İl 2012. Türk filmlərinin Azərbaycan televiziya məkanında necə deyərlər "at oynatdığı" illərdə Azərbaycan kinosuna "Pərvanələrin rəqsi" adlı serial günəş kimi doğdu.
...Məktəbdən evə tələsirəm. Tapşırıqlarımı serial saatına qədər bitirib özümə televiziya qarşısında yer etmək üçün səbirim çatmır. Həm də hər gün. Mövzusu yaşımıza uyğun sayılmasa da (müəllimlərimiz belə deyərdi) demək olar bütün sinifin müzakirəsi bu serialın ətrafında dönürdü.
Anar Heybətov. Əməkdar artistlə ilk tanışlığım da məhz bu serialla başlayır. Jurnalist olacağım halda ondan müsahibə alacağımı düşünürəm. Necə belə dərindən oynaya bilir rolunu?- Fikirləşirəm.
...İl 2026. 14 il sonra onunla üzbəüz əyləşmişəm. Bu dəfə suallarım təkcə "Pərvanələrin rəqsi"ni əhatə etməyəcəkdi...
Milli Dram Teatrının qarşısında dayanıb "Ölülər" tamaşasının afişasına baxıram. Bilirəm ki, hazırlıq getdiyi üçün əsas qapı bağlıdır. Fotoqrafımızla birgə teatrın arxa qapısına doğru hərəkət edəndə bizi ayaqüstü qarşılayır.
- Salam, Anar bəy. Müsahibəmizi içəridə...
- Salam, Naibə xanım. İçəridə tamaşaya hazırlıq gedir, burada səs-küysüz olacaq.
Razılaşıram.
Lent.az aktyor Anar Heybətovla müsahibəsini təqdim edir:
- Lap əvvəldən başlayaq. Xalq çalğı alətləri şöbəsində tar sinifini bitirən Anar Heybətov niyə sonradan aktyorluq təhsili almaq qərarına gəlir?
- Bülbül adına orta ixtisas musiqi məktəbində xalq çalğı alətləri şöbəsinin tar sinifini bitirmişəm. Aktyorluğa isə məktəb illərindən həvəsim var idi, bir çox tədbirlərdə iştirak edirdim. Valideynlərim sənədlərimi musiqi akademiyasına verməyimi istəyirdi. Deyirdilər ki, musiqi üzrə təhsil almısan, heyifdir. Tarzən Ramiz Quliyev sayəsində aktyorluğa yönəldim. Mən hər zaman ona məni imtahandan kəsdiyi üçün təşəkkür etmişəm. Növbəti il dram və kinoaktyorluq fakültəsinə sənədlərimi verdim. 1995-ci ildə daxil olub 1999-cu ildə Azər Paşa Nemətovun kursunu bitirmişəm. Məni Azər müəllim Akademik Milli Dram Teatrında Elçinin "Mənim ərim dəlidir" tamaşasına kiçik bir rolla gətirdi. O gündən bu günə qədər də teatrda çalışıram.

- Bəs bu çalışdığınız illərdə ən sevdiyiniz rolunuz hansı olub?
- Mən ümumiyyətlə, ifa etdiyimi rolların hər birini sevərək oynayıram. Düşünürəm ki, aktyor rolunu sevmədən oynasa, kənardan hiss olunar və onu tamaşaçıya çatdıra bilməz. Hər birini sevirəm, amma universitet illərindən Cəlil Məmmədquluzadənin "Ölülər" tamaşasında "Kefli İsgəndər"i özümə daha yaxın bilirəm.

- Hansı rolda oynamaq istəmisiniz, lakin alınmayıb?
- Bizim məşğul olduğumuz sahə elə sənətdir ki, bitib tükənmir. Yaşa dolduqca daha başqa rollarda özünü görüb sınamaq istəyirsən. Yəqin ki, mənim də oynamaq istədiyim rollar var. Amma bu, oynadıqca yada düşür.
- Tamaşaçılar sizi daha çox hansı işlərlə xatırlayır? Sizi ən çox sevdirən hansı ekran işi olub?
- Tamaşaçılardan tez-tez eşidirəm. 2006-2007-ci illərdə bizdə seriallar çox da çəkilmirdi. İnsanlarımız xarici seriallara baxırdı. "Qaydasız döyüş", "Bəyaz həyat" serialları da tamaşaçıların yadındadır, 2012-ci ildə "Pərvanələrin rəqsi" serialı başladı. Həmin illərdə bizim serial bir nömrəli serial idi. Oradan daha çox insanın yadında qalmışam. Gənc nəsil məni daha çox bu serialla yadında saxlayıb. Mənə çox xoşdur ki, həmin tamaşaçılar artıq teatrda tamaşalarımızı izləməyə gəlirlər.

- Bu illər ərzində sizə ağır gələn rol olub ki, içindən çıxmağa çətinlik çəkmisiniz?
- 2018-ci ildə Prezident İlham Əliyev "Mikayıl Müşfiq ili" elan etmişdi. O zaman bütün mədəniyyət mərkəzləri Mikayıl Müşfiqin xatirəsinə tədbirlər hazırlayırdı. Bizim də teatra Əli Əmirlinin “Ah, bu uzun sevda yolu” pyesi təqdim olundu. Tamaşada Mikayıl Müşfiq və Dilbər Axundzadənin başına gələnlər tamaşada canlandırıldı. Mənə ağır gələn tamaşa o idi. Ümumiyyətlə, biz hamımız o tamaşadan təsirlənib çıxırıq. Ağır tamaşadır. Bu tamaşadan bir neçə saat sonra biz özümüzə gəlmirik. Onun faciəsi bizə təsir edir.

