Ötən ilki daşqınların nəticələri ilə əlaqədar Valensiyada 50.000-dən çox insan Generalitat (dövlət orqanı) prezidenti Karlos Masonun istefasını tələb edərək etiraz aksiyasına çıxıb.
Lent.az xəbər verir ki, bu barədə “Pais” qəzeti Valensiyadakı hökumət nümayəndələrinə istinadən məlumat yayıb.
"Valensiya muxtar icmasında keçirilən mitinqə 50 mindən çox insan qatılıb.
Əvvəlki hallarda olduğu kimi, tədbir 200-dən çox ictimai, sosial və sol yönümlü həmkarlar ittifaqı təşkilatını, eləcə də “Dana” fırtınasının qurbanlarının assosiasiyalarını və yerli fövqəladə hallar və bərpa komitələrini (CLER) bir araya gətirib", - məlumatda deyilir.
Qəzetin məlumatına görə, etirazçılar Valensiya hökumətinin (Generalitat) prezidenti Karlos Masonun istefasını tələb ediblər.
Etiraz, ötən il baş vermiş və 229 nəfərin həyatına son qoymuş təbii fəlakətlə yerli hakimiyyətin necə mübarizə aparmasından Valensiya sakinlərinin narazılığı ilə bağlıdır.