1642
15:28
06 Avqust 2020

Ermənilərin Tovuza vurduğu ziyanın aradan qaldırılmasına pul ayrıldı

Prezident İlham Əliyev Tovuz rayonunu Ermənistan Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncama əsasən, Tovuz rayonunu Ermənistan Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Vahidli, Əlibəyli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması məqsədilə 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə 1,0 (bir) milyon manat məbləğində vəsait ayrılıb.

Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Nazirlər Kabineti Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Vahidli, Əlibəyli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində sosial infrastrukturun yaxşılaşdırılması məqsədilə zəruri hesab olunan işlərə dair təkliflərini bir ay müddətində Prezidentə təqdim etməlidir.