969
14:26
04 Fevral 2020

İranda ABŞ-a casusluq edən şəxs edam olunacaq


“İranda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) casusluq edən Əmir Rəhimpur barəsində çıxarılan edam hökmü icra olunacaq”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu bu gün İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmaili keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, MKİ-yə İranın nüvə proqramına dair çox saylı məlumat ötürən Ə. Rəhimpur edama məhkum olunub və bir neçə gün əvvəl İranın Ali Məhkəməsi edam hökmünü təsdiqləyib.

Q. İsmaili əlavə edib ki, Ə. Rəhimpur casusluq müqabilində külli miqdarda pul alıb.

“Son vaxtlar İranda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə casusluq edən 2 nəfər saxlanılıb. Onlar 15 il müddətinə azadlıqdan məhrum ediliblər”, - deyə Qulamhüseyn İsmaili vurğulayıb.