Dünyanın harasında olmağınızdan asılı olaraq aylıq internet haqqınız çox fərqli ola bilər. Bəzi ölkələr cəmi bir neçə dollara internet təklif edir, digərlərində isə sabit əlaqə yüzlərlə dəfə baha başa gələ bilər.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, yeni araşdırma ilə genişzolaqlı internetin ən bahalı və ucuz olduğu ölkələr müəyyənləşib.
Sakinlərin ev internetinə ən çox pul xərclədiyi ölkə Sakit okeanın cənubundakı arxipelaq olan Solomon adalarıdır. Orada orta bağlantı dəyəri ayda təxminən 457,84 dollardır.
Müqayisə üçün qeyd edək ki, orta qlobal internet qiyməti ayda təxminən 56 dollar, Okeaniya regionunda isə 105 dollar civarındadır.
Ən bahalı internet
• Solomon adaları - ayda 457 dollar;
• Burundi - ayda 304 dollar;
• Terks və Kaykos adaları - ayda 202 dollar;
• Virgin adaları - ayda 189 dollar;
• Bermud adaları - ayda 185 dollar.
Spektrin digər ucunda internetin ən ucuz olduğu ölkələrdir. Sudan ayda orta hesabla 2,40 dollar dəyərində liderlik edir. Ondan sonra Argentina (5,17 dollar) və Belarus (7 dollar) gəlir.
Misirdə orta aylıq internet paketi 8,31 dollardır.
İnternet sürətinə görə reytinqdə ilk üç yeri Sinqapur (324,92 Mbit/s), Birləşmiş Ərəb Əmirlikləri (310,05 Mbit/s) və Honq-Konq (305,71 Mbit/s) tutub.