Dörd nazirlə 25 il işləyən Politologiya məzunu - UNUDULAN MƏTBUAT KATİBLƏRİ
17 dekabr 2021 20:15 (UTC +04:00)

Dörd nazirlə 25 il işləyən Politologiya məzunu - UNUDULAN MƏTBUAT KATİBLƏRİ

Vaxtı ilə mətbuat katibi idilər. Bütün jurnalistlər onları tanıyır və işləri mediadan keçirdi. Bir vaxtlar onların saytlarda, qəzetlərdə açıqlamalarını oxuyardıq. İndi isə unudulanlar siyahısındadırlar. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır. İndi nə işlə məşğuldurlar?

Lent.az dövlət qurumlarının sabiq mətbuat katiblərinə həsr olunan layihəsini davam etdirir.

Layihəmizdə bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sabiq Mətbuat Xidmətinin rəhbəri Müşfiq Əmirovdan bəhs edəcəyik.

Müşfiq Vaqif oğlu Əmirov 23 sentyabr 1969-cu ildə Tərtər rayonunda dünyaya gəlib. O, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib.

Müşfiq Əmirov “Səs” qəzetində müxbir, Rabitə Nazirliyi Mətbuat və İnformasiya mərkəzinin rəisi vəzifələrində çalışıb.

O, həmçinin “Rabitə dünyası” qəzetinin baş redaktoru, nazir müşaviri, “Rabitə qəzeti” və “TC news” Elektron xəbər xidmətinin rəhbəri vəzifələrini də icra edib. 1997-ci ildə isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat katibi təyin olunub.

Sabiq mətbuat katibi jurnalistlərlə sıx əlaqədə və operativ olan mətbuat katibi kimi tanınıb. Hətta dövlət qurumlarının jurnalistlərə informasiya verməkdə qapalı olması ilə bağlı verilən suala belə cavab verib:

“Mətbuat katibi nazirliyin güzgüsüzdür. Ona görə də, ayna kimi şəffaf olmalıdır”.

Müşfiq Əmirov 4 nazirlə ( Nadir Əhmədov, Əli Abbasov, Ramin Quluzadə, Rəşad Nəbiyev) işləyib.
Sabiq mətbuat katibi “Tərəqqi” medalına, 18 dəfə nazirliyin Fəxri Fərmanına, 13 dəfə ictimai, qeyri-hökumət və beynəlxalq təşkilatlar tərəfindən müxtəlif diplom və sertifikatlara, bir neçə dəfə isə "İlin Mətbuat Katibi” adına layiq görülüb.

O, ”Heydər Əliyev və Azərbaycan rabitəsi”, İlham Əliyev - “Bizim siyasətimiz bizim işimizdir”  kitablarının müəllifidir.

25 ildir vəzifəsi mətbuat və ictimaiyyətlə əlaqələr üzrə rəhbər olan Müşfiq Əmirov, 2020-ci ildən bu günədək Sənədlərlə və müraciətlərlə iş şöbəsinin Vətəndaş müraciətləri iş sektorunun mudiridir.

1995-ci ildən YAP-ın üzvidir. Rus və ingilis dillərini bilir. Ailəlidir, 2 övladı var.

# 10347
avatar

Aytəkin Cəlali

Oxşar yazılar