2053
18:39
17 İyun 2020

Valideynlərin öz övladlarına qarşı diqqətsizliyi - KOMİTƏDƏN MÜRACİƏT

Son zamanlar valideyn məsuliyyətsizliyi, diqqətsizliyi və uşaq hüquqlarının pozulması ilə müşahidə edilən video-materialların sosial şəbəkələrdə paylaşılması haqlı olaraq cəmiyyətdə təəssüf və qəzəb hissi ilə qarşılanıb. Bu faktlarla bağlı məsələlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aidiyyəti qurumlara müraciət edib.

Lent.az xəbər verir ki, bu barədə komitənin məlumatında qeyd olunub.

“Təəssüflər olsun ki, bəzi valideynlərin öz övladlarına qarşı diqqətsizliyi, internet resurslarından istifadə zamanı valideyn nəzarətinin olmaması uşaqların sosial şəbəkələrdə yaşlarına uyğun olmayan paylaşımlar etməsinə, onların təhlükə ilə üzləşməsinə, hətta bədbəxt hadisələrin baş verməsinə gətirib çıxarır.

Bəzi valideynlər isə övladlarına sağlam həyat tərzini aşılamaq əvəzinə, onların gözü qarşısında pis örnək göstərir, hətta azyaşlı övladlarını zərərli vərdişlərə həvəsləndirərək video çəkilişlər edir və sosial şəbəkələrdə paylaşır.

Mütəmadi olaraq bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasına baxmayaraq, təəssüflər olsun ki, bu kimi hallar təkrarlanır. Nəzərə alınmalıdır ki, hüquq-mühafizə orqanları tərəfindən bu kimi hallar araşdırılaraq, onlara lazımi hüquqi qiymət verilir və təqsirli bilinən şəxslər məsuliyyətə cəlb olunur.

Uşaqlar cəmiyyətin həssas təbəqəsi olaraq daim diqqətə, qayğıya ehtiyac duyur. Hər bir valideyn məsuliyyətini anlamalı və öz üzərinə düşən valideynlik vəzifələrini layiqincə yerinə yetirməlidir. Ölkəmizin Konstitusiyasında da vurğulandığı kimi, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək, ilk növbədə, valideynlərin borcudur. Hər bir valideyn düşünməlidir ki, uşaqların mənəviyyatına xələl gətirən hərəkətlər onların bir vətəndaş olaraq tərbiyəsinə mənfi təsir göstərir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bir daha valideynlərə müraciət edərək, onları övladlarına qarşı nəzarəti gücləndirməyə və daha məsuliyyətli olmağa çağırır.

Eyni zamanda bildiririk ki, sosial şəbəkələrdə yayılan belə məlumatların cəmiyyət tərəfindən ictimai qınaqla qarşılanması bu problemin həllində böyük rol oynayır”.