179
11:41
03 İyun 2019

Taxoqrafdan istifadə qaydalarını pozan əcnəbi sürücülərə tətbiq ediləcək sanksiya açıqlanıb

Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici avtonəqliyyat vasitəsində taxoqrafdan istifadə qaydaları pozulduqda, həmin avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisi ilə sonrakı hərəkətinə yalnız həmin nöqsanlar aradan qaldırıldıqdan sonra yol veriləcək.
ONA -nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqraflarla təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət Qaydası”nda əksini tapıb.
Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrin tələbləri xarici avtonəqliyyat vasitəsinin sürücüsü tərəfindən pozulduqda, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həmin sürücünün yaşayış yeri üzrə və ya işlədiyi müəssisənin yerləşdiyi ölkənin səlahiyyətli orqanına rəsmi məlumat verir. Sazişin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarının həyata keçirilməsi qaydalarını mütəmadi pozan xarici daşıyıcılar barədə tədbirlərin görülməsi üçün nazirlik həmin daşıyıcının təmsil etdiyi ölkənin səlahiyyətli orqanına müraciət edir. Normativ sənədlərin tələblərinə cavab verməyən taxoqraflarla təchiz olunmuş avtonəqliyyat vasitələrinin idarə edilməsinə yol verilmir. Azərbaycan Respublikası ilə digər dövlət arasında rəqəmsal taxoqraflar olmadan avtonəqliyyat vasitələri ilə daşımalar barədə razılaşma olduqda, həmin ölkələrə beynəlxalq daşımaları həyata keçirən avtonəqliyyat vasitələrində rəqəmsal taxoqraflardan istifadə olunması tələb olunmur. Bu halda cari və əvvəlki 28 təqvim günü üçün sürücünün iş və istirahət vaxtını əks etdirən qeyd vərəqinin (taxoqramın) və ya qeydiyyat kitabının məlumatları yoxlanılır.
Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını təşkil edən şəxslər və yerinə yetirən sürücülər müvafiq daşımaların taxoqraf olmadan, habelə taxoqrafın yoxlanması haqqında şəhadətnamə və ya müvafiq möhür olmadan, yaxud yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş, tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla, taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Yük avtomobilləri və ümumi istifadədə olan avtonəqliyyat vasitələri ilə beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımaları yerinə yetirən sürücülər iş və istirahət rejiminə riayət edilməməsinə görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.