16:35
07 May 2020

Azərbaycanlı mafiozların qanlı döyüşü: “Svetomuzıka” “Bık”a qarşı... – Səbuhi Məmmədli yazır

Bu gün səhər saatlarında Rusiyanın Krasnoyarsk şəhərində Anatoli Bıkov həbs edilib. Yerli KİV-in yazdığına görə, Krasnoyarsk diyarı Dumasının keçmiş üzvü öz mənzilində saxlanılıb. O, sifarişli qətllərdə ittiham olunur. Şahidlərin dediyinə görə, Bıkovun mənzilinə sıradan polislər gəlməyiblər. O, yerli DİN, Rosqvardiya və FTX əməkdaşlarının birgə əməliyyatı nəticəsində həbs edilib.

Bıkov Krasnoyarsk Alüminium zavodunun sahibi idi. 1997-2016-cı illərdə yerli parlamentin deputatı olub. Regionda nüfuzu olduqca böyükdür. Amma…

Amma yerli hüquq-mühafizə orqanlarının sifarişli qətllərlə bağlı şübhələri də əsassız deyil...

Cinayətkar aləmdə “Sibir kriminalının atası”, “Tolya-Bık” ləqəbli bu vəhşi 90-larda Vladimir Tatarenkov adlı kriminal avtoritetlə birgə doğrudan da Krasnoyarskda at oynadıb. Onların hesabında çox sayda qətllər var. Məsələn, “Novaya qazeta”nın yazdığına görə, bu qətllərin ehtimal edilən sayı ən azı 20-dir.

Bıkovun federal səviyyədə tanınan qanuni oğrular “Lyapa”, “Tolmaç”, “Salim” və ən əsası, “Yaponçik”lə dostluq münasibəti olub.

Amma necə deyərlər, bütün bu həngamələr, bu qədər qətl, bir vaxtlar Rusiyanın altını üstünə çevirən o nəhənglikdə avtoritetlərlə dostluq qalıb bir yana, onu “Paşa Svetomuzıka” kimi “bespredel”in qətlini sifariş etməkdə ittiham edirlər.

Hə, “Paşa Svetomuzıka” ləqəbli kriminal avtoritetin, Vilor Struqanovun. Bəs bu “Svetomuzıka” kimdi? Bu unikal Vilor nə addı belə?

Vilorun adı, Vladimir İliç Lenin Otes Revolyutsii sözlərinin baş hərflərindən əmələ gəlib. Gözünü tez-tez qırpdığı üçün isə onu “Svetomuzıka” kimi çağırıblar. Elə kriminal aləmdə də bu ləqəblə tanınıb. Vilor Struqanov 24 sentyabr 1964-cü ildə Kemerovo vilayətinin Mainsk şəhərindəki qadın həbsxanasında anadan olub. Hə, təəccüblənməyin, onun anası Yelena Fyodorovna yeməkxanadan oğurluq etdiyinə görə, orada cəza çəkirmiş.

Elə Struqanov da ilk cəzasını şalvar oğurluğuna görə çəkib. Amma ikinci dəfə daha böyük cinayətə əl atıb. O, əslən Şəmkirdən olan Rafiq Məmmədov və Vladimir Oşarovla birgə yerli iş adamlarından birini oğurlamaqda ittiham olunub. Həmin vaxt onlar ələ keçirlər. “Svetomuzıka” cinayəti boynuna götürür və 7 il həbs cəzasına məhkum edilir.

Azadlığa çıxandan sonra isə boş dayanmır, bir sıra kriminal gücləri öz ətrafında birləşdirərək, Krasnoyarsk diyarındakı bazarlar uğrunda müharibəyə başlayır. Bu müharibədə isə onun bir nömrəli rəqibi məhz Bıkov idi.

Hə, müharibə başlamışdı. Bu müharibədə onlara iki nüfuzlu azərbaycanlı dəstək verirdi. “Sevetomuzıka”ya Rafiq Məmmədov, “Tolya Bık”a isə Oqtay Əhmədov...

Rafiqlə Oqtayı əslində həmyerli saymaq olar. Onlar Azərbaycanda qonşu rayonlardandırlar – Məmmədov Şəmkirdən, Əhmədov isə Tovuzdan idi.

Əslində, Rafiq Məmmədov Krasnoyarskdakı bazarlar uğrunda Oqtay Əhmədovun qruplaşması ilə illərdir, mübarizə aparırdı. Şəmkirli Məmmədovun qruplaşması ilə tovuzlu Əhmədovun klanı arasında mübarizədə indiyədək onlarla adamın öldüyü haqda məlumatlar var. Onlar, yuxarıda dediyimiz kimi, bu müharibədə tək deyildilər. Biri “Svetomuzıka”nın, digəri isə “Bık”ın tərəfindəydi.

Oqtay Əhmədov iki dəfə sui-qəsdə məruz qalmışdı. İlk dəfə o, 1997-ci ilin fevralında başından vurulur. Ağır əməliyyata məruz qalır. Çənə sümüyü, demək olar ki, tam dəyişdirilir. Nitq və hərəkət qabiliyyətini itirir. Ömürlük əlil arabasına möhtac olur. Amma bu vəziyyətdə belə, biznesini və qruplaşmasını idarə edir.

Nəhayət, 2003-cü il oktyabrın 22-də də Oqtay Əhmədov öldürürlər. Ona iki güllə vurulmuşdu. Biri ombasına, biri ürəyinə. Xəstəxanaya çatdırmaq mümkün olmamışdı. 40 dəqiqədən sonra vəfat etmişdi.

Bu yerdə bir məqama xüsusi diqqət yetirək. Məmmədov və Əhmədovların qruplaşmaları arasında gedən müharibədə Rafiqin 1 qardaşı öldürülüb, 2-si yaralanıb. Oqtay Əhmədovun isə indiyədək bir neçə yaxın qohumunun, o cümlədən iki əmisi oğlunun öldürüldüyü məlumdur.

Əhmədovun öldürülməsindən sonra onun qruplaşmasının mövqeləri nisbətən zəifləyir, vilayətdə əsas söz sahibi kimi Rafiq Məmmədovun adı çəkilməyə başlayır.

Amma… onunku da uzun çəkmir.

2009-cu il, 6 may.

Onu şəhər ətrafındakı Solontsı bağ evləri qəsəbəsində qətlə yetirmişdilər. Rafiq Məmmədov hadisə zamanı zirehli “Ford” da olub, killerlər avtomobilə avtomat və tapançadan intensiv atəş açıblar. Rafiqlə bərabər, onun 3 azərbaycanlı mühafizəçisi də atəşə tutulur. Onların dördü də hadisə yerində ölür.

Hadisə yerinə gələn kriminalistlərin ilk qənaəti bilirsinizmi nə olur? Vendetta! Hə, məhz QİSAS! Əhmədovun qisası alınmışdı. Hər, halda rusiyalı istintaqçılar belə fikirləşirdilər.

Onun qatilləri isə tezliklə tapılır. Və hər ikisi də azərbaycanlı: Elmir Məmmədov və Tural Nəcəfov. Əvvəlcə etiraz etsələr də, sonradan törətdikləri cinayəti boyunlarına alırlar. Krasnoyarsk şəhər məhkəməsi onları müvafiq olaraq 22 və 21 il müddətinə azadlıqdan məhrum edir.


***

Zaman - 2015-ci il, aprelin 4-ü.

Məkan - Krasnoyarsk şəhər məhkəməsi.

Məhkəmənin qərarı ilə “Paşa Svetomuzıka” ləqəbli məşhur kriminal avtoritet Vilor Struqanov 9 il müddətinə azadlıqdan məhrum edilir.

Əslində, məhkəmədə dövlət ittihamçısı Struqanovu 25 il azadlıqdan məhrum etməyi xahiş edir.

Çünki Struqanov və iki şəriki Vladimir Oşarov və İqor Yelovski 5 nəfərin qətlində günahkar hesab olunurdular. Amma bu, hələ sübut olunmuş qətl hadisələrinə görə verilən cəza idi. Onların sayı isə çox, lap çox idi. Anası oğru olan bu avtoritetin sifariş verdikləri arasında azərbaycanlılar da vardı. Bazar müharibələrinin qurbanı olan azərbaycanlılar...

Dİgər xəbərlər