Satan narazı, alan narazı:  Bakı bazarlarında nə baş verir?- REPORTAJ
27 aprel 2021 16:24 (UTC +04:00)

Satan narazı, alan narazı: Bakı bazarlarında nə baş verir?- REPORTAJ

Belə bir deyim var: “Satan razı, alan razı”. Amma bu gün bazarlardakı vəziyyətə aid deyil bu sözlər. Nə satan razı deyil, nə də alan. Qiymətlər od tutub yanır...

“Hansı piştaxtaya yaxınlaşıram qiymətlər əl yandırır. Mövsümdü, adam istəyir alça, çiyələk ala. Amma bazarı fırlanıb bir-iki kiloqram  başqa meyvə alıb gedirəm evimə. Büdcəm buna imkan verir çünki”.

Bazarda bu halla qarşılaşan təkcə Nəsibə xanım deyil. Bazara girən hər kəs narazı çıxır ordan. Bu günlərin mövsümi meyvələri sayılan alça, çiyələk, şaftalı və ərik artıq bazarlarda piştaxtaları bəzəməyə başlayıb. Amma alıcılar kimi bazarın daimi sakinləri - satıcılar da narazıdır. Bəs, nədən?

“Ötən illə müqayisədə alıcı sayı azalıb. Alıcı yoxdu.  Bu pandemiya hər sahəyə təsir etdiyi kimi bizim bazarı da öldürüb”.

Ramin Seyidov artıq 6 ildir ki, bazarda meyvə-tərəvəz satışı ilə məşğuldur. Əslində qiymətlər münasibdir deyir.

“Yəni mövsümi meyvə neçəyə olmalıdır ki? Aprel ayıdır. Ən çox tələbat duyulan meyvələrin qiyməti həmişə baha olur. Məhsulumuz da yerlidir. Xaricdən gələn ekzotik meyvələrdir. Məsələn, şaftalı 8, İrandan gələn qarpız 1 manat 50 qəpik, yemiş isə 4 manatdır”.

Satıcı Ramin onu da qeyd edir ki, alıcılar daha çox çiyələk, göyçə, şaftalı, ərik, əzgil meyvələri alır.

“Yerli məhsullarımızdan Göyçaydan gələn göyçə 7, Şəmkirdən gələn çiyələk 4, Cəlilabaddan gələni isə 3 manatdı”.

Bəs, qarşıdan gələn Ramazan bayramında qiymətlər necə olacaq? Bahalaşma gözlənilirmi?

Bu suala da fərqli cavablar aldıq. Belə ki, Ramin Seyidov deyir ki:

“Bayramqabağı qiymətlərdə də dəyişiklik gözlənilir. Cüzi miqdarda artım olacaq”.

Satıcı Mürvət Babaşov isə qiymətlərdə dəyişiklik olmayacağını deyir.

“Elə indi gördüyünüz qiymətlər də qalacaq. Alıcı yoxdur onsuz da. Niyə qiymət qalxsın? Yerli alça xırdadır. Qiyməti də 5-6 manata olur. İri alçalar İrandan gəlir. Qiyməti 19 manatdır. Amma alıcı qıtlığı yaşayırıq”.

Alıcı İlqar Əzizov bayrama xüsusi hazırlıq görməyəcəklərini deyir:

“Bayramda kimin gücü nəyə çatır onu da alır. Olanımızdan süfrəmizi açıb bayramı qeyd edəcəyik. Xüsusi bir hazırlıq görməyəcəyik. Hazırda bazarda ən ucuz meyvə almadı. Biz də alma və banadan başqa heç nə almırıq. Qiyməti 50 qəpikdən 3 manata qədər dəyişir”.

Ramazan ayında eləcə də bayramda ən çox üstünlük verilən nemətlərdən biri də xurmadır. Satıcılar müxtəlif növləri təqdim olunan xurmanın bayramda qiymətində dəyişiklik olmayacağını deyir:

“Xurmanın qiyməti 4 manatdan başlayır. Bağdad xurması 4, İrandan gələn 5, Mədinə xurması 13 manatdır. Qiymətlər elə eynidir. Qalxmayıb. Bayramda da qaldırmaq fikrimiz yoxdur. Tələbat yoxdur.

Alıcı Lalə Nuriyeva deyir ki, bazarda qiymətlər qaneedicidir:

“Marketlərlə müqayisədə bazarda qiymətlər yaxşıdır. Mən özüm oruc tuturam. İftar süfrəmə xurma almağa gəlmişəm. Büdcəmə uyğun qiymətə olanından alacam”.

Hə, qiymətlər bahadır. Alıcılar piştaxtalara yaxınlaşıb meyvələrdən dadır, daha sonra uyğun qiymətə olan başqa bir meyvə alıb gedirlər. Satıcılar deyir ki, bu meyvələr novbar olduğundan bahadır. 10-15 günə onların qiymətinin düşəcəyi gözlənilir.

Bazardan reportaj

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11316
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar