İsraildə yaşayan azərbaycanlı, AzTV-nin veteranı Əhməd Abdullayev dövlət televiziyamızın dünyaya yaydığı Azərbaycan həqiqətlərindən yazıb.
Lent.az həmin yazını təqdim edir:
Salam Azərbaycan! Salam Bakı!
Salam doğma yurdum, doğma Vətənim!!
Çox böyük Vətən həsrəti ilə keçmişi xatırlayanda görürəm ki, müstəqil Azərbaycan çox mürəkkəb və keşməkeşli həyat yolu keçmişdir. Bu günə baxanda aydın olur ki, doğma yurdum hal-hazırda dünyanın ən qabaqcıl ölkələrindən birinə çevrilmişdir.
Bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş bu inkişaf dövlət başçısı İlham Əliyev tərəfindən böyük diplomatik və islahatlar nəticəsində öz parlaq davamını tapmışdır.
Hər bir dövlətin güzgüsü onun incəsənəti sayılır. Heç təsadüfi deyil ki, bu islahatlar Azərbaycan incəsənətini də daha yüksəklərə qaldırmışdır. Əsası Üzeyir Hacıbəyov, Rəşid Behbudov, Müslüm Maqomayev tərəfindən qoyulmuş müasir Azərbaycan incəsənəti orta və yeni nəsil tərəfindən daha da inkişaf etdirilimişdir.
Milli incəsənətimizin bir qolu olan Azərbaycan Televiziyası haqqında bəhs etmək istəyirəm. Axı mənim 40 illik fəaliyətim məhz incəsənətin bu sahəsi ilə bağlıdır. Son vaxtlar efirdə yayımlanan "Həftə", "Əsas Məsələ", "Hədəf", kimi müasir nəfəsli verlişlər də bunu sübut edir ki, televiziyanın yaradıcı heyəti axtarış yolundadır və bu, onun hər bir son yeni işində özünü göstərir. Çox qısa müddət ərzində Azərbaycan Televiziyasında olan yeni quruluş və müasir nəfəs yeni təyin olunmuş sədrlə bağlıdır. Filologiya elmlər doktoru Rövşən Məmmədov sədr olmaqla bərabər, televiziya sahəsində peşəkar aparıcı kimi seçilir və onun uğurla apardığı "Həftə" verlişi böyük tamaşaçı auditoriyası toplayıb.
Sədr həm də aparıcı... belə tandemə telekanallarda çox az rast gəlmək olur. Gəlin, ona bu yeni işində müvəffəqiyətlər arzulayaq.
Azərbaycan Televiziyası və Radiosunun bu inkişaf mərhələsində mənim köhnə həmkarlarım – Sahəddin Hüseynovun, Ramiz Mirzəyevin, Qorxmaz Şıxəliyevin, Nazim Rzanının, Nəriman Şıxəliyevin də əməkləri böyükdür. Burada mənim köhnə dostum və qardaşım Azərbaycanın xalq artisiti, rejissor Vasif Babayevin önəmli rolunu da qeyd etmək istərdim.
Bu gün Azərbaycan televiziyası olduqca vacib missiyanı çiyinlərində daşıyır – Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması!
Mənim ən böyük arzum – bütün dünya Azərbaycanlıların arzusudur – işğal olunmuş doğma torpağlarımız azad olunsun!!! Gün o gün olsun ki, azadlıq bayramını qədim Azərbaycan torpağı olan Şuşada qeyd edək!!!
Şuşanı düşünəndə keçən əsrin 70-ci illəri yadıma düşür. Mən bu müqəddəs torpağa ilk dəfə böyük Azərbaycan şairi Süleyman Rüstəmin həyat və yaradıcılığından bəhs edən "Qızıl Qələm" telefilminin çəkilməsi üçün gəlmişdim.
Tale elə gətiridi ki, biz ustad şairlə birgə dahi Azərbaycan şairi və müttəfəkkiri Molla Pənah Vaqifin məqbərəsinin açılış mərasimində iştirak etdik və bu hadisəni lentə aldıq.
Heç yadımdan çıxmaz... Qar yağmasına baxmayaraq, burada adam əlindən yer yox idi. Dünyanın müxtəlif yerlərindən olan tanınmış şairlər, elm və incəsənət xadimləri də bu mərasimə dəvət olunmuşdu.
Burada Ulu Öndər Heydər Əliyevin alovlu çıxışı nı illər keçsə də unutmaq mümkün deyil. O, Molla Pənah Vaqifin dövrünün ən güclü şairlərindən biri, dövlət xadimi və mütəfəkkiri olduğunu bir daha qonaqlara çatdırdı.
Əfsuslar olsun ki, erməni daşnaqları bu və başqa Azərbaycan məqbərələrini, tarixi abidələri Qarabağda vəhşiliklə və barbarlıqla dağıtdılar.
Bu gün dünya ictimaiyyəti onları təcavüzkar və işğalçı kimi tanıyır.
Burada bir nəticə çıxır ki, belə getsə, onların havadarları nə etsələr də, onlar Qafqazdan qovulacaq və dünya xəritəsində özlərinə yeni Vətən axtarmalı olacaqlar!!!
Azərbaycan xalqı çox qonaqpərvər, mərd, həm də səbrli xalqdır. Mən inanıram ki, bu yaxınlarda bu qara duman Azərbaycanımızın üzərində keçib gedəcək və onu işıqlı gələcək əvəz edəcək!
Sizi bir daha yeni 2020-сi il və Dünya Azərbaycanlıların Həmrəylik Bayramı münasibəti ilə ürəkdən təbrik edirəm!!!
Salam Azərbaycan! Salam Bakı!
Salam doğma yurdum, doğma Vətənim!!
Yaşa yaşa Azərbaycan!!!"