6168
10:54
01 Aprel 2019

Narkotikə qurşanan azərbaycanlı müğənni KÖMƏK İSTƏYİR: “Ölmək istəmirəm”

Əməkdar artist Rəhman Rəhmanovun oğlu, müğənni Emil Rəhmanov zərərli vərdişlərə qurşanması barədə danışıb.

Lent.az -a açıqlama verən ifaçı bildirib ki, bu zərərli vərdişlərdən qurtulması üçün 20 min manata ehtiyac var:

“Bu, elə xəstəlikdir ki, onun müalicəsi Azərbaycanda yoxdur. Prodüser Tolik də mənə dəstək oldu. Söylədi ki, Emilə dəstək olub, onu Almaniyaya göndərmək lazımdır. Bu xəstəliyin birdəfəlik müalicəsi var. Mən kasıb oğlanam. Efirdə çıxıb deyə bilmərəm ki, mənim evim, pulum, nələrim yoxdur. Hər gecə yatanda Allaha dua edirəm ki, bir insan çıxsın, mənə maddi kömək etsin, bu xəstəlikdən azad olum. Minimum 1 ay Almaniyada qalmalıyam. Orda elə dərmanlar var ki, o insanı 20-30 il saxlaya bilir. Bundan sonra nə qədər yaşaya bilərəm ki? Tam 20 min manat olsa, bu xəstəlikdən azad olaram. Müalicə olunub qayıtsam, övladımı da qucağıma ala bilərəm. Açığı, övladımı da bu xəstəlikdən əziyyət çəkdiyimə görə mənə göstərmirlər. Mən yaşamaq istəyirəm. Mən də bütün valideynlər kimi uşağımı qucağıma almaq istəyirəm. Onun qayğısına qalmaq istəyirəm. Bir səhv edib düşmüşəm bu yola. Ölmək istəmirəm. Öz balamdan gizlənə-gizlənə yaşamaq istəmirəm”.

E.Rəhmanov bildirib ki, zərərli vərdişlərdən istifadə etdiyinə görə, özünü bağışlaya bilmir:

“Mənim həyatda peşmançılığımın bir səbəbi var. Həyatımı pis tərəfə dəyişən narkotik oldu. Elə peşman olmuşam ki... Sonrakı peşmançılıq fayda verməz, sözü mənim üçün deyilib. Buna görə adıma ləkə gəldi. Ad elə bir şeydir ki, çalışmaq, ona ləkə gətirməmək lazımdı. Lazımsız vərdişin üzündən həbslərə düşdüm. Hansı ki, sənətimlə məşğul olsaydım, bu gün yaxşı yerlərdə olardım. Bu yeganə şeydir ki, qəbir evinə qədər özümü bağışlamayacam. Pis vərdişə qurşandığıma görə Allah məni bağışlaya bilər. Amma özüm-özümü bağışlaya bilmirəm”.