4493
09:17
03 Fevral 2020

Qadınlarda sızanaqlar hansı problemlərdən xəbər verir?

Sızanaq xəstəliyi qadınlarda fərqli mexanizmlərlə cərəyan edə bilər. Kişilərdən fərqli olaraq qadınlarda sızanaq problemi hormonal pozuntular fonunda da meydana gəlir. Xüsusən yumurtalıq kistalarına bağlı yaranmış sindromik halların verdiyi sızanaq problemlərinə tez-tez rast gəlinir.

Bunu dermatoveneroloq, uzman həkim Mehdi İskəndərli bildirib.

Həkimin sözlərinə görə, belə xanımlarda adətən sızanaqlar menstruasiya (aybaşı) öncəsi kəskinləşməyə başlayır, yeniləri meydana gəlir, köhnələri qızışır. Bəzilərində tüklənmə problemləri də ortaya çıxır: “Xəstələr menstruasiya pozulmaları olduğunu da etiraf edirlər. Belə xəstələrin bəzilər prediabetdən və artıq çəkidən əziyyət çəkirlər. Hormonal pozuntular sadəcə, yumurtalıq problemlərinə bağlı yaranmır. Bəzi xəstələrdə hormonal pozuntular böyrəküstü vəzin hormonlarına bağlı yaranır və ciddi sindromik hallara gətirib çıxara bilir”.

Dermatoloq qeyd edib ki, saç və dəri yağlılığı, saç töklüməsi, saçlarda seyrəlmə də hormonal pozuntlara bağlı yarana və sindromik halların bir parçası ola bilər: “Bu baxımdan peşəkar dermatoloqun ətraflı anamnez topladıqdan sonra ehtiyac olduğu təqdirdə qadın pasientlərdə hormonal pozuntuları aşkarlamaq üçün xəstəni xüsusi laborator və radioloji müayinələrdən keçirə bilər. Əldə edilmiş nəticələr isə müalicənin istiqamətini və müddətini təyin edir.

Kişilərdə isə sızanaq problemlərinin hormonal pozuntulara bağlı yaranması daha nadirdir, lakin mümkündür”.

Həkim qeyd edib ki, peşəkar dermatoloq həm kişi, həm də qadın pasientlərdə sızanaq problemlərini hormonal xəstəliklər yönündən araşdırmağı bacarır və bu istiqamətdə lazımi tədbirləri görür.

e-tibb.az