Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Gəncə şəhər sakini Ləman Namazovanın keçmiş həyat yoldaşının döyməsi ilə bağlı şikayətinə baxılmaması barədə məlumat dərc edilib.
DİN mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Lent.az-a bildirib ki, L. Namazova ötən ilin dekabr ayında Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə müraciət edərək keçmiş həyat yoldaşı İlham Verdiyevin onu döyməsi barədə məlumat verib. Onun sözlərinə görə, müraciət ilə bağlı rayon Polis İdarəsinin əməkdaşları qanuna müvafiq tədbirlər görərək araşdırmalar aparıb, Cinayət Məcəlləsinin 128-ci maddəsi (Qəsdən sağlamlığa yüngül zərər vurma) ilə cinayət işi başlanılıb:
DİN mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov
"Cinayət işi baxılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilib. Araşdırmalar zamanı İlham Verdiyevin daha bir cinayət əməli aşkar edilib. Məlum olub ki, o, Cinayət Məcəlləsinin 157-ci maddəsi ( Mənzil toxunulmazlığını pozma) ilə təqsirli bilinib. Sözü gedən maddənin prokurorluğun səlahiyyətində olduğu üçün toplanan material Gəncə şəhər Prokurorluğuna göndərilib. Hazırda prokurorluqda cinayət işinin istintaqı yekunlaşaraq aidiyyəti üzrə məhkəməyə göndərilib. Tezliklə vətəndaşın şikayəti barədə məhkəmədə qanunamüvafiq qərar qəbul ediləcək".