Azərbaycanda akademik vəfat edib
07 yanvar 2020 12:37 (UTC +04:00)

Azərbaycanda akademik vəfat edib

Azərbaycanın yarımkeçiricilər fizikası sahəsində tanınmış alim, Dövlət mükafatı laureatı, "Şöhrət" ordenli, Milli Aviasiya Akademiyasının Ümumi və tətbiqi fizika kafedrasının müdiri, akademik Bahadır Tağıyev yanvarın 7-də 86 yaşında vəfat edib.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) Lent.az-a verilən məlumata görə, Bahadır Hüseyn oğlu Tağıyev 1934-cü il martın 13-də Masallı rayonunun Türkoba kəndində anadan olub. O, 1956-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu "Fizika" ixtisası üzrə bitirib.

Alim 1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutun­da əmək fəaliyyətinə başlayıb, bu elmi müəssisədə aspirant, elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. 1996-2009-cu illərdə Milli Aviasiya Akademiyasında əvəzçi professor olub, 2009-cu ildən isə bu qurumun Ümumi və tətbiqi fizika kafedrasının müdiri idi.

B.Tağıyev 1965-ci ildə fizika üzrə fəlsəfə, 1978-ci ildə fizika üzrə elmlər doktoru elmi dərəcələrini, 1984-cü ildə professor elmi adını alıb. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib.

Akademik, 350 elmi məqalə, o cümlədən 40-a yaxın müəllif şəhadətnaməsi və patentin müəllifi idi. Alimin rəhbərliyi altında 30 fəlsəfə və 10 elmlər doktoru yetişdirilib.

Akademik B.Tağıyev elm və təhsil sahəsindəki fəaliyyətinə görə, “Şərəf nişanı”, "Şərəfli əməyə görə” medalı, Dövlət mükafatı laureatı və "Şöhrət" ordeninə layiq görülüb.

Allah rəhmət eləsin!

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2813

Oxşar yazılar