ABŞ-ın Miçiqan ştatında atışma nəticəsində 5 nəfər ölüb, daha bir nəfər yaralanıb. Hadisələrdə şübhəli bilinən şəxs də ölü tapılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, polis evlərdən birində baş verən atışma ilə bağlı çağırışa gedib. Orada 3 nəfərin meyiti və yaralı vəziyyətdə olan bir nəfər aşkarlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
39 yaşlı Çed Hikmanın axtarışı zamanı polis başqa bir evdə dördüncü ölən şəxsi tapıb.
Daha sonra Hikmanın avtomobili Uitlok gölü yaxınlığındakı meşəlik ərazidə aşkarlanıb. Axtarış zamanı onun meyiti və daha bir nəfərin cəsədi tapılıb.
Hüquq-mühafizə orqanları 6 nəfərin ölümünün dəqiq səbəbini hələ müəyyənləşdirməyiblər. Ölən şəxslər arasında mümkün əlaqə barədə də məlumat verilməyib.