40-dan çox ixtirası olan, iki dəfə Ombudsman seçilən qadın – UNUDULAN MƏMURLAR
01 noyabr 2023 18:05 (UTC +04:00)

40-dan çox ixtirası olan, iki dəfə Ombudsman seçilən qadın – UNUDULAN MƏMURLAR

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.

Layihəmizdə bu dəfə Azərbaycan Respublikasının sabiq İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovadan bəhs edəcəyik.

Süleymanova Elmira Teymur qızı 1937-ci il iyul ayının 17-də Bakı şəhərində anadan olub. 

O, 1944–1954-cü illərdə Bakı şəhərindəki 134 saylı orta məktəbdə oxuyub. 1955–1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirib. Həmin ildən AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda fəaliyyət göstərərək, laborant, kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb.

Elmira Süleymanova daha sonra Azərbaycan Elmlər Akademiyasının aspiranturasında təhsil alıb. 1968-ci ildə kimya elmləri namizədi, 1980-ci ildən kimya elmləri doktoru elmi dərəcəsi, 1970-ci ildə baş elmi işçi, 1988-ci ildə professorluq alıb.

Yeni kimyəvi maddələrin sintezi, alınması texnologiyası və tətbiqi sahələri üçün təklif etdiyi orijinal üsullar, həmçinin texnoloji proseslərin işlənməsi 260-dan çox elmi əsərində, 40-dan çox ixtirasında, patentdə, müəlliflik şəhadətnamələrində öz əksini tapıb.

O, Azərbaycanda BMT-nin iqtisadi və sosial şurası ilə xüsusi məsləhətçi statusu olan yeganə qeyri-hökumət təşkilatı — Azərbaycan Qadın və İnkişaf Mərkəzinin yaradıcısı eləcə də prezidentidir. 

Elmira Süleymanova 1980-ci ildən etibarən Azərbaycanda qadın hərəkatının inkişafında mühüm xidmətlər göstərib. O, 1996-cı ildə Tailandın paytaxtı Banqkok şəhərində, Çulalonqkorn Universitetində Qadın liderliyi üzrə hazırlıq keçib. 1990–1994-cü illərdə Ümumrespublika Azərbaycan Qadınlar Cəmiyyəti sədrinin müavini olub.

E.Süleymanovanın qurucusu və prezidenti, 2002-ci ildən isə Fəxri prezidenti olduğu Azərbaycan Qadın və İnkişaf Mərkəzi (AQİM) BMT-nin Qadınların İnkişafı üzrə Tədqiqatlar və Treninqlər İnstitutunun Azərbaycan üzrə təmsilçisi, həmçinin BMT-nin İqtisadi və Sosial Şurası ilə xüsusi məsləhətçi statusu alıb. 1994-cü ildə yaradılmış, 1995-ci ildə dövlət qeydiyyatından keçmiş mərkəz Azərbaycanda bu statusa layiq görülmüş yeganə qadın qeyri-hökumət təşkilatıdır. E.Süleymanova AQİM-in prezidenti olduğu illərdə 15-dən çox nüfuzlu beynəlxalq qurumun üzvü olub.

O, 2000–2002-ci illərdə UNICEF-in nəzdində Şərqi Avropa və MDB ölkələri Qeyri-Hökumət Təşkilatları Regional Komitəsində uşaq hüquqları üzrə milli koordinator seçilib.

E.Süleymanova 2001-ci ildə Azərbaycanda Ahıllar üçün ilk Resurs Mərkəzi yaradıb. 2 iyul 2002-ci ildə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) seçilib.

O, 5 mart 2010-cu ildə təkrarən yeni müddətə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) olub.

2015-ci ilin noyabr ayında Asiya Ombudsmanlar Assosiasiyasının vitse-prezidenti seçilib.

2 dekabr 2008-ci il tarixdə təsdiq edilmiş "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə" Konvensiyanın Fakültativ Protokolunun icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 13 yanvar 2009-cu il tarixli Sərəncamı ilə milli preventiv mexanizmin (MPM) funksiyalarını yerinə yetirən təsisat qismində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) müəyyən edilib.
 
Elmira Süleymanova 1997-ci ildən Nyu-York Elmlər Akademiyasının üzvüdür. 2015-ci ilin mart ayından YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının üzvüdür. 2016-cı ildə Beynəlxalq Bioqrafiya Mərkəzinin Fəxri Baş Direktoru və Beynəlxalq Ekoenergetika Akademiyasının üzvü seçilib.

# 5262
avatar

Arzu Qurbanlı

Oxşar yazılar