3 nəfərin ölümünə səbəb olan sürücü həbs edildi
21 dekabr 2019 15:56 (UTC +04:00)

3 nəfərin ölümünə səbəb olan sürücü həbs edildi

Yevlaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Baş Prokurorluqdan Lent.az-da daxil olan məlumata görə, hadisə dekabrın 18-də saat 18:00 radələrində Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Yevlax rayonu ərazisində baş verib. Gəncə şəhər sakini Tural Nəbizadənin idarə etdiyi “Hyundai” markalı avtomobil Goranboy rayon sakini Elman Musəvinin idarə etdiyi “Mitsubishi Lancer” markalı avtomobillə toqquşub. Nəticədə “Mitsubishi Lancer”-in sürücüsü və həmin avtomobildə olan sərnişinlər – 44 yaşlı Cəlal Rüstəmov və 52 yaşlı İlqar Namazov dünyasını dəyişib.

Faktla əlaqədar Yevlax rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisənin şahidləri müəyyən edilərək dindirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Aparılan istintaqla hadisənin T.Nəbizadə tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1348

Oxşar yazılar