- Azərbaycan kinosundan danışaq. Bir aktyor olaraq, kinomuzun bu günü sizi qane edir?
- Açığı, hər seriala vaxt etibarilə baxmaq mümkün olmur. Amma çalışdığım qədərilə internet səhifələrindən hazırda yayımlanan filmlərin epizodlarına baxmağa çalışıram. Bəzi filmlərimiz xarici ölkələrdə müəyyən mükafatlara layiq görülür. Amma filmlərimiz 100% uğurludur, deyə bilmirəm. Təəssüf.
- Bəs əvvəlki illərlə müqayisə etsək, necə?
- Düşünürəm ki, düzəlməyə doğru gedir. Yaxın neçə ildə düzələr, deyə bilmərəm, amma düzəlməyə doğru gedir.
- Əli İsa Cabbarov Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi. Sizin münasibətiniz necədir?
- Əlisa müəllimə uğurlar arzulayıram. Onlarla çox da yaxınlığım yoxdur. Onlar haqqında nəsə desəm, birdən səhv deyərəm. Ona görə də sadəcə uğurlar arzulayıram.

- Bu sənətə başlayan gənclərinizdən gözləntiləriniz nələrdir? Hansısa iradınız olduqda bildirirsiniz?
- Son illər teatra çox istedadlı gənclər gəlir. İrad bildirmirəm, sadəcə məsləhət verə bilərəm ki, burada belə etmək lazımdır. Onlar da sağ olsun düşünürlər ki, hər halda səriştəm onlardan daha çoxdur. Onlara pis bir şey demərəm.
- Bəs 50 yaşın astanasında olan Anar Heybətov yeni başlayan Anara nə məsləhət görərdi?
- Biz teatrın çətin dövrlərində işləmişik. Yadımdadır ki, karyeramıza yeni başlayanda tamaşaçı zalında 20-30 nəfər olurdu. Biz onlar üçün tamaşa oynayırdıq. Sonra zamanla tamaşalara gələnlərin sayı artmağa başladı, bilmirəm, bəlkə də tamaşaların səviyyəsi artmağa başladı. O vaxtkı Anara səbr arzulayaram ki, hər şey düzələcək. İndiki gənclərə yaxşı mənada paxıllıq edirəm. Bizim dövrümüzdə səhnədə bu qədər işıq, səs sistemi, qrim otaqlarının şəraiti yox idi.

- İllərdir sənətdəsiniz. Yəqin ki, küsülü olduğunuz kimlərsə olub.
- Mənim küsülü olduğum adam yoxdur. Ola bilər ki, bəlkə, kimsə mənimlə danışmır, ondan da xəbərim yoxdur. Birincisi, küsməyi kişi xeylağına yaraşdırmıram. İncidiyim bir şey olsa, anında həmin adama deyirəm, ürəyimdə saxlayıb kinli davranmıram. Uzun illərə dayanan dostluq olur, hər hansısa yalanın, yersiz hərəkətin üstündə ona son qoymaq bəlkə, kimlər üçünsə asandır, mənim üçün isə yox.
- Peşə faəaliyyətinizdə xatirənizdən heç vaxt silinməyəək qəribə və ya maraqlı an mütləq ki var. Bu barədə dinləmək istəyərdim sizi.
- Maraqlı və qəribə yox, amma üzücü bir məsələ barəsində danışmaq istəyərdim. Deməli, Masazır qəsəbəsində Duz gölünün qırağında çəkilişdə idik. Mən də çəkilişdə olanda telefonalarımı səssizə alıb, üzü aşağı masaya qoyuram. Açığı, telefonuma əl vurulmasından xoşum gəlmir. Bilirlər ki, olmaz. Həmin günlərdə səs rejisorunun yeni köməkçisi gəlmişdi. Bir də gördüm ki, yaxşılıq etmək üçün telefonumu gətirdi ki, sizə zəng gəlib. O, indi bilmir telefona əl vurmaq olar, olmaz. Baxdım ki, evdəndir. Açdım, dedilər ki, binada yanğındır və biz qaçmışıq, kişi qalıb evdə. Atam yataq xəstəsi idi. Bir Allah bilir ki, oradan evə necə qaçıb gəldim. Mən gələnə qədər yanğın söndürülübmüş. O hadisə heç vaxt yadımdadan çıxmır. Hətta oğlana acıqla baxmışdım ki, sənə kim deyib ki, telefonuma əl vurasan. Amma o uşaq olmasaydı, bu hadisədən çox gec xəbər tutacaqdım. Atamın vəfat xəbərini də çəkilişdə olanda almışdım. Mən çəkilişdə olmalı idim. Əslində çəkilişdə anlayırdılar ki, evdə ağır xəstəm var. Amma gün ərzində ən azından 2 saat gedib çəkilmək lazım idi. Atamdan soruşdum ki, yaxşısan? Dedi, hə. Dedim, bir-iki epizodum var, çəkilib gələcəyəm. Dedi, tez gəl. Çəkilişə çatmışdım ki, zəng etdilər ki, atam artıq vəfat edib.

- Bu il həm də yubileyinizdir. 50 illiyinizə Xalq artisti adını qazanmağı gözləyirsiniz?
- Vallah bilmirəm. İnanın o haqda düşünməmişəm. Layiq bilsələr, verərlər. Mən mütəmadi olaraq təltif olunuram. Düşünürəm ki, məsləhət bilsələr, Xalq artisti adı da verərlər. Azərbaycanda aktyor sənəti ilə nələri qazanmaq olarsa. onların hamısını qazanmaq istəyirəm. Amma bilmirəm, bəlkə, onları qazanmağa ömür vəfa eləməz.
