildə Səmərqənddə keçirilən Beynəlxalq Musiqi Simpoziumuna qatılıb. 2009-cu ildə ABŞ-ın Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə "Dünyanın ən nüfuzlu 500 müsəlmanı" arasında 4 azərbaycanlıdan biri olub. 2012-ci il mayın 26-da Bakıda keçirilən 57-ci Avroviziya Mahnı müsabiqəsinin final mərhələsində Azərbaycan təmsilçisi Səbinə Babayeva ilə eyni səhnəni paylaşıb. 12 iyun 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının açılış mərasimi onun canlı ifası ilə başlayıb. Alim Qasımovun diskoqrafiyasına 7 studiya albomu və bir yığma albom daxildir.

6. NATİQ ŞAHMURADOV

(1963-1992)

Qarabağ müharibəsi şəhidi Natiq Əmirxan oğlu Şahmuradov 1963-cü ilin bu günü Kərkicahan qəsəbəsində anadan olub. 1981-1983-cü illərdə Xarkov və Sevastopol şəhərlərində hərbi xidmətdə olub. 1985-1987-ci illərdə sürücü və kinomexanik peşələrinə yiyələnib. Hərbi xidmətini başa vurduqdan sonra daxili işlər orqanlarında əmək fəaliyyətinə başlayıb. 1989-cu ildə Bakıda orta xüsusi milis məktəbinə oxumağa göndərilib. Məktəbi əla qiymətlərlə başa vurduqdan sonra təyinatı Saatlı rayonuna verilsə də, bu göndərişdən imtina edərək Qarabağa göndərilməsində təkid edib və Şuşa Rayon Polis Şöbəsinə göndərilib. Natiq Şahmuradov 1992-ci il mayın 8-də Şuşanın işğalı zamanı şəhid olub və Bakının Şəhidlər Xiyabanında dəfn olunub.

7. EYNUR ABDULLAYEV

(1968-1993)

Azərbaycan Milli Ordusunun əsgəri, şəhid Eynur Sahib oğlu Abdullayev 14 avqust 1968-ci ildə Zəngilan rayonunun Ağbiz kəndində anadan olub. 1985-ci ildə İsgəndərbəyli kənd orta məktəbini bitirib. Sovet ordusunda hərbi xidmətini başa vurduqdan sonra bir müddət polis çalışıb. 1993-cü ildə Azərbaycan Milli Ordusunun sıralarına könüllü kimi daxil olub. Eynur Abdullayev 1993-cü il oktyabrın 29-da Zəngilan rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olub.

8. ATABABA MUSAXANLI

(1905-1941)

İlk ədəbi tənqidçilərimizdən və "Kitabi-Dədə Qorqud"un ilk tədqiqatçılarından biri olan Atababa Daşdəmir oğlu Musaxanlının xatirə günüdür. O, 1905-ci ildə Bakı şəhərində anadan olub. İbtidai təhsilini rus-tatar məktəbində alıb, daha sonra şəhər orta məktəbində oxuyub. 1921-1924-cü illərdə Ali Pedaqoji İnstitutun dil və ədəbiyyat şöbəsində təhsil alıb və buranı fərqlənmə diplomu ilə bitirib. Bakı Pedaqoji Texnikumunda dil və ədəbiyyat müəllimi kimi çalışıb, orta və ali məktəblər üçün proqram və dərsliklər hazırlayıb. 1934-cü ildə Azərbaycan Yazıçılar Birliyinə daxil olub. 17 dekabr 1937-ci ildə "xalq düşməni" kimi həbs edilən Atababa Musaxanlı 31 dekabr 1937-ci ildə güllələnməyə məhkum olunub, sonradan güllələnmə sürgün cəzası ilə əvəzlənib. O, 1941-ci il avqustun 14-də sürgündə həlak olub.

9. MİRSALEH AĞAYEV

(1964-1992)

Şəhid Mirsaleh Mirqasım oğlu Ağayev də bu gün xatırlanır. O, 1964-cü il noyabrın 3-də Bakıda anadan olub. Badamdar qəsəbəsindəki 239 saylı orta məktəbin məzunu olub. Daxili Qoşunların hərbçisi kimi Ağdərə rayonunun erməni daşnaklarından təmizlənməsi əməliyyatlarında fəal iştirak edib. Mirsaleh Ağayev 1992-ci il avqustun 14-də qəhrəmancasına şəhid olub.

# 1540
avatar

Oxşar yazılar