Yeni teleskop  böyük partlayışın sirrini açmağa yardımçı olacaq -VİDEO
27 fevral 2025 15:17 (UTC +04:00)

Yeni teleskop böyük partlayışın sirrini açmağa yardımçı olacaq -VİDEO

28 fevral tarixində NASA-nın unikal infraqırmızı kosmik teleskopu - SPHEREx-in kosmosa göndərilməsi planlaşdırılıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu teleskop 2 il ərzində bütün görünən kosmosu skan edəcək və ilk dəfə olaraq kainatın 102 fərqli rəngdə unikal xəritəsini yaradacaq. Bu rəng diapazonu indiyə qədər mövcud olan bütün görünən kosmos xəritələrindən xeyli genişdir. Bu məlumatlar kainatın təkamülü ilə bağlı bir çox suallara cavab tapmağa və Böyük partlayışın sirrini açmağa kömək edəcək. Kainat hələ də astronomların açmağa çalışdıqları saysız-hesabsız sirrləri gizlədir. Son tədqiqat zamanı alimlər solğun və qeyri-adi ultra-diffuz qalaktikaları araşdırarkən gözlənilməz bir kəşf ediblər

Lakin NASA-nın yeni teleskopu qalaktikaların mənşəyi, kainatın sürətli genişlənməsi və həyat üçün zəruri molekulların yaranması ilə bağlı suallara cavab tapmağa kömək edəcək. SPHEREx kosmik teleskopu ilk dəfə olaraq kainatı 102 fərqli rəngdə təqdim edəcək və bütün görünən kosmosun unikal xəritəsini yaradacaq. Bu teleskop 100 milyonlarla ulduz və qalaktikadan gələn işığı müşahidə edəcək, bu da Böyük partlayışdan başlayaraq kainatın təkamülünü daha yaxşı anlamağa kömək edəcək. NASA alimlərinin sözlərinə görə, bu cür detallı xəritə indiyədək heç bir teleskop tərəfindən yaradılmayıb.     

Teleskop, işığın dalğa uzunluğunun böyük məsafələrdən keçərkən necə uzandığını öyrənərək, qalaktikaların dəqiq yerləşməsini müəyyən edə biləcək. Nəticədə, 450 milyondan çox qalaktikanın mövqeyini əks etdirən unikal bir xəritə yaradılacaq. Bu xəritə kainatın ilkin genişlənməsi prosesi - kosmik inflyasiya modellərinin düzgünlüyünü yoxlamağa kömək edəcək. Kosmik inflyasiya Böyük partlayışdan dərhal sonra, cəmi bir neçə saniyə ərzində kainatın bir neçə septilyon dəfə böyüməsi prosesidir. Alimlər hesab edirlər ki, qalaktikaların gələcəkdə kainatda necə yerləşəcəkləri məhz bu qısa dövrdə formalaşıb.

Kosmik inflyasiya nəticəsində maddənin hansı qaydalarla paylandığını tədqiq etmək, kainatın sürətli genişlənməsinin əsas mexanizmini daha yaxşı anlamağa kömək edəcək. Əgər maddə kainatda təxminən eyni şəkildə paylanıbsa, bu, inflyasiya modelinin doğruluğunu təsdiqləyəcək. Bu modelə görə, inflyasiya prosesini fərz edilən inflaton hissəciyi və inflaton sahəsi idarə edib. Lakin maddənin qeyri-bərabər paylanması aşkar edilərsə, bu, kosmik inflyasiya zamanı kainatın genişlənməsinə bir neçə naməlum hissəcik və sahənin təsir etdiyini göstərə bilər.

Astronomlar SPHEREx teleskopu vasitəsilə mümkün olmayan bir şeyi etməyə çalışırlar - kainatın milyardlarla illik tarixi boyunca qalaktikaların yaydığı bütün işığı ölçmək. Bu işığı tədqiq etməklə, astronomlar kainatın müxtəlif dövrlərində necə göründüyünü müəyyən edə biləcəklər, çünki işıq zamanla daim dəyişib. Bundan əlavə, SPHEREx teleskopunun hələ məlum olmayan işıq mənbələrini də aşkar edəcəyi gözlənilir. NASA-nın yeni teleskopunun digər əsas məqsədi isə Süd Yolu qalaktikasında suyun və həyatın yaranması üçün vacib olan digər maddələrin miqdarını ölçməkdir. SPHEREx teleskopu su buzu və digər kimyəvi birləşmələrin paylanmasını öyrənəcək və onların harada daha çox cəmləşdiyini müəyyən edəcək. Bu məlumatlar həyatın potensial olaraq yarana biləcəyi planetlərin harada yerləşə biləcəyini daha yaxşı anlamağa kömək edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 366

Oxşar yazılar