471
17:41
26 Noyabr 2019

Şəhid ailələrinə və qazilərə yeni mənzillər verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Abşeron rayonu, Məmmədli kəndində yeni yaşayış binalarından alınmış daha 100 mənzili şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edib.

Nazirlikdən Lent.az -a bildirilib ki, mənzillərin sənədlərinin təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev iştirak edib.

Nazir müavini diqqətə çatdırıb ki, 2018-ci ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilib: “2019-cu ildə isə şəhid ailələrinə, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan vətəndaşlara 934 mənzil verilməsi nəzərdə tutulub. Onlardan artıq 486 mənzil və fərdi ev verilib. Qalan mənzil və fərdi evlərin də cari ilin sonuna qədər verilməsi təmin ediləcək”.

A.Əliyev bununla da indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7140 mənzil və fərdi evin verildiyini, qarşıdakı dövrdə də bu istiqamətdə tədbirlərin davam edəcəyini bildirib. O, eyni zamanda, 2018-ci ildə 265 müharibə əlilinə nazirlik tərəfindən avtomobil verildiyini, cari ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsinin nəzərdə tutulduğunu, onlardan bu il artıq 427 avtomobilin təqdim edildiyini deyib.

Nazir müavini indiyədək 6400-dək minik avtomobilinin müharibə əlilləri və onlara bərabər tutulan vətəndaşlara verildiyini qeyd edib.