İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyev Ramin Bayramlının “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri təyin edilməsi haqqında əmr imzalayıb.
Lent.az-a agentliyin mətbuat xidmətindən bildirilib ki, R.Bayramlı 1979-cu il noyabrın 20-də anadan olub. 2001-ci ildə Azərbaycan Tibb Universitetinin (ATU) tibbi profilaktika fakültəsini bitirib. Əmək fəaliyyətinə 2001-ci ildə ATU-nun Mikrobiologiya və İmmunologiya kafedrasında baş laborant vəzifəsində başlayıb. 2005-ci ildən kafedrada assistent, 2009-cu ildə baş müəllim, 2013-cü ildə isə dosent vəzifələrində çalışıb. 2011-2016-cı illərdə ATU-nun Tədris Terapevtik Klinikasının Mərkəzi Laboratoriyasının müdiri, 2013-2016-cı illərdə həmin Klinikanın baş həkimi vəzifələrində fəaliyyət göstərib.
O, bu vəzifəyə təyin olunanadək Talassemiya Mərkəzi publik hüquqi şəxsin elmi işlər üzrə direktor müavini çalışıb. Hazırda ATU-nun Mikrobiologiya və immunologiya kafedrasının dosenti vəzifəsində işləyir. “Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri” İctimai Birliyinin təsisçisi və sədr müavinidir.
R.Bayramlı çoxsaylı tibbi məqalələrin, dərs vəsaitlərinin və dərsliyin müəllifidir. O, İstanbul və Ondokuz Mayıs Universitetlərində elmi-tədqiqat işlərini yerinə yetirib, ixtisasartırma kursları keçib.
Qeyd edək ki, Prezident İlham Əliyev 2018-ci il dekabrın 20-də ölkədə icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi məqsədilə agentliyin nəzdində TƏBİB-in yaradılması haqqında fərman imzalayıb.
2020-ci ildən TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin təsisçisinin səlahiyyətlərini, idarəedilməsini və bu sahədə nəzarəti TƏBİB həyata keçirəcək.
TƏBİB beynəlxalq təcrübəni nəzərə almaqla, tabeliyində olan tibb müəssisələrinin idarəedilməsinin təkmilləşdirilməsi, fəaliyyətinin optimallaşdırılması, habelə daha səmərəli idarəetmə üsullarını tətbiq edərək əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməyə çalışacaq.