Menengiomadan əziyyət çəkən 40 yaşlı Ruvimbo Kaviya endoskopik transorbital yanaşma ilə unikal əməliyyat keçirən ilk xəstə olub.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bu üsul Lids NHS tədris xəstəxanaları cərrahlarına kəllə sümüyünün mürəkkəb və riskli manipulyasiyasına ehtiyac olmadan mağara sinusdan - beynin altındakı və gözlərin arxasındakı bölgədən bir şişi çıxarmağa imkan verib.
Əvvəllər bu cür şişlərin əməliyyatı mümkünsüz hesab olunurdu, ya da qıcolma və ya geri dönməz beyin zədələnməsi kimi ciddi risklərlə müşayiət olunan mürəkkəb prosedurlara ehtiyac yaranırdı. Bununla belə, britaniyalı cərrahların innovativ üsulu əvvəllər sağalmaz hesab edilən şişlərin müalicəsində yeni üfüqlər açıb.
Ruvimbo 2023-cü ildə dözülməz baş ağrılarından şikayət edərək həkimlərə müraciət edərkən diaqnoz qoyulub. "Ağrını üzümdə elektrik cərəyanı zərbəsi kimi hiss edirdim, yemək yeyə, dişlərimi fırçalaya və hətta dərimə toxuna bilmirdim", - qadın deyib.
Sonradan ona bir yox, iki şiş diaqnozu qoyulub və bu, vəziyyəti daha da mürəkkəbləşdirib.
Ailəsinin qorxularına və yeni texnika ilə bağlı risklərə baxmayaraq, Ruvimbo əməliyyat keçirməyə qərar verib. Nəticə gözləntiləri üstələyib: xəstə əməliyyatın ertəsi gün ayağa qalxıb və bir neçə gün sonra evə gedə bilib.
Yeganə yan təsirlər kiçik çapıq və müvəqqəti ikiqat görmə olub.
Bu uğur təkcə Britaniya təbabəti üçün deyil, həm də qlobal neyrocərrahiyyə üçün mühüm addımdır. Yeni üsul əvvəllər sağalma şansları cüzi olan beynin çətin əldə edilən nahiyələrində şişləri olan bir çox xəstələr üçün xilasedici ola bilər.