Ermənistanın paytaxı İrəvanın mərkəzində bir neçə nəfərin “Qarabağ” mahnısı oxuduğu video yayılmışdı. Həmin görüntüləri yayan Qərib Babayan ötən gün saxlanılıb.
Lent.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumata görə, o, nifrət təbliğ etməkdə ittiham olunub.
Lakin məhkəmə erməni alimin həbsi ilə bağlı vəsatəti rədd edib. Babayanın saxlanılması eyni zamanda qısamüddətli etirazlara, yolun bağlanmasına da səbəb olub.
Erməni mətbuatının digər məlumatında isə qeyd olunub ki, Azərbaycan mahnısının oxunmasına görə İran vətəndaşı 40 yaşlı Milard Vahid də saxlanılıb.
Erebuni polis şöbəsinə aparılan Vahid, Tiqran Mets prospektində ictimai asayişi kobud şəkildə pozmaqda, cəmiyyətə hörmətsizlik etməkdə, həmçinin şəhər avtobusunda nalayiq hərəkətlər etməkdə ittiham olunub.
***
30 yanvar
Saat 23:40
Ermənistan mediası İranda yaşayan azərbaycanlılardan bir qrupunun İrəvana səfər zamanı mərkəzi meydanda "Qarabağ" mahnısı oxumalarının görüntülərini yayıb.
Lent.az-ın məlumatına görə, Ermənistan mediası bu görüntünü "bir qrup İran azərbaycanlısının informasiya təxribatı" adlandırıb.
Onlar yazıblar ki, azərbaycanlılar İrəvanın Respublika meydanında Qarabağ haqqında mahnı oxuyub və videomaterial yayıblar.
Bu hadisəyə hüquq-mühafizə orqanlarının aydınlıq gətirəcəyi də qeyd olunub.