Bir çox insanlar payız aylarında daraqlarında daha çox tökülmüş saç görürlər.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, mütəxəssislər deyirlər ki, əksər hallarda bu, mövsüm dəyişikliyinə orqanizmin tam normal reaksiyasıdır.
“Orta hesabla başımızda təxminən 100 min saç olur və onların təxminən 10 faizi daim tökülür”. Lakin ətraf mühitin dəyişməsi, məsələn, temperaturun enməsi, saçların böyümə dövrünə təsir göstərə bilər. Məhz bu səbəbdən soyuq aylarda saç tökülməsi artır.
Mütəxəssislər bu halı mövsümi saç tökülməsi adlandırır və onun təxminən sentyabrdan etibarən başladığını qeyd edirlər. İnsan saçının aydın şəkildə müəyyən olunmuş böyümə fazaları var. Son fazalarda köhnə saçlar tökülür və yenilər üçün yer açılır. İlk üç faza anagen, katagen və telogen saçın böyüməsi və yetişməsini, həmçinin ayrı-ayrı saçları istehsal edən follikulların aktivliyini əhatə edir.
“Hər bir saç follikulunun öz zaman şkalası var, yəni təxminən bir il ərzində hər follikul öz funksiyasını yerinə yetirməyə başlayır. Dövr sona çatdıqda follikul kiçilir və telogen adlanan istirahət mərhələsinə keçir”.
Amma mövsümi saç tökülməsi zamanı müəyyən sinxronluq müşahidə olunur, yəni saçların daha böyük bir hissəsi eyni anda böyüməni dayandırır. Tədqiqatçılar hesab edirlər ki, mövsümi saç tökülməsi yay dövrü ilə bağlı bəzi məqamlarla da əlaqəli ola bilər. Məsələn, yayda orqanizm D vitamini təsirinə daha çox məruz qalır və temperatur aşağı düşdükdə bu, saçların daha çox tökülməsinə səbəb ola bilər. Lakin yaxşı xəbər odur ki, mövsümi saç tökülməsi nisbətən qısamüddətlidir təxminən üç ay davam edir və siz heç vaxt çox böyük həcmdə saç itirmirsiniz.
Mövsümi saç tökülməsini minimuma endirmək üçün isə mütəxəssislər balanslaşdırılmış, zülal baxımından zəngin qidalanmanı məsləhət görürlər ki, bu da qışda saçlara əlavə dəstək verir. Qida maddələrinin çatışmazlığı da saç tökülməsinə səbəb ola bilər.