Televizoru açıq saxlayaraq yatmaq yuxunun keyfiyyətini poza və ürək-damar sisteminə əlavə yük yarada bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, kardioloqlar gecə televizor qarşısında yatmaq vərdişindən imtina etməyi məsləhət görürlər.
Mütəxəssislərin sözlərinə görə, yuxu zamanı orqanizm, o cümlədən ürək-damar sistemi bərpa olunur. Qan təzyiqi və stress hormonlarının səviyyəsi azalır, damarlar dincəlir. Davamlı yuxusuzluq isə yüksək təzyiq, piylənmə və diabet riskini artıra bilər.
Televizor açıq olduqda səs, musiqi və dialoqlar insan yatdıqdan sonra da beynə təsir edir. Bu isə yuxunun tez-tez bölünməsinə və daha səthi olmasına səbəb ola bilər.
Ekrandan yayılan işıq da yuxuya mane olur. Axşam saatlarında işıq melatonin hormonunun ifrazını azalda və beynin yuxuya hazırlaşmasını çətinləşdirə bilər.
Həkimlər xüsusilə qorxulu filmlər, trillerlər və gərgin xəbərlərə yatmazdan əvvəl baxmağı məsləhət görmürlər. Belə məzmun stress hormonlarını artıra, ürək döyüntüsünü və qan təzyiqini yüksəldə bilər.
Mütəxəssislər televizoru yatmazdan ən azı bir saat əvvəl söndürməyi tövsiyə edirlər. Bu müddətdə kitab oxumaq, sakit musiqi dinləmək, nəfəs məşqləri etmək və ya başqa rahatlaşdırıcı fəaliyyətlə məşğul olmaq daha faydalıdır.
Hər gün təxminən eyni vaxtda yatmaq və oyanmaq, yatmazdan əvvəl spirtli içkilərdən uzaq durmaq da sağlam yuxu üçün vacib hesab olunur.