Dahi Cəfər Cabbarlının Xızıdakı ev-muzeyi əsaslı təmir olunur
11 oktyabr 2019 09:46 (UTC +04:00)

Dahi Cəfər Cabbarlının Xızıdakı ev-muzeyi əsaslı təmir olunur

 

 

 

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəfər Cabbarlının Xızıda fəaliyyət göstərən ev-muzeyində əsaslı təmir-bərpa işləri görülür.

 

Lent.az Mədəniyyət nazirliyinə istinadən xəbər verir ki, təmir-bərpa işlərinə sentyabr ayının əvvəlindən başlanılıb. Tikinti işləri zamanı zərər görməməsi üçün qoruyucu şüşəbəndin içərisində yerləşən evin üzəri örtüklə bağlanıb. Təmir işləri zamanı görkəmli dramaturqun yaşadığı evin özündə dəyişiklik edilməyəcək. Əsas iş qoruyucu şüşəbəndin daha müasir formada tikilməsi, muzeyin həyətində yeni inzibati otaqların inşası, istilik, işıqlandırma və təhlükəsizlik sisteminin qurulmasıdır.

 

1899-cu il martın 20-də dünyaya göz açan Cəfər Cabbarlı 2 yaşına kimi bu evdə yaşayıb. Üç otaqdan ibarət birmərtəbəli ev görkəmli dramaturqun həyat yoldaşı Sona xanım Cabbarlının təşəbbüsü ilə 1956-cı ildə ictimai əsaslarla ev-muzeyi kimi fəaliyyətə başlayıb. 13 ildən sonra muzey kimi qeydiyyata alınıb.

 

1999-cu ildə böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının 100 illiyinin qeyd edilməsi ilə əlaqədar muzeydə yenidənqurma işləri aparılıb, ətrafına qoruyucu şüşəbənd çəkilib. Həmin il Xızı şəhərinin mərkəzində Cəfər Cabbarlının möhtəşəm heykəli ucaldılıb.

 

Burada qorunan eksponatların əsasını Cəfər Cabbarlının ailəsinin məişətdə işlətdiyi əşyalar, yazıçının kitabları, səhnəyə qoyulan əsərlərindən fotoşəkillər, arxiv sənədləri və müxtəlif mətbuat orqanlarında çap edilən məqalələri təşkil edir. Muzeydə, ümumilikdə, 520 eksponat saxlanılır.

 

 

# 1053
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